“Bu məsələ Rusiya ilə Türkiyə arasında gərginliyi artıra bilər...”

“Bu məsələ Rusiya ilə Türkiyə arasında gərginliyi artıra bilər...”

Ermənistanla Azərbaycan sərhədində baş vermiş son döyüşlər Türkiyə ilə Rusiya arasında yeni gərginlik yarada bilər.

Virtualaz.org xəbər verir ki, belə rəylə Türkiyənin Bakıdakı keçmiş səfirləri Faruk Loğoğlu və Ünal Çeviköz çıxış ediblər. Keçmiş diplomatların fikrincə, Türkiyə münaqişənin dinc yolla nizamlanması üçün təşəbbüsü ələ almalıdır.

"Cümhuriyyet” qəzetinin yazdığına görə, 2001-2004-cü illərdə Türkiyənin Bakıdakı səfiri olmuş, hazırda CHP başqan yardımçısı olan Ünal Çeviköz məsələnin ən diqqət çəkən tərəfinin döyüşlərin Azərbaycanın işğal altındakı torpaqlarından çox uzaq nöqtədə, Ermənistanla sərhəddə başlaması olduğunu deyib.

"Bu döyüşlərin Azərbaycan-Ermənistan sərhədində baş verməsi başqa hesaba işarə edilməsi ehtimalını yaradır”,-o deyib.

 

Çeviköz hesab edir ki, bu döyüşlərdən Rusiya istifadə edə bilər. "Orada (Ermənistanda) Rusiya bazaları var, Türkiyə-Ermənistan sərhədini belə rus əsgərləri qoruyur. Bu döyüşlər istər-istəməz Ermənistanın kürəyini hansısa formada Rusiyaya söykəməsinə yol açacaq. Türkiyə ilə Rusiyanın yeni bir qeyr-sabitlik nöqtəsində  bir-birləri ilə qarşı-qarşıya gəlməsi riski var. Türkiyə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiya ilə hadisələrin böyüməsinin, daha artıq itkilərin yaşanmasının qarşısını almaq üçün diplomatik səylərə dəstək olmalıdır”,-keçmiş səfir deyib.

1996-1998-ci illərdə Türkiyənin Bakıdakı səfiri olmuş Faruk Loğoğlu isə deyib ki, son hadisələrdən sonra Rusiyanın münaqişənin nizamlanması üçün vasitəçilik etməyə hazır olduğu haqda bəyanatlarını ciddi saymır. "Bu məsələnin həll edilməmiş qalmasının səbəbi Rusiyadır. Münaqişədən istifadə edərək həm Ermənistan, həm Azərbaycan üzərində təsir imkanlarını saxlayır”,-keçmiş səfir bildirib.

Loğoğlu da hesab edir ki, məsələ Türkiyə ilə Rusiya arasında yeni gərginliyə yol aça bilər. Onun sözlərinə görə, Rusiya ilə Türkiyə  Suriya və Liviyadan sonra Qarabağ məsələsi üzərindən bu regionda da qarşı-qarşıya  gələr. "Türkiyənin Azərbaycana dəstək verməsi isə təbiidir və düzgündür. Amma burada hədəf sülh olmalıdır. Türkiyə Rusiya başda olmaqla Minsk Qrupu ölkələrinə "1992-ci ildən bəri münaqişənin həlli üçün nə etmisiniz?” sualını yönəltməlidir”,-o deyib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az