“İdən-ilə sayı azalan əsl jurnalistləri ürəkdən təbrik edirəm”
Tanınmış teletənqidçi, filologiya elmləri doktoru,
professor Qulu Məhərrəmli Milli Mətbuatın 140 illik yubileyi
münasibətilə ölkə media cameəsini təbrik edib:
"Bu
gün xalqımızın milli oyanış və ictimai düşüncə tarixində əlamətdar
hadisə sayılan mətbuatın yaranması, "Əkinçi” qəzetinin tarix səhnəsinə
çıxmasının 140 ili tamam olur. Bu tarixi addımın atılması üçün biz bütün
dövrlərin ən böyük azərbaycanlısı, elm, maarif və milli tərəqqinin
əkinçisi Həsən bəy Zərdabiyə borcluyuq. O, 19-cu əsrin ikinci yarısında
çoxluğun hələ də qəbilə və tayfa düşüncəsi ilə yaşadığı, ticarəti
movcudluğun əsas şərti kimi qəbul edən bir cəmiyyətə ictimai göz verdi.
Cəhalət, avamlıq və nadanlığın qaranlıq küllüklərində eşələnən qövmə bir
işıq gətirdi, yol göstərdi, onun üzünü dünyaya – təhsilə, maarif və
mədəniyyətə tərəf çevirdi, "tərəqqi etməyən millətlər başqalarının qulu
olacaqdır” dedi.
Ona görə də bu gün qul olmayan, azad
düşüncəsi və işıqlı qələmi ilə bu milləti başqalarına qul olmağa
qoymayan, milli ruhu diri saxlayan, bu peşənin ləyaqətini qoruyan, ona
hörmət gətirən əsl jurnalistlərin bayramıdır. Mən ildən-ilə sayı azalan
belə jurnalistləri ürəkdən təbrik edirəm. Zərdabinin adından
sui-istifadə edib onun ruhunu incidən, gerçəyi görməyən və ya görmək
istəməyən, qələmi tüfəngə çevirib bu millətin dəyərli övladlarına atəş
açan, mənəviyyatca onlardan qat-qat üstün və güclü olanlara çamur atan,
jurnalistikanı təbliğata qurban verən, medianı riyakarlıq, məslək və
mənəviyyat alverinə çevirən, qazanc və mənsəb alətinə çevirən vücudlarla
işimiz yoxdur. Belələri həmişə olub (bəxtimizdən bizdə daha çoxdur) və
yenə də olacaqlar.
Tarixdə iz qoymuş millətlər həmişə sayına
yox, ağllarına güvəniblər. Mətbuatda da, jurnalistikada da say, kəmiyyət
önəmli deyil, meydanda 10 nəfər varsa, deməli gerçək jurnalistika
yaşayır, nöqsanları tənqid edir, gerçəyi deyir, korrupsiyaya vətən
deyənlərin, maskaları yırtır, həqiqəti deməyi özünün əsas missiyası
sayır. Bu gün həmin istedadlı və cəsur jurnalistlərin, onlarla eyni
düşüncədə olan ləyaqətli insanların bayramıdır."
Moderator.az