Nəsir Əhmədlidən ədəbi dil normalarının pozulması ilə bağlı TƏKLİF

Nəsir Əhmədlidən ədəbi dil normalarının pozulması ilə bağlı TƏKLİF

Son vaxtlar KİV-də ədəbi dil normalarının pozulması ilə bağlı narazılıqlara münasibət bildirən  BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli vəziyyətdən çıxış yolları barədə şəxsi feysbuk səhifəsində maraqlı status paylaşıb. 

Miq.Az statusu olduğu kimi təqdim edir: 

"Son vaxtlar KİV-də ədəbi dil normalarının pozulması ilə bağlı haqlı narazılıqlar eşidilir, vəziyyətdən çıxış yolları axtarılır.

Mənim təkliflərim:

1) Redaksiyalarda, saytlarda çalışan yaradıcı əməkdaşların ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyası keçirilsin.

2) Yeni əməkdaşlar "Azərbaycan ədəbi dilinin normaları”ndan imtahan verdikdən sonra işə qəbul olunsunlar;

3) Redaksiyalara və saytlara kadr seçimi zamanı Jurnalistika və Filologiya fakültələrinin məzunlarına üstünlük verilsin;

4) Hər bir redaksiyada və saytda yazıların dil və üslubuna görə məsuliyyət daşıyan yüksəkmaaşlı ədəbi redaktor ştatları yaradılsın;

5) Azərbaycan ədəbi dilinin normalarını və əsas orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara və saytlara paylanılsın;

6) BDU Jurnalistika fakültəsinin nəzdində KİV-in dili və üslubu ilə bağlı daimi fəaliyyət göstərən qısamüddətli (1-2 aylıq) ödənişli kurslar açılsın;

7) Mütəmadi olaraq tanınmış mütəxəssislərin iştirakı ilə monitorinqlər, seminarlar, "Dəyirmi masa”lar, treninqlər keçirilsin;

8) Televiziyalarda, radiolarda dillə bağlı verilişlərin sayı artırılsın, qəzetlərdə, jurnallarda və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunsun;

9) Ədəbi dil normalarını daha çox pozan redaksiyalar və əməkdaşlar inzibati məsuliyyətə cəlb olunsunlar;

10) Redaksiyaların və saytların AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu ilə universitetlərin Jurnalistika və Filologiya fakültələri ilə əlaqələri genişləndirilsin."
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az