AZAL-dan noutbuk qadağasına cavab
Son günlərdə
AZAL-ın Naxçıvana uçan təyyarələrdə noutbuk aparmağı qadağan etməsi barədə məlumatlar
yayılıb. İddiaya görə, qeydiyyatdan keçən sərnişinlər aviaşirkət
işçiləri öz noutbuklarını aeroportda qoyub getmək tələbi ilə üzləşiblər.
Bu qadağaya isə hər hansı məntiqi izah verilməyib və bunun
AZAL prezidenti Cahangir Əsgərovun şəxsi əmri ilə qoyulduğu deyilib.
Vətəninfo.az xəbər verir ki, Azərbaycan Hava Yolları -
AZAL-dan ANS PRESS-ə verilən məlumata görə,
Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq,
aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o
cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner
üzərinə qoyulmalıdır. Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar
işə salınmalıdır.
"Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb.
Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli
qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır".

Hava limanında baqaj yoxlaması
Xatırladaq ki, virtualaz.org saytına şikayət edən və Naxçıvana yola
salan Bakı şəhər sakini Müşfiq Mədətov bu barədə məlumat verib.
"İnsident saat 19:20-yə nəzərdə tutulan Bakı-Naxçıvan reysinə minik
zamanı baş verib. Aeroport əməkdaşları sərnişinlərə xəbərdarlıq etdilər
ki, təyyarəyə noutbukla minmək olmaz. Mübahisə yarandı. Bunlar
videomüşahidə kameralarına da düşüb. Ona görə də oğlum noutbukunu Bakıda
saxlamalı oldu”.
AZAL son günlər ölkə rəhbərliyi ilə yanaşı, ictimaiyyətin də diqqət
mərkəzində olan əsas məsələdir. Belə ki, prezident İlham Əliyev
Nazirlər Kabinetinin iclasında da AZAL biletlərinin baha olmasına iradını bildirib. "Aviabiletlərin
qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə?
Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa
ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət
tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin
vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir,
bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti
başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.
Dövlət başçısının kəskin tənqidindən sonra
AZAL bilet qiymətləri ilə bağlı addım atsa da, bu addımlar qənaətbəxş olmayıb.
İyulun 21-də
qapalı kollegiya iclası keçirən "Azərbaycan Hava Yolları" QSC aşağı büdcəli
sərnişindaşıma xəttinə avqustun 1-dən Bakı - Antalya - Bakı, sentyabrın
1-dən isə Bakı-İstanbul-Bakı reyslərini daxil edib. Oktyabr ayından isə
bu sıraya Moskva və Dubay reysləri də daxil olacaq. Aviaşirkət iddia
edir ki, yekun satış qiyməti bir tərəfə 99 avrodan çox olmayacaq.
AZAL-ın büdcəli uçuşları "Embraer" təyyarələri ilə həyata
keçiriləcək.Həmçinin aşağı büdcəli sərnişindaşıma xəttində hər bir baqaj
50 manat məbləğində olacaq. bu reyslərdə yalnız 5 kq-dan artıq olmayan
əl baqajı təyyarə bileti ilə birgə hesablanacaq. Halbuki, standart
biletlər 23 kiloqram yük götürməyə imkan verir. İstənilən əl baqajı 10
kiloqramı keçir. Dubay və İstanbula Azərbaycan sakinlərinin həm turizm,
həm də alış-veriş məqsədi uçün getdiyi də heç kimdən gizli deyil.
Beləliklə, aşağı büdcəli sərnişindaşıma xəttində qiymətlər avtomatik 100
manat bahalaşır. Çantaların sayı artıqca, bilet daha da bahalaşır.