OPEC-dən Azərbaycanı sevindirən neft bəyanatı

OPEC-dən Azərbaycanı sevindirən neft bəyanatı
Təşkilat neftin qiymətini bahalaşdırmaq üçün hasilatı bir az da azaldacaq

OPEC yaxın aylarda hasilatın daha da azaldılacağını gözləyir.

İstiPress-in məlumatına görə, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl Məhəmməd Fərəc əl-Mazrui deyib.
 
Onun sözlərinə görə, yanvar ayı ilə müqayisədə yaxın aylarda OPEC və ona üzv olmayan ölkələrin neft hasilatını azaltması ilə bağlı razılaşmasına daha çox əməl ediləcək.

Nazir "Reuters” agentliyinə müsahibəsində qeyd edib ki, müstəqil mənbələrdən aldığı hesabatlara görə, yanvar ayında razılaşmaya yaxşı əməl edilib.

Beynəlxalq Energetika Agentliyinin (İEA) hesabatına görə, yanvar ayında OPEC üzvləri neft hasilatını gündəlik 1 mln. barel azaldaraq öhdəliklərinə 90% əməl edib.

OPEC və təşkilata üzv olmayan dövlətlər 2016-cı il yanvarın 10-da neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib. Razılaşmaya görə, OPEC ölkələri hasilatı bir gündə 1,164 milyon barrel, üzv olmayan 11 ölkə isə 558 min barrel azaltmalıdır.

Öhdəlik götürmüş ölkə olaraq Azərbaycan bu ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub. Bunun 743,1 min barrelini xam neft, 50,8 min barrelini isə kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 50,8 min barrel kondensat, 24,2 min barrel isə neft məhsulları ixrac edilib.

Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Belə ki, Saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barrel təşkil edib.

OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını azaltmasından sonra Azərbaycan neftinin qiyməti xeyli bahalaşıb və 57 dollara çatır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az