İsrafilov ağır ittihamlara cavab verdi
Bilmirəm, bu iddialar nəyə görə ortaya atılır.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov xalq artisti İlham Əsgərovla vida mərasiminin Azdramda keçirilməməsi haqda Axar.az-a danışarkən deyib:
"Biz indi İlham Əsgərovun dəfn mərasimindəyik. İlham Əsgərovla vida mərasiminin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilməsinə qadağa qoymamışam, yayılan xəbərlər əsassızdır.
Bu tip məsələləri teatrın rəhbərliyi həll etmir. Günahı bizim üstümüzə atmaq doğru deyil. Mən indi bu suallara cavab vermək halında deyiləm, həll ediləsi 50 işim var”.
Xatırladaq ki, teatrın aktyorları ölkə.az-a bildirib ki, direktor İsrafil İsrafilov sənətkarla vida mərasiminin teatrda keçirilməsinə qarşı çıxıb.
Onu da deyək ki, artıq İ.Əsgərovla vida mərasimi başa çatıb. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazirin birinci müavini Ədalət Vəliyev, nazirliyin rəsmiləri, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, teatrın bədii rəhbəri - baş rejissoru Azərpaşa Nemət və başqaları iştirak edib.
Nazir müavini Ədalət Vəliyev nazirlik adından çıxış edib. O, xalq artistinin vəfatının Azərbaycan teatrı üçün ağır itki olduğunu deyib.
Vida mərasimi başa çatandan sonra İ.Əsgərovun cənazəsi qaldırılıb.
Mərhum Masallının Xoşçobanlı kəndində atasının yanında dəfn olunacaq.