Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva bu gün haqqin.az və virtualaz.org saytlarının yaradıcı kollektivini Milli Mətbuat Günü münasibətilə təbrik edib.
Sevil xanım saytlarımızın redaksiyasına zəng vuraraq hər iki nəşrin kollektivinə səmimi arzularını bildirib: "Bilirsiniz ki, mən sizin saytların daimi oxucusuyam. Azərbaycan jurnalistikasının ən yaxşı və qabiliyyətli nümayəndələri sizin redaksiyada cəmləşib. Mən əsas informasiyaları sizin saytlardan alıram. Emil Ağayev, Lev Əsgərov, Rasim Ağayev... kimi əfsanəvi və təcrübəli jurnalistlərin məqalələrini xüsusi qeyd etmək istəyirəm.
Emil Ağayev məşhur "Literaturnaya qazeta”nın xüsusi müxbiri kimi Heydər Əliyevi ölkənin regionlarına bütün səfərlərində müşayiət edirdi. Emil Ağayev öz yazılarında Heydər Əliyevlə bağlı xatirələrinə hər dəfə qayıdır. Mən bu məqalələri böyük maraqla oxuyuram.
Əkbər Həsənovun yazılarını da maraqla oxuyuram. Sizin saytların Azərbaycanın maraqlarını səmimi şəkildə, demək olar ki, elə azərbaycanlılar qədər müdafiə edən xarici müəlliflərini də yüksək qiymətləndirirəm.
Sizin saytları oxumaqla Azərbaycanda və dünyada baş verən hadisələr haqda dolğun informasiyalar əldə etmək mümkündür. Siz hadisələri bacardığınız qədər obyektiv işıqlandırırsınız.
Sizə yeni yaradıcılıq uğurları arzulayıram. Əgər Bakıda olsaydım, mütləz sizin redaksiyanıza gələr və kollektivinizi təbrik edərdim”.
Virtualaz.org və haqqin.az saytlarının redaksiyası da öz növbəsində Sevil xanıma bu səmimi təbriklərinə görə təşəkkür edir. Heydər Əliyev kimi dahi şəxsiyyətin qızının - parlaq, həssas, istedadlı, xeyirxah və səmimi bir insanın bu təbriki və redaksiyamızın ünvanına səsləndirdiyi xoş sözlər böyük şərəfdir. Bu təbrik bütün təbriklərdən qiymətlidir.