Ermənistanda vəziyyət yenə gərginləşdi
İşğalçı ölkədə etirazların səngiməməsinin sirri
İşğalçı
Ermənistanda bir aydan artıqdır başlayan etiraz aksiyaları yenidən
genişlənir. Elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan
"Qalx, Ermənistan” hərəkatı İrəvanın mərkəzindəki Respublika meydanında
72 saatlıq oturaq piket keçirməyə qərar verib. Hərəkatın bununla bağlı
yaydığı bəyanatda bildirilir: "Serj Sərkisyanın 27 iyun tarixli
çıxışından bir ay keçməsinə baxmayaraq, elektrik enerjisi tariflərinin
artırılması məsələsi hələ də nizamlanmamış qalmaqdadır”.
Bu
səbəbdən "Qalx, Ermənistan” Vətəndaş Təşəbbüsü Şurası bu gün axşam
saatlarından etibarən 72 saatlıq oturaq piket keçirməyə qərar verərək
Baqramyan prospektindəki aksiyalar zamanı səsləndirilən bütün tələbləri
yenidən irəli sürür.
İrəvan
polisi isə elektrik enerjisi tariflərinin artırılmasına qarşı çıxan
"Qalx, Ermənistan” hərəkatının Respublika meydanında 72 saatlıq oturaq
piket keçirməsinə mane olmağa çalışıb.
APA-nın "TASS”a
istinadən verdiyi xəbərə görə, polis əməkdaşları canlı sədd yaradaraq
etirazçılara meydana doğru irəliləməyə imkan verməyiblər. İrəvan polis
rəisinin müavini Valeri Osipyanın sözlərinə görə, aksiya təşkilatçıları
"özlərinə diqqəti cəlb etmək üçün asayiş keşikçiləri ilə qarşıdurma
yaratmağa cəhd edirlər”
"Qalx, Ermənistan”
vətəndaş hərəkatı isə bəyanat yayaraq bildirib ki, Ermənistan polisi
uzun müddət Respublika meydanını bağlı saxlaya bilməyəcək. Ona görə də
polis vətəndaşların qanuni tələbləri qarşısında geri çəkilməyə məcbur
olacaq. Bəyanatda qeyd olunur ki, vətəndaş cəmiyyəti xalqın əleyhinə
olan rejimə qarşı dinc mübarizədə polisin qeyri-qanuni əməllərinə tabe
ola bilməz. Bu üzdən hərəkat üzvləri meydanın mərkəzində oturaq aksiya
keçirməkdə israrlıdır.
Qeyd edək ki, işğalçı Ermənistanda
bir aydan artıqdır etiraz aksiyaları başlayıb və səngimir. İki gündür
daha da şiddətlənib. İşğalçı ölkədə bu prosesin nədən səngimədiyi, eyni
zamanda hakimiyyətin insanları meydanlardan çəkilmək üçün daha kəskin
addımlara getməməsinin nə ilə bağlı olduğu maraq doğurmaya bilməz.

Politoloq
Ərəstun Oruclu hesab edir ki, Ermənistanda etiraz hərəkatının hələ də
davam etməsində bir sıra amillərin rolu var. İlk növbədə Ermənistan
cəmiyyətində hələ ki ən azı müəyyən hüquq və azadlıqların təmin olunması
qalıb. O cümlədən sərbəst toplaşmaq azadlığının rahat şəkildə həyata
keçirildiyini görmək mümkündür. Birinci səbəb budur. İkinci səbəb budur
ki, Ermənistan hakimiyyəti yüksək ehtimalla bu prosesin özündə
maraqlıdır: "Görünür, Ermənistan hakimiyyətinin hansısa siyasi
planlarına uyğun şəkildədir və ona görə də hakimiyyət radikal addımlara
getmir. Üçüncüsü, mən istisna eləmirəm ki, burda xarici faktorların da
rolu var. İlk növbədə erməni diasporunun rolu ola bilər. Hələlik dəqiq
bilinmir ki, bu mitinqlərin arxasında kim dayanır. İstisna deyil ki, bu
elə Rusiyadakı müəyyən dairələr olsun.
Çünki
Rusiyanın daxilində də müxtəlif var və bu maraqların toqquşmasının
şahidi oluruq. Mən ilk növbədə Kreml oliqarxiyasının hərbi-sənaye
kompleksini nəzərdə tuturam. Arada ziddiyyətlər var və şübhəsiz ki, bu
özünü bir çox məsələlərdə göstərir. Məsələn, bugünlərdə gördük ki,
Ermənistana Rusiyanın Hərbi Kəşfiyyat Qurumunun Baş Kəşfiyyat İdarəsinin
direktoru gəldi. Belə səfərlər heç nədən baş vermir.
Düzdür,
bunu bir çoxları Azərbaycan-Ermənistan cəbhə xəttində gərginliyin
artması ilə izah elədilər. Ancaq mən düşünürəm ki, sırf Ermənistandakı
daxili siyasi səbəblərlə bağlıdır. Digər tərəfdən, biz unutmayaq ki,
Ermənistanda müəyyən Qərb faktoru da var. Bu faktor Azərbaycandakından
daha güclüdür.
Ən azı ona görə ki,
Ermənistanın aparıcı Qərb ölkələrində güclü diaspora qurumları
mövcuddur. Onlar Ermənistanın Qərbə inteqrasiya olunmasında maraqlıdır.
Bir sözlə, bütün bunları nəzərə alanda deyərdim ki, Ermənistanda
proseslərin səngiməməsində kompleks səbəblər var”.