Rusiya qaz nəqlini kəsərsə, Avropa iqtisadiyyatı məhv olacaq - “Forbes"dən həyəcan təbili
"Bu qış Rusiya qazının kəsilməsi Almaniyadan başlayaraq Avropa iqtisadiyyatını məhv edəcək”.
Bakupost.az xəbər verir ki, bu fikirlər dünyanın nüfuzlu nəşrlərindən olan "Forbes”də yer alan geniş təhlil məqaləsində qeyd olunub.
"Forbes” yazır ki, noyabr-mart aylarında ABŞ fyuçers bazarlarında təbii qazın qiymətləri artacaq.
Nəşrdə qeyd olunur ki, təbii qazın qiymətlərindəki artım ABŞ istehlakçılarına da ciddi təsir göstərəcək və bu da o deməkdir ki, Şimal yarımkürəsində yaşayan xalqlar bu qış istilik xərclərinin kütləvi artımı ilə üzləşəcək:
"Noyabrdan mart ayına qədər davam edən beş aylıq qış təbii qaz müqaviləsi üçün keçən ilki bağlanış qiymətləri ilə 2022-ci il sentyabrın 1-nə olan qiymətləri müqayisə etsək, ABŞ təbii qaz fyuçers bazarları illik müqayisədə 95% bahalaşıb”.
"Forbes” yazır ki, amerikalılar sözügedən qiymət artımları ilə üzləşməyəcək. Çünki ABŞ-da bəzi regionlarda qazın topdansatış qiymətlərində heyrətamiz artım müşahidə edilib (400%).
Qeyd edək ki, Birləşmiş Ştatlar dünyanın ən böyük təbii qaz istehsalçısıdır və daxili qaz ehtiyatları beş illik orta göstəricidən aşağı olsa da, kifayət qədərdir.
"Biz dünyanın ikinci böyük təbii qaz istehsalçısı olan Rusiyadan asılı deyilik və enerji müstəqilliyimiz sayəsində öz taleyimizə nəzarət edirik. Almaniya isə bu problemlə üzləşir. Bu da təbii qazdan asılılığın nümunəsidir və indi bütün kartlar Rusiyanın əlindədir. Nəticələr çox böyükdür, çünki Almaniya iqtisadiyyatı Avropada ən böyük və dünyada dördüncü böyükdür; onun taleyi bu qış Avropa və dünya iqtisadiyyatının taleyini müəyyən edəcək”.
Xatırladaq ki, Rusiya əsas qaz kəmərləri ilə nəql olan qaz tədarükünü tamamilə dayandırıb. Ukrayna ərazisindən keçən digər iki qaz kəməri ilə qaz nəqli isə ciddi şəkildə məhdudlaşdırılıb. "Forbes”in analizinə proqnozuna görə qışın sonuna qədər Rusiya Avropaya qaz nəqlini tamamilə dayandıracaq:
"Avropada təbii qaz qiymətləri, bu yazının yazıldığı vaxt heyrətamiz dərəcədə yüksək olsa da, Rusiya Avropaya bütün qaz tədarükünü kəsərsə və ya qış həmişəkindən daha soyuq olarsa, Avropa xalqları ciddi problemlə qarşı-qarşıya qala bilər”.
"Forbes”də yer alan məqalədə həmçinni qeyd olunur ki, Avropa təbii qazdan məhrum olarsa, əvəzedici kimi daha çox neft və kömür istifadə etməli olacaq. Bu da hər iki məhsulun davam edən qiymət artımına yansıyacaq. Məqalənin sonunda vurğulanır ki, Şimal yarımkürəsindəki istehlakçılar bu il bahalı, ola bilsin ki, soyuq və təhlükəli qış mövsümü ilə üzləşəcəklər. Ona görə də amerikalılar keçən illə müqayisədə daha yüksək qış istilik ödənişlərinə hazır olmalı və xərclərini buna uyğun planlaşdırmalıdırlar.