Qarabağda böyük müharibə qoxusu

Qarabağda böyük müharibə qoxusu

Ermənistanda status-kvonu itirmək həyəcanı

Ermənilər Dağlıq Qarabağda status-kvonun, yəni indiki vəziyyətin dəyişdirilməsini dəhşət yuxusu kimi dəyərləndirirlər və buna görə də münaqişənin həllinə hər cür mane olmağa çalışırlar.

İstiPress-in  məlumatına görə, bu fikirlərinə mütərəqqi don geyindirməyə çalışan ermənilər mütəmadi olaraq müxtəlif absurd iddialarla çıxış edirlər. Belə absurd iddialardan birini bu günlərdə erməni politoloq Stepan Danielyan səsləndirib. O iddia edib ki, Dağlıq Qarabağda status-kvonun dəyişdirilməsi regional müharibəyə səbəb olacaq:

”Bölgədə yaranmış durum Rusiya, Türkiyə və İran arasında müvəqqəti anlaşmadır. Bu ölkələr üçün Qafqaz milli təhlükəsizliyin vacib elementidir”.

Stepan Danielyan iddia edib ki, status-kvo dəyişərsə, Rusiya, Türkiyə və İran arasında böyük regional mühapribə başlayacaq. Bu fikrin absurdluğuna inanmaq üçün elə də ciddi cəhd lazım deyil, sadəcə status-kvodan əvvəlki dövrə baxmaq yetərlidir.   


Qarabağ münaqişəsinin status-kvonun ləğvini nəzərdə tutan Madrid prinsipləri üzrə həlli

 Xəbəri yaymış "Newsarmenia.am” saytı bu işi bu yerdə dayandırmır və Azərbaycanda ermənlərə böyük nifrət olması, ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının qeyri-mümkünlüyü barədə "agitprom”u  bir qədər də dərinləşdirir və tamamilə dəxilsiz yazıların içinə kənar blogerlərin hətta 2-3 il qabaq yazdığı cızma-qaraları yerləşdirir.

Belə cızma-qaralardan biri "Konstantin Adamov” saxta adlı blogerin 2015-ci ilin oktyabr ayında yazdığı "Azərbaycanda erməni fobiyası kimə lazımdır?” məqaləsində iddia edir ki, Azərbaycanda ermənilərə cüzi qohumluğu olan yüksək çinli dövlət məmurları qara camaat tərəfindən təqib edilir. Pardoksal erməni məntiqidir. Əgər Azərbaycanda ermənilər təqib edilirsə, erməni fobiyası varsa, yüksək çinli məmurlar necə ermənilərlə qohum ola bilər? 

Yəni Azərbaycanda olan hər kəs bilir ki, bu ölkədə ermənilərlə qohumluğu olan kəslərə heç bir düşmən münasibət yoxdur. Ölkədə 40 minə yaxın etnik erməni yaşayır, əhali onların erməni olduğunu bilsə də, onlara qarşı heç bir soyuq münasibət göstərmir.

Yeri gəlmişkən, bloq üçün "Konstantin Adamov” adının seçilməsi təsadüfi deyil. Konstantin Adamov Azərbaycan kinosunun erməni əsilli məşhur aktyorlarındandır, "Sevinc buxtası”, "Ən vacib müsahibə” və s. kimi məşhur filmlərdə oynayıb. Adını gizlədən bloger bu adı populyarlıq naminə seçsə də, elə Konstantin Adamovun özü Azərbaycanda ermənilərə qarşı heç bir nifrətin olmadığını göstərir. Qarabağ münaqişəsinə qədər Azərbaycanda ermənilər nazir, deputat, raykom katibi, keçmiş Mərkəzi Komitənin şöbə müdiri və s. kimi önəmli vəzifələrdə kütləvi səviyyədə işləyirdilər. Aktyorların, curnalistlərin, ali məktəb müəllimlərinin içində çox sayda erməni var idi. Bakının küçələri əsasən erməni inqilabçıların adını daşıyırdı.  

Amma Ermənistanda hər şey tərsinə idi - azərbaycanlılar heç bir vəzifə tutmurdular, İrəvanda azərbaycanlıların adını daşıyan heç bir küçə yox idi. Hətta "26 Bakı komissarı” küçəsinin adını dəyişib, "26 komissar” qoymuşdular. Yəni Azərbaycanla bağlı heç bir şeyi qəbul edə bilmirdilər. İndi də belədir, son günlər İrəvanda satılan Azərbaycan almaları erməni rəsmilərini ciddi narahat edib - artıq məsələ ilə bağlı bir neçə adam həbs edilib.

Azərbaycanda ermənilərə tolerant münasibət yenə də davam edir. İndi Azərbaycanda adamı vəzifəyə qoyanda, deputat seçəndə, ya adi işə götürəndə onun ermənilərlə qohumluğu olub-olmaması ilə kimsə maraqlanmır. Yəni Dağlıq Qarabağ Azərbaycanın nəzarətinə qayıdandan sonra da bu belə qalacaq və ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamasında heç bir problem olmayacaq.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az