Səhiyyə Nazirliyi 52 tibb işçisini cəzalandırıb.
Nazirliyin "qaynar xətt” xidmətinə edilən müraciətlər araşdırılıb. Bəlli olub ki, bu ilin əvvəlindən indiyədək "qaynar xətt” və "Elektron səhiyyə” xidmətlərinə 28 mindən artıq müraciət edilib. Müraciətlərin 13 faizi səhiyyə müəssisəsələrində göstərilən tibbi xidmət səviyyəsindən şikayət təşkil edib.
Nazirlik şikayətlərlə bağlı araşdırma aparıb. Şikayətlərə əsasən aparılmış yoxlamalar nəticəsində 52 həkim və tibb bacısı, o cümlədən rəhbər işçiyə qarşı məsuliyyət tədbirləri həyata keçirilib.
Nazirlik vətəndaşlara müraciət edərək bildirir ki, "qaynar xətt” və "Elektron səhiyyə” xidmətləri gün ərzində müraciət və şikayətləri qəbul edir. Ölkənin istənilən bölgəsindən zəng vurmaqla nazirliyin şöbə və bölmələrinə müraciət edilə bilər.
Nazirlik "qaynar xətt” və "Elektron səhiyyə” xidmətlərinə edilən müraciətlərin cavablandırıılması və araşdırılmasına nəzarəti gücləndirib. Hətta zənglərin təhlili aparılır, regionlar və sahələr üzrə məlumatlar hazırlanır. Sonda isə yekun məlumatlar Səhiyyə Nazirliyinin rəhbərliyinə təqdim olunur.
Nazirlikdən qeyd ediblər ki, vətəndaşların zəng növbəsində dayanmaması üçün xüsusi proqram təminatının istifadəyə verilməsi nəzərdə tutulub. Yenilik tətbiq edildikdən sonra 9103 nömrəsinə zəng etmiş, lakin əlaqə yarada bilməyən vətəndaşa "qaynar xətt” xidmətinin əməkdaşı tərəfindən təkrar zəng ediləcək.
virtualaz.org