QIZIL GÜL ƏTİRLİ SİLLƏ

QIZIL GÜL ƏTİRLİ SİLLƏ

Taleh Mansur

 Səhər açılırdı… Şəhər qış günəşinin yorğun, buludların arxasından arabir boy göstərən şəfəqlərinə qızınmağa çalışır, buz tutmuş əllərini günəşə sarı uzadırdı. Şəhərin boş küçələri insanların və maşınların səs-küyü ilə dolmağa başlıyırdı. Heybət gözlərini açıb yerində hərəkətsiz dayandı. Gözünü tavana zillədi. Ona elə gəldi ki, neçə gündür yatır.Bəzən günlərlə  saçlarına həsrət qalan balışı belə ondan bezib. Əlini uzadıb çarpayının altından mobil telefonunu götürdü. Telefonda sonuncu göndərilən zəngintarixi “04:07” idi. Beynində dolaşan qarışıq fikirlərin sərxoşluğuna söykənib belə nəticəyə gəldi ki, sadəcə, üç saat yatıb. Yerindən qalxdı, hamam otağına keçib, güzgünün önündə dayandı. İri  gözləri göz yaşalarının gətirdiyi yuxuzluqdan şişmişdi; gözləri qan çanağına dönmüşdü. Yanaqları selin gətrdiyi fəlakətin yaratdığı tablo kimi solğun idi. Dodaqlarında mürgülü sözlərin izləri yatırdı. Güzgüdə öz əksi ən böyük eybi kimi göründü ona .Krantı açdı, suyu ovuclayıb saralmış üzünə vurdu.Soyuq su üzünə dəydikcə soyuq ruhuna kimi işliyirdi. Əl-üzünü yuyub yataq otağına keçdi,əyin başını düzəltdi... Yemək yeməyə heç iştahası yox idi.Bir stəkan acı çayın acısını bir parça qəndlə şirin edib başına çəkdi. Dərsə getmək fikri yox idi. Artıq neçə gün idi ki, dərsləri buraxmalı olmuşdu. Hər dəfə isti auditoriyada  soyuq baxışları görmək ona əzab verirdi. Artiq dörd ay idi ki, dörd il sevdiyi Əsmərlə ayrılmışdı.Ayrılıq Heybətə elə təsir etmisdi ki, o  yaxınlarından da qaçırdı.Dostları belə onu tapmaqda çətinlik çəkirdi. Ona elə gəlirdi ki, o yaxınlarına və dostlarına güzgüdə özünə göründüyü kimi eyibli görsənəcək.

 Hər gecə Heybət Əsmərgilin kirayə qaldığı evin pəncərəsinin önünə gələr, saatlarla pəncərədən süzülən solğun işığın bəxş etdiyi əzabdan zövq alardı.Çox vaxt Əsmərin pəncərəsində işığı gecədən xeyli keçmişə kimi yanardı. Sankı pəncərənin qarşısında bəlalarına keşik çəkən Heybətə “ayıq ol” deyirdi. Hətta hər dəfə gedərkən özüylə fənəri olan qırmızı(Əsmər qırmızı rəngi çox sevirdi) alışqan aparardı və həmin alışqanı ordan ayrılıb evə gələndə oradaca yandırıb gələrdi. Sanki, bununla Əsmərin pəncərəsinin qarşısının zülmətdən qorxmasını istəmirdi. Bəzən elə olurdu ki, otağın işıqları çox tez keçərdi. Ona görə yox ki, Əsmər tez yatardı, ona görə ki, ev sahibəsi  onun otağında səhərəcən yanan işığa görə şikayətlənirdi.

