Qax məktəbliləri "İşıqlı gələcək üçün oxu” – qızları təhsilə çağırış flaşmobu
keçiriblər.
Flaşmobun keçirilməsində məqsəd Azərbaycanda təhsildən kənarda qalan və yaxud orta
məktəbdən erkən ayrılan qız uşaqlarına çağırış etmək olub.
Flaşmob "Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin (QLUİB) Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İşıqlı
gələcək üçün oxu: Qız uşaqlarının təhsildən erkən ayrılmasının qarşısının
alınmasına dair maarifləndirmə kampaniyasının və ictimai müzakirələrin
təşkili" layihəsi çərçivəsində keçirilib.
"İşıqlı gələcək üçün oxu" və "Oxu” şüarları altında keçirilən flaşmoba
Qax şəhər 2 saylı, Qax rayon İbaxlı və Qaratala kənd orta məktəbləri
qatılıblar.
Məktəblilər bu flaşmoba qatılmaqla Respublikadakı qız yaşıdlarına
təhsillərini yarımçıq qoymamaq, öz işıqlı gələcəklərini qurmaq üçün oxumaq mesajını
veriblər.
QLUİB sözügedən flaşmob üçün ona görə Qax məktəblərini seçib ki, bu
rayon Respublikada təhsil sahəsində qabaqcıl yerlərdən birini tutur və burada
qızların orta təhsildən yayınma halları 0%-ə yaxındır. Eyni zamanda Qax
məktəblərinin məzunlarının ali məktəblərə ümumilikdə qəbul faizi Respublika
üzrə ən yüksək göstəricilər sırasındadır. Hər il ali məktəblərə qəbul
olunanların təqribən 65-70%-i qız uşaqları olur. Bu rayonda qızların erkən
yaşda nikaha girmə faizi yox dərəcəsindədir.
Haqqında bəhs olunan flaşmobun videogörüntüləri yaxın günlərdə mediaya təqdim ediləcək.
