Vətəninfo.az - İyulun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov
Hərbi Dəniz Qüvvələrinin yeni bazasında hərbi gəmilərin və şəxsi
heyətin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə naziri və
Nazirliyin rəhbərliyi hərbi hissənin qərargahı qarşısında ucaldılmış
ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq,
öz ehtiramlarını ifadə ediblər.
Komanda məntəqəsinə gələn Müdafiə nazirinə Hərbi Dəniz Qüvvələri
komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov
gəmilərin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycan Respublikasına
məxsus sektorunda əməliyyat şəraiti, Hərbi Dəniz Qüvvələrinin idarə
olunmasının həyata keçirilməsi barədə operativ məlumatları məruzə edib.
Müdafiə naziri ən müasir texnologiyalara əsaslanan avadanlıqlarla təmin
edilmiş komanda məntəqəsində məlumatların toplanması, təhlili və
müvafiq qərar qəbul edilməsi ilə əlaqədar fəaliyyət göstərən dəniz
qüvvələrinin komanda heyətilə görüşüb.
Sonra nazir hərbi gəmilərə baxış keçirərək onların taktiki-texniki
xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələrinin
vəziyyəti ilə maraqlanıb. Komanda məntəqələri, təhlükəsizlik,
qəza-xilasetmə, maddi-texniki təminat bölmələri, o cümlədən gəmi
heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin
aparılması, həmçinin həyati vacib digər qurğular barədə ətraflı məlumat
verilib.
Müdafiə naziri cari ilin avqust ayının 1-dən 15-dək Rusiya
Federasiyasının Mahaçqala şəhərinin limanı yaxınlığında keçirilməsi
planlaşdırılan "Xəzər Dənizi - 2015” beynəlxalq müsabiqəsində iştirak
etməsi nəzərdə tutulan 2 ədəd gözətçi və 1 ədəd xilasedici yedək
gəmisində olub. Nazir gəmilərin və heyətin səfərə hazırlığını yoxlayıb,
onlara yarışlarda Azərbaycan xalqını, dövlətini, Silahlı Qüvvələri
yüksək səviyyədə təmsil edərək uğurlu nəticələr və qələbələr əldə
etmələrini arzulayıb.
Döyüş gəmilərinin ümumi vəziyyətini və şəxsi heyətin hazırlığını müsbət
qiymətləndirən Müdafiə naziri bütün bu nailiyyətlərin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edildiyini xüsusi qeyd
edib.
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da
artırılması, silahlanmada olan döyüş vasitələrinin yenilənməsi,
keyfiyyətinin və gücünün artırılması, o cümlədən gəmi heyətinin
sosial-məişət şəraitinin yüksəldilməsi barədə müvafiq göstəriş və
tapşırıqlarını verib.