Heybət nə qədər dolaşdı hec özu də bilmədi. O zaman özunə gəldi ki, dəniz sahilindədir. Havanın soyuq olmasına baxmayaraq, sahildə gəzişən sevgililər  çox idi. Sahildə dolaşan sevgililər xəzrinin qılınc kimi kəsən sazağında gilavar havası kimi dolaşırdılar. Dəniz sevgilərin sevincinə şahidlik edirdi. Hamının sevgisinə başı elə qarışmışdı ki, dənizin varlığı belə yadlarından çıxmışdı. Sahilin nəmişli havasına çiçək qoxusu yayılmışdı. Sahildən baxanda adama elə gəlirdi ki, təpənin başında qərar tutmuş şəhər adamlarının sahildə olub bitənlərdən heç xəbərləri yoxdur. Dənizin soyuq və sevgiylə yoğrulmuş nəfəsindən şəhəri cərgələnmiş şam və küknar ağacları qoruyurdu. Sahildən dənizin içinə doğru dalğaların zərbəsindən dağılmış uzun bir bənd uzanırdı. Bəndin qurtaracağında yarıyacan dənizə otrumus kohnə bir gəmi qərar tutmusdu. Bu xarabalığı xatırladan gəmi haqqında bir çox rəvayətlər dolaşırdı... Bu rəvayətləri də elə ən çox bu sahildə dolaşan sevgililər uydurmuşdular. Balıqçılar burada balıq tuturdu. Romantikanın ən yüksək həddinə varmaq istəyən və polislərdən qorxan bəzi sevgililəri də bu gəminin içində görmək olardı. Bu gəmi neçə sərt dalğaya və neçə şirin öpüşlər daman dodaqlardan qopan sevgi sözlərini qonaq edib, dinləmişdi.Heybət sürüşkən daşların üstündən ehtiyatla keçərək, gəmiyə tərəf gedirdi. Bir xeyli getdikdən sonra yarı dənizin ləpələrinin sığalı, yarıdalğaların yumruqları altında olan beton pilitənin yanında dayandı. Nəfəsini dərib, pilitənin üstündə oturdu.Bu beton pilitə ona  doğma idi Heybətə . Hələ bir il bundan qabaq-  elə burdaca, sevgisini həzin səsli ləpələrin müşayəti ilə Əsmərin qulağına  pıçıldamışdı. O vaxtlar hər ikisindən bu dağılmış bəndin nə olduğunu soruşan olsaydı, “cənnətimizdir!”- deyərdilər. Heybətin baxışları uzaqlara ünvanlanmışdı;o yerlərə ki, heç kəs baxışlarına əziyyət verib baxmazdı. Dənizin sahilə çırpdığı ləpələrdən qopan su damcıları Heybətin yanağında karvan kimi sıralanmış göz yaşlaırna qarışırdı. Bu karvanın sarvanı isə Əsmər idi. 

  Əlini qeyri-ixtiyarı qoyun cibinə saldı, kağıza bükülmüş bir neçə şəkil çıxardı. (Bu şəkiliHeybət xəstə olanda Əsmər göndərmişdi. Arxasına isə bu sözləri yazmışdı: “bu qızılgülü sən mənə almışdın, bildim ki, solub gedəcək, yadigar qalsın deyə əlimdə tutub şəklini çəkdim.Əlimlə qızılgülü dəyişik salma haa”. O vaxtdan ilyarım vaxt keçirdi. Dünən gecə Heybət həmin şəkildən bir neçə nüsxə çıxartmışdı). 

 Külək  şəkillərə hücüm çəkir, əlindən almağa çalışırdı. Heybət şəkilləri ən əziz oyuncağını itirmək qorxusu ilə üzbəüz dayanmış uşaq kimi sinəsinə basıb həzin-həzin ağlayırdı. Hər il hədiyyəsini Əsmərin əllərinə qovuşduran Heybət,  indi bunu edə bilmiyəcəkdi. Ona elə gəlirdi ki, insanı əzrayıl öldürür, əzrayılı sevgi. Belə anlarda Heybət möhkəm içərdi. Bilirdi ki, günah edir;  ona görə yox ki içmək günahdır, ona görə ki, içib Allahın  bəxş etdiyi  əzabı çəkməkdən boyun qaçırdırdı. Bəzən elə olur ki, günaha və içkiyə meyilli insanlar sonradan dönüb elə kamil-imanlı insanlar olur ki, gözünü açan gündən haqqı dərk edən insanlardan da daha çox Allahın ətəyindən yapışırlar. Bəzən də  düşüncəsinə günah və savab dolu bir təsəlli hakim kəsilirdi ; ona elə gəlirdi ki, Allah qiyamət günü öz bəndələrinə olan sonsuz sevgisindən bütün günahkar bəndələrinə rəhm edəcək və heç kimi cəhənnəmə göndərməyəcək. Və Allah bütün bəndələrini göz yaşı içində cənnətə yola salacaq.

