Hüquq müdafiəçiləri təzyiqə məruz qalan ailəni sonacan müdafiə edəcəklərini bildirirlər
"Həyat yoldaşım ikinci övladımız şikəst doğulandan sonra meşşan həyat
tərzi yaşamağa başladı. Tez-tez məni döyürdü, təhqir edirdi, az qalırdı
qeyri-rəsmi münasibətdə olduğu əxlaqsız qadınları evimizə gətirsin”.
Bunu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin
ofisində keçirilən mətbuat konfransında Sevda Seyfullayeva bildirib.
Onun sözlərinə görə, 25 avqust 2009-cu il təvəllüdlü qızı Aysu
anadangəlmə şikəstdir: o nə danışmır, nə yeriyə bilmir, nə görmür, nə də
eşitmir. Həyat yoldaşı Faiq Seyfullayev isə bunun günahını nədənsə
anada axtarmaq qərarına gəlib və qadına əziyyət verməyə başlayıb.
S.Seyfullayeva başına gələn müsibətlərdən qurtulmaq üçün iki il əvvəl
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupuna müraciət edib.
7 hüquq müdafiəçisinin – Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət
Bənəniyarlı, Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev və
Eldar Zeynalov – iştirak etdiyi mətbuat konfransında məsələni daha geniş
diqqətə çatdıran Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirib
ki, S.Seyfullayeva onlara müraciət etdikdən sonra qrupun üzvləri onun
problemilə yaxından tanış olaraq, qadına hüquqi yardım ediblər. Məlum
olub ki, xəstə övladına baxmaqdan imtina edən və belə uşaq dünyaya
gətirdiyi üçün S.Seyfullayevanı boşamaq qərarına gələn F.Seyfullayev
birgə nikah zamanı əldə edilmiş Bakı şəhəri Yasamal rayonu Şəfayət
Mehdiyev küçəsi 142 ünvanındakı qeyri-yaşayış sahəsini guya qızının
müalicəsi adı ilə sataraq pulu mənimsəyib: "Ev əslində baha satılıb,
amma sənədlərdə 100 min manat göstərilib. Ev satıldıqdan bir ay sonra
F.Seyfullayev boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma zamanı
məhkəmə hər uşağa görə 100 manat aliment kəsib. F.Seyfullayev keçmiş
xanımını və övladlarını Bakı şəhəri Yasamal rayonu Zərdabi prospekti ev
86, mənzil 83 ünvanındakı evdən çıxarmağa və yenidən evlənməyə qərar
verib. Hazırda o, evlənib”.
Bundan sonra prosesin davamını özü danışan mətbuat konfransının
iştirakçısı S.Seyfullayeva bildirib ki, belə olduqda keçmiş həyat
yoldaşına qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və
cehiz əşyalarