Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş daşqın nəticəsində azı 12 adam ölüb. Həlak olanların xatirəsini yad etmək üçün iyunun 15-də ölkədə matəm elan olunub. Tbilisi şəhər meri David Narmanianın sözlərinə görə, vəziyyət "olduqca ağırdır". Tbilisi merinin müavini İrakli Lekvinadzenin təxminlərinə görə, daşqın nəticəsində şəhərə $10 milyon məbləğində zərər vurulub.
Evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmisi, yeraltı keçidlər suyun altındadır.
Tbilisi meri vəziyyətin çox ağır olduğunu etiraf edib. Bazar gününə keçən gecə baş vermiş leysan yağışlar nəticəsində şəhərin bir neçə rayonunda daşqın baş verib - evlərin həyətləri, binaların birinci mərtəbələri və yüzlərlə evin zirzəmiləri, yeraltı keçidlər suyun altındadır.
Bu arada daşqın zamanı şəhər zooparkından qaçan heyvanların da axtarışı davam etdirilir.
Daşqın zamanı paytaxt zooparkından 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb. Bəzi qaçmış heyvanları tutmaq mümkün olub, bəziləri öldürülüb. Lakin qaçmış heyvanların dəqiq sayı qeyri-müəyyən qalır. Axtarış əməliyyatı havadan da aparılır - şəhər üzərində helikopterlər uçur. Tbilisi rəsmiləri zooparkdan vəhşi heyvanların qaçması ilə bağlı sakinlərə ehtiyatlı hərəkət etməyə və evlərindən bayıra çıxmamaq barədə xəbərdarlıq ediblər.
Saatlarla davam edən leysan yağışı nəticəsində Tbilisidə yüzlərlə ev su altında qalıb. Şəhər zooparkı isə ümumiyyətlə, məhv olub.
Zooparkı şəhərin iki məşhur məhəlləsi olan Vake və Saburtalo arasından axan Vera çayının gətirdiyi lil məhv edib. 5 saat davam edən leysan yağıhı Vera çayını məcrasından çıxarıb.
Son məlumatlara görə, daşqınlar 12 nəfərin ölümünə, 38 nəfərin yaralanmasına səbəb olub.
Mütəxəssislərin dediklərinə görə, Veranın məcrasından çıxmasının əsas səbəbi Vakedə "Qəhrəmanlar Meydanı"nın tikilməsi zamanı çayın üzərindəki estakanın yanlış layihə əsasında inşası olub.
Gürcüstanın maliyyə naziri Nodar Xadurinin dediyinə gbrə, daşqınlar və sel nəticəsində ən azı 40 milyon lari, yəni təqribən 17 milyon dollarlıq ziyan var.
Zooparkdan 6 şir, 6 pələng, 13 canavar, 7 ayı, begemot və s. heyvanlar qaçmışdılar. Tbilisililərin sevimlisi olan Şumba adlı şir güllələnib.
Şəhər meriyasından verilən məlumata görə, zooparkdan qaçmış heyvanların ən azı yarısı seldə batıb.
Gürcüstanın baş naziri bu gün Avropa Birliyi ölkələrinin Tbilisidəki səfirləri ilə görüşəcək. Müzakirə mövzusu Avropanın Gürcüstana edə biləcəyi yardımlardır.
Baş nazirin göstərişi ilə, sel və daşqınlarda zərər çəkmiş hər ailəyə 10 min lari, yəni təxminən 4400 dollar veriləcək.
Bu gün Gürcüstanda matəmdir.