Orduda ikinci “Tərtər faciəsi” təhlükəsi: ZABİTLƏR MÜXTƏLİF BƏHANƏLƏRLƏ HƏBS OLUNUR

Orduda ikinci “Tərtər faciəsi” təhlükəsi: ZABİTLƏR MÜXTƏLİF BƏHANƏLƏRLƏ HƏBS OLUNUR

Azərbaycanda "Tərtər İşi”nin yaratdığı faciəvi hadisənin üstü açılmamış, Orduya qarşı daha bir total hücumun ilkin əlamətləri görünməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, aprel döyüşlərindən sonra yüzlərlə hərbçini "erməni işləmək” adı altında işgəncədə keçirən bir qrup azğının və cinayətkarın cinayət əməllərinə hələ də doğru-düzgün hüquqi qiymət verilməyib.

Lakin bunun əvəzində Orduda yeni həbslərlə bağlı məlumatlar gəlməyə başlayıb. Belə ki, dövlət başçısı tərəfindən 2021-ci ildə Vətən Müharibəsində göstərdiyi rəşadətə görə, III dərəcəli "Rəşadət” Ordeni ilə təltif edilmiş kapitan, batareya komandiri İgid Mikayıl oğlu Məmmədov Hərbi Prokurorluq əməkdaşları tərəfindən mayın 28-də saxlanılıb.

Sayt hərbçinin ailə üzvlərinə istinadən xəbər verir ki, Hərbi Prokurorluq İgid Məmmədovu 2019-cu ildə baş vermiş hadisəyə görə saxlandığını bildirib. Onların bildirdiyinə görə, guya, Ordumuzun zabiti 2019-cu ildə hansısa hərbçinin növbədənkənar qısamüddətli məzuniyyətə getməsinə yardımçı olaraq, əsgərdən 150 manat rüşvət alıb. Bununla bağlı, Hərbi Pprokurorluq 2020-ci ildə cinayət işi açdığını, amma 2021-ci ilin 28 may tarixində həbs prosesini həyata keçirdiyini açıqlayıb. Hazırda İgid Məmmədova CM-in 311.1-ci maddəsi ilə cinayət işi açılıb.

Ailə üzvlərinin deyir ki, Hərbi Prokurorluq İgid Məmmədovu guya, cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətdiyi və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olduğu, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığını iddia edib. "Düşünürük ki, Vətən Müharibəsi zamanı igidlik göstərmiş günlərlə ac susuz qalmış Vətən Övladı olan İgid Məmmədov törətmədiyi cinayətə görə heç zaman istintaq orqanının çağırışından yayınmaz. Vətən çağıran zaman canından keçmək bahasına düşmənin 2 döyüş tankını məhv edən hərbi qulluqçumuz heç vaxt istintaqın çağırışndan da yayınmaz. Eyni zamanda qeyd edirik ki, indiki vaxta qədər tabe olduğu komandanlıq vasitəsilə İgid Məmmədov istintaqın çağırışlarına vaxtlı-vaxtında gəlmişdir”.

Xatırladaq ki, Məmmədov İgid Mikayıl oğlu 17 yanvar 1990-cı ildə Zaqatala rayonu, Yengiyan kəndində doğulub. Hazırda N saylı hərbi hissədə batareya komandiri vəzifəsində çalışır.

Qeyd edək ki, son günlər təkcə, İgid Məmmədovun deyil, daha neçə-neçə hərbçimizin müxtəlif bəhanələrlə Hərbi Prokurorluq tərəfindən saxlanıldığı barədə məlumatlar var. JAMAZ.İNFO-ya daxil olan məlumatlarda deyilir ki, bu prosesi bir qrup hərbçinin təqdimatı əsasında həyata keçirirlər. Onlar özlərinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun adamları kimi təqdim edir, saxlanılan hərbçilərdən "cinayət əməli törətdiyini etiraf etməsini” tələb edir, onlardan ediləcək şikayətə kimsənin baxmayacağını bildirirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, hələ 2017-ci ildə "Tərtər işi” adı ilə tanınan hərbçilərin işgəncələrə məruz qalması, 7 hərbçinin həmin işgəncələrdən dolayı vəfat etməsi qalmaqalı davam edir. Həmin prosesə hüquqi qiymət verilmədiyi, bu işin məqsədli şəkildə Ordunun gözdən salmaq üçün həyata keçirildiyinə dair əsaslı şübhələr olduğu bir halda, eyni prosesin təkrarlanmasının dərhal qarşısı alınmalıdır. Əks təqdirdə, bu Vətən Müharibəsində canı və qanı hesabına qələbə qazanmış Ordumuzun ciddi şəkildə nüfuzdan düşməsinə, habelə onun inamının sarsılmasına gətirib çıxarar ki, bu da Azərbaycana deyil, düşmənin mənafelərinə xidmət etmək olar. Hakimiyyət məsələyə dərhal müdaxilə etməli, ikinci "Tərtər faciəsi”nin yaşanmasına imkan verməməlidir. Eyni zamanda, cəmiyyət də prosesə susmamalıdır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az