Dizindən qəlpə yarası almağına yox, Xarı bülbülə KÖVRƏLƏN POLKOVNİK

Dizindən qəlpə yarası almağına yox, Xarı bülbülə KÖVRƏLƏN POLKOVNİK

Ağ saçlı, sinəsi dağlı, amma çox mülayim, mehriban və çox da müdirik bir ANAmız var. Hamımızın cəmi bir anası... O ANA ki hər kəs ona böyük ANA  - Vətən – Can Azərbaycan deyirik. Hər kəs bacardığı, çalışdığı sahəsi üzrə xidmət edir o ANAya. Amma bu xidmətin ən şərəflisi əsgərin üzərinə düşür. AZƏRBAYCAN ƏSGƏRİnin... 

Bu gün onların günüdür... 

Təbrik üçün neçə cümlə qurdumsa, əldə silah VƏTƏN keşiyi çəkən Azərbaycan Əsgərinə layiqli şəkildə ifadə edə bilmədim. Onları təbrik etmək, hədiyyə vermək şərəfdir. Ancaq onların varlığı şərəflərin ən alisidir. Ordu günü haqqında yazı yazmağa başlayanda xatirəmdə həmişə cəsur və vətənpərvər bir zabit kimi yaşayacaq polkovnik Babək Səmidlinin danışdığı bir əhvalat canlandı. 

Öncə bir haşiyəyə çıxıb onun barəsində dediyim cəsur və vətənpərvər ifadəsini isbat edim:  O, Göyçay rayonunda ziyalı ailəsində doğulub. Gəncliyi ölkənin ən təlatümlü illərinə təsadüf edir. Atası Mətləb bəy rayonda vəzifə sahibi, qardaşı cəbhədə əsgər olur. 1990-cı ildə doğma rayonunda oxuduğu orta məktəbin məzunu olur. Qarabağda münaqişə qığılcımlarının alova çevrildiyi ilk aylardanca ailənin böyük oğlu səngərdə olduğuna görə onu əsgər aparmırlar. Ölkədə vəziyyətin qarşıq olması orta məktəbi əla qiymətlərlə bitirən Babək Səmidli ilə ali təhsil ocaqları arasına pərdə çəkir… 

Yuxarıda qeyd etdiyimiz kimi qardaşının cəbhədə, atasının xidmət başında olmağı hələ ki onun hərbi xidmətə getməsinə mane olurdu. Amma bu maneə gənc Səmidlinin qarşısında 1994-cü ilə qədər tap gətirə bilir. O könüllü olaraq cəbhəyə yollanır. Cəbhənin Ağdam, Ağdərə və Tərtər rayonları istiqamətində xidmət edir. Tale elə gətirir ki, əsgər Səmidlinin ömrü gəncliyinin başladığı səngərə bağlanır. O hərb yoluna - zabit peşəsinə könül verib can qoyur. Ölkədə zabit çatışmamazlığı problemi Səmidlini bu qərarı çıxarmağa sövq edir. O imtahandan yüksək bal toplayıb Türkiyə Kara Harp Okuluna qəbul olur. Leytenant hərbi rütbəsindən polkovnikə qədər yüksəlir. Hazırda Birlik komandirinin müavini vəzifəsində xidmət edir. 

Bütün zabitlər kimi o da aprel savaşında düşmənin fiziki, taktiki, ideoloji məhv edilməsinin həzzini yaşayıb. Cəbhənin Tərtər rayonu istiqamətində Talış kəndi ətrafı yüksəkliklərin azad edilməsi əməliyyatında iştirak edib. Döyüşlər zamanı dizindən qəlpə yarası almağına baxmayaraq o səhra şəraitində müalicəni tərcih edir və savaş meydanından çəkilmir. Öhtəsinə düşən tapşırığı laiqincə yerinə yetirir. Əlbətdə biz həmin zavaşı bir zabitin gözü ilə görüb onlar kimi yanaşa bilmərik. Heç həmin döyüşlər zamanı onlar qədər sevinə, qürurlana, kədərlənə bilmərik. Əməliyyatlar zamanı xalqı qürurlandıran çox hadisələr baş vermişdi. 

Amma... 

"Havanın kəskin dəyişməsi, yağış, hərdən də sulu qar yağması şəxsi heyyətin döyüş ruhunda heç nəyi dəyişmirdi. Dizimdən aldığım və xırda hesab elədiyim yara ayağımda ağrılı şişə səbəb olmuşdu. Ancaq mən bunu yüksək komandanlıqdan gizlədirdim. Artıq döyüşlər səngimişdi. Darmadağın edilmiş düşmən postlarından çox arxada olan yüksəkliklərdə yeni postlar tikilib yollar salınmışdı. Posta tərəf gedirdim. İllərdir işğal altında olan Qazaxlar kəndinin xarabalıqlarının yanında gözümə maraqlı bir şey sataşdı. Maşını saxladıb ona yaxınlaşdım. Gözlərimin məni yanıltmadığını anladım...” – Polkovnik, Babək Səmidli

Yoldaş polkovnik həyatında ilk dəfə imiş ki, təbii xarı bülbül görürmüş. O cəmi bircə dənə olan xarı bülbülü dərir və özü ilə postlara aparıb bütün şəxsi heyyətə göstərir. Cəmi beş gündür Azərbaycan əsgərinin ayağı dəyən Azərbaycan torpağında belə bir hadisə hər kəsi duyğulandırır. Cənab polkovnik özü də göz yaşlarına hakim ola bilmir. Xarı bülbülü ilk dəfə canlı görmək, illərdir müşahidə cihazları ilə baxdığı tarixi torpaqlarda bir əlində silah bir əlində xarı bülbüllə gəzmək kimi duyğulandırmaz axı?! 


Polkovnik Səmidlinin Xarı bülbül dərdiyi yer nişanələnir, daim nəzarət edilir. Ancaq hər kəsi qururlandıran o gül orada bir daha bitmir. 

Nəzərə alsaq ki Xarı bülbülün vətəni Şuşadır və yenə nəzərə alsaq ki o gül cəmi bircə dəfə işğaldan yenicə azad edilmiş Talış yüksəkliyində bitib, onda belə qənaətə gəlmək olar ki, Şuşa bütün işğalda olan şəhər və rayonlarımız adından Azərbaycan Ordusunu, onun cəsur əsgər və zabitlərini təbrik edib, hazırkı vəziyyətdə pulla yox, qanla alınması mümkün olan Xarı bülbüllə hədiyyələndirib. Hesab edirəm ki bu tanrının bizə xoş gələcək üçün göndərdiyi mesajdir. Şübhəsiz ki Ali Baş Komandanın əmri ilə şanlı ordumuz ən yaxın zamanda Şuşanı da Xarı bülbülü də əsirlikdən xilas edəcək. 

Gününüz qutli, hədiyyəniz Şuşada keçiriləcək hərbi paradda təltif olsun, cənab Əsgərlər, çavuşlar, gizirlər və zabitlər!

Elgün Gəncimsoy




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az