Nazirlikdən işəgötürənlərə XƏBƏRDARLIQ
"Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, havanın
temperaturu +41 dərəcə Selsidən çox olan hava şəraitində açıq havada və
sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş
yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə
sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin
sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı
əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına
daxil edilməklə, aylıq tarıf maaşına hesablanmalıdır”.
Bu açıqlamanı yayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işəgötürənlərə müraciət edib.
Nazirliyin
mətbuat xidmətindən verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün
işəgötürənləri xəbərdarlıq edərək, onlardan qanunvericiliyin
tələblərinin yerinə yetirilməsini tələb edir.
"Məlumat
üçün bildiririk ki, DƏMX tərəfindən işəgötürənlərdə əmək
qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət
nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə
gücləndiriləcəkdir.
Qanunvericiliyin bu tələbinə əməl olunmamasına
görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Belə ki, Məcəllədə
işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz
əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq
məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur”.
Qeyd
edək ki, son günlər ölkə ərazisində güclü istilər müşahidə olunur.
Rəsmi məlumatlara görə, bu gün Bakıda 42, rayonlarda 43 dərəcə isti var.
Modern.az