Böyük Qayıdış xərcləri ilin sonuna 22 milyarda çatacaq - NAZİR

Böyük Qayıdış xərcləri ilin sonuna 22 milyarda çatacaq - NAZİR
"Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır”.

Modern.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.

S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik.
 
********
 
 

"Neftdən asılılığın minimuma endirilməsi üçün hökumətin yol xəritəsi var”
"Neftdən asılılığın azaldılması və borc sabitliyi əsas prioritetdir”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır: "Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib. Təqdim olunan 2026-cı il dövlət büdcəsi layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlılığın digər mühüm parametrləri kimi çıxış edir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az