Günortadan azacıq keçmişdi. Hava qaralmağa başlayırdı... Sanki günəş dünyanın bu üzündən bezib, o biri üzünə can atırdı... Heybət  qara paltosunun  yaxalığnı  qaldırıb küçə ilə gedirdi... Paltonun altından geyindiyi dar qara nazik köynəyi Heybətin cansız bədəninə sarmaşıq kimi sarılmışdı. Ayaqqabısının yanlarından corablarına su keçmişdi. Boz cins şalvarının balaqları quma bulaşmışdı. Saçı gözlərinin üstünə düşmüdü. Üzünü bir həftədən çox idi ki, qırxmırdı. Başı aşağı getdiyindən yalnız suya batmış bir cüt ayaqqabısından başqa heç nəyi görmürdü. Hündür qaməti azca qabağa əyilmişdi. Yenə hər gecə getdiyi məkana – Əsmərgilin qaldığı evin qarşısına gedirdi.Bunun üçün o iki marşurut dəyişməli idi.

Heybət uzun yolu şərab badəsi içirmiş kimi bir nəfəsə gəldi; artıq mənzil başına çatanda “sərxoş” idi. Əsmər beşmərtəbəli evin birinci mərtəbəsində, qoca bir qadının evində kirayədə qalırdı. Evin arxa tərəfi bağça idi.Heybət hər gecə gizlincə bu bağçaya gələr, bağçaya atılmış ayaqları olmayan kresloda oturub gözünü Əsmər yatan otağın pəncərəsinə zilləyərdi.Soyuq olmasına baxmayaraq, saatlarla səssizcə bu kresloda oturaradı. Heybət yenə binanın arxa tərəfinə keçdi, bir metrdən biraz hündür olan hasarı aşıb yenə öz yerində oturdu. Hava şaxtalı idi. Sulu qar yağırdı. Pəncərədən ətrafa zəif işıq süzlürdü.Biraz  sonra Əsmərin pəncərisndə işıq söndü. Heybət hərəkətsiz dayanıb yenə də pəncərəyə baxırdı... Hər tərəf qış gecəsinə xas açıq rəngli zülmətə bürünmüşdü.Heybət bu zülmətdən zövq alırdı. Bir anlıq düşündü  ki, ən böyük günahlardan biri, Allahın insanlara bəxş etdiyi gecəni insanların işığa qərq etməsidir; elə bu şəhər kimi.Onu qaranlıqda indi görən olsaydı, ruhuna kimi işləmiş sevgisinin gözlərinə sızmış işığını aydınlıqla sezə bilərdi. 

İnsan var xisləti böyük olur, gözü doymur daha çoxunu istəyir, beləsinə biz “acgöz”“həris”deyirik, insan var sevgidən doymur, qəlbi tutacağından daha çox sevmək eşqinə düşür. Elə həddə gəlib çatır ki, artıq qəlbinin  sevgi ilə dolduğunu zənn edir, amma qəlbinə ayrılılıq boyda “bomboş dünya”düşəndə qəlbinin boşluqlarından agah olur . İnsan da var ruhu boğulub cismini tərk edənə kimi sevgiyə qərq olur və yaşayır; sözün əsl mənasında yaşayır. Bütün dostlarından, yaxınlarından, ailəsindən qaçıb bir pəncərə önündəki zülmətə gizlənmiş Heybət çox gözəl bilirdi ki, Allah ən alçaq pillədə dayanmış bəndələrini belə öz yüksək nəzərləri ilə görür, amma sevgi ilə Allaha ucalanlara ən böyük mükafat olaraq, onlara hardan baxdığını agah edir.

Artıq düşünəcəyi nəisə qalmamışdı, getmək vaxtı idi. Heybət ayağa qalxdı. Paltosu su içində idi.Uzun saclarından yağış damcıları süzülürdü. Əlini qoyun cibinə atıb alışqanı çıxartdı. Nə fikirləşdisə alışqanı yenə qaytarıb cibinə qoydu.Paltosunun sol cibindən şəkilləri çıxardı və çoxdan cibində gəzdiriyi yapışqanı şəkilin araxasına çəkib, düz pəncərəinin önündəki ağaca yapışdırdı. İrəlidə dəmirdən düzəldilmiş maşın qarajları var idi. Heybət iki şəkili də eyni cür həmin dəmir qarajların divarlarına yapışdırdı. Biraz qabaqda, cığırın sol tərəfində başqa bir bağça var idi. Heybət əlləri əsə-əsə qızılgül kollarının ağuşuna aldığı həmin bağçanın dəmir hasarına yan-yana daha iki şəkil yapışdırdı. Əsas yola təpə ilə qalxan cığırın astanasında olan daş hasara digər şəkili yapışdırdı. Əsmərin pəncərəsinin qabağından əsas yola qalxan cığırı qızılgül tutmuş “yeddi əl” bəzəyirdi. Heybət sonuncu şəkili torpaq sürüşməsinin qarşısını almaq üçün vurulumuş beton pilitəyə vuranda əl saxladı, əyilib şəkilədən bir dəfə öpdü. Dodaqları şəkilə düşən yağış damcılarından islandı. Özü də hiss etmədən dizləri qatlandı, diz çökdü. Taqətsiz halda bir müddət şəkilə tamaşa etdi... Heybət düşünmək istiyirdi, amma şəkil bütün düşüncələrinin qarşısına sədd çəkmişdi; torpaq sürüşməsinin qarşısını almaq üçün tikilmiş bənd kimi.Gözlərinə gecənin zülməti və şəkildə “qızılgülü tutmuş ağ əllərdən” başqa heç nə görsənmirdi. Beynində sabah olacaqların ssenarisini qururdu... Onu bir neçə sual narahat edirdi: “Görəsən, Əsmər sabah bu şəkilləri görəndə neyniyəcək? Görəsən, Əsmər Heybətin bu addımını necə başa düşəcək? Görəsən, Əsmər biləcəkmi ki, bu Heybətin ona son “sevgililərin günü hədiyyəsidir”? Yoxsa bunu özünə qarşı qisas kimi başa düşəcək?..” Özünə onlarla sual verdi... Suallarını cavabsız, şəkilləri sahibsiz qoyub tez geriyə-evə qayıtmaq istəyirdi. Dizlərinin suya batdığını yalnız ayağa duranda hiss etdi. Cəld geriyə dönüb, burdan tez uzaqlaşmaq istədi, amma ayaqları durduğu yerə pərçimlənmişdi. Ayaqqabıları yarıyacan palçığa batmışdı.Sanki, Allah bu böyük şəhərə yağışı Heybətin ayaqları elə bu an, burdaca palçığa batıb qalsın deyə yağdırmışdı. Amma getmək lazim idi. Ayaqlarını sürüyə-sürüyə dönüb ordan uzaqlaşırdı... Bir neçə addım uzaqlaşıb geri döndü və sakitcə pıçıldadı:

-Əsmər, mən sənə sabahı, sən mənə bu gecəni hədiyyə etdin.

Heybətin bu sözləri ehmalca dodaqlarına toxunub gecənin zülmətində itdi.

Qəribə də olsa, Heybət həmin gecə səhərəcən yatdı. Yalnız səhər gözlərini açdı. Gözlərini açan anda beyninə gələn ilk fikir “dərsə getmək” idi. Heybət ikinci növbə oxuyurdu. Yol uzaq olduğundan bir saat tez getmək lazım gəlirdi. Dərsin başlamasına bir saat qalmış  artıq universitetdə idi. Heybəti görən yoldaşları ona yarısual, yarıtəəccüb dolu nəzərlərlə baxırdılar. Qəribə olan bu idi ki, uzun müddət dərsləri buraxmalı olan bu adam  indi əhvalı yerində, özüdə hamıdan əvvəl dərsə gəlmişdi. Heybət qrup yoldaşalrı ilə salamalaşıb qapının ağzında, lap birinci sırada əyləşdi. Birazdan Əsmər qapıda görsəndi. Heybət başını aşağı salıb,  onu görmürmüş kimi nəsə yazırdı. Əsmərin dodaqları əsirdi. Saçları dağılmışdı. Gözləri sualdolu bir lal  nəzər və göz yaşları ilə dolmuşdu. Heybətin sevdiyi açıq rəngli bənövşəyi jaketini geymişdi. Qara gödəkçəsi onu daha çox yas tutmuş insanlara oxşadırdı. Ovcunu bərk-bərk sıxmışdı. Əsmər keçib öz yerində oturdu, başını çanatsına söykəyib, qolları ilə başını gizlətməyə çalışdı. Sinif otağında iki qız bir oğlan qalmışdı. Hələ dərsin başlamasına on beş dəqiqə qalırdı... Uşaqlar Əsmərlə salamlaşıb koridora çıxdılar. Uşaqların hamısı Əsmər və Heybətin sevgisindən və ayrılmağından xəbərdar idi. İndi onları  baş-başa qoymağı  özlərinə borc bildilər. Qapı örtülüb uşaqlar çölə cıxan kimi Əsmər ayağa qalxdı, asta-asta adımlayıb  Heybətin qarşısında dayandı. Ağır-ağır başını qaldırıb Əsmərə baxdı. Bayaqdan əhvalı yaxşı olan Heybətin bir anda ürəyi kədərə qərq oldu. O bayaqdan gizlətdiyi göz yaşlarını indi aşkar etmişdi. Çox vaxt əzab və kədər insana utancaqlıq hissini unutduran tiryək kimi təsir edir. Nə isə söz demək istiyirdi, amma qəzəb və qəhərdən danışa bilmirdi. Heybət aylardı Əsmərə bu qədər yaxın olmamışdı. Ürəyindən onu bağrına basıb hönkür-hönkür ağlamaq keçdi. Əlləri qalxmadı, ayaqları əsdi. Sanki, Əsməri həyatında ilk dəfəydi görürdü. Əsmər ovcunu açdı, əzilmiş şəkilləri partanın üstünə qoydu. Özündə güc tapıb qırıq səslə yalnız:

-Sə-ə-n...-deyə bildi. Sözünün arxasını deyə bilmədi, hönkürtüsünü  qəzəbli ruhuna sıxmışdı . Vucuduna çökmüş qəzəb və sevginin gücü titrəyən əllərinə  axırdı . Daha nəsə  düşünmək istəmədi,  qəflətən  var gücü ilə Heybətə sillə vurdu. Tez də gunah etmiş kimi əlləri ilə ağzını tutdu, hönkürtü ilə bərkdən ağlamağa başladı. Çantasını sinəsinə sıxıb tələsik otaqdan çıxdı. Bir göz qırpımında baş verənlər Heybətə yuxu kimi gəldi, heç nə anlamırdı. Vurulan sillədə onu ayıltmamışdı, əksinə  xəyalabənzər rahatlıq gətirmişdi. Nəsə fikirləşmək gücündə deyildi. Nəticə çıxarmaq üçün vaxt lazım idi. Heybət  sillə vurulan anda qızılgül ətrindən başqa heçnə hiss etməmişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az