Çağdaş Azərbaycan
mediası haqqındakı fikirlər isə birmənalı deyil. Kimi onun iş
prinsiplərini müsbət, kimi isə mənfi qiymətləndirir.
Modern.az saytı xalq şairləri və xalq yazıçısından çağdaş Azərbaycan mətbuatını necə qiymətləndirdiklərini soruşub.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca mətbuatın son illər yüksək səviyyədə olduğunu deyir:
"Azərbaycan mediası müstəqil mətbuat kimi fəaliyyət göstərir. Bugünkü
mətbuatımızın yüksək səviyyəyə qalxmasında dövlətin əvəzsiz rolu var.
Jurnalistlərə, onların gördükləri işə xüsusi qiymət verilir. Dövlətimiz
mətbuatı, jurnalistləri yüksək qiymətləndirir. Onlar evlə təmin olunur.
Hansı ölkədə jurnalistlərə bu cür şərait yaradılır? Amma əsas odur ki,
görülən işi qiymətləndirə biləsən”.
Xalq şairi saytları izləməsə də, gündəlik qəzetlərin əksəriyyətini oxuduğunu qeyd edir.
Xalq yazıçısı Mövlud Süleymanlının fikrincə isə son illər milli dəyərlər özünü mətbuatda daha çox göstərir:
"Milli-mənəvi
dəyərlər indiki mətbuatda özünü daha geniş göstərir. Bu gün yüzlərlə
qəzet, jurnal, sayt, TV və radio kanalları fəaliyyət göstərir. Bunlar
mətbuatın inkişafında əvəzsiz rol oynayırlar. Bu sahənin inkişafında
mətbuat işçisinin özündən çox şey asılıdır. Jurnalistin məsuliyyətli
olmağı, hadisəni və yaxud problemi görə bilmək bacarığı işin böyük
hissəsini təşkil edir. Azərbaycan mətbuatının gələcəyi jurnalistlərin
peşəkarlığından asılı olaraq inkişaf etməkdədir”.
Xalq yazıçısı vaxt qıtlığı səbəbindən "onlayn” medianı çox izləməsə də, lazımı informasiyaları bəzi saytlardan aldığını qeyd edib.
Xalq şairi Zəlimxan Yaqub da çağdaş Azərbaycan mətbuatı haqqında müsbət düşüncədədir:
"Mətbuatımız Həsən bəy Zərdabidən bu günə kimi böyük inkişaf yolu
keçib. Bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuatda da özünü
göstərir. Mətbuatımızda Zərdabi ilə əsası qoyulan ənənələr var ki, onlar
günümüzdə də qorunub saxlanır və inkişaf etdirilir. Zərdabi
Azərbaycanın bu günü və sabahı üçün sözün həqiqi mənasında nümunə ola
biləcək məktəbin əsasını qoydu”.
Vətəninfo.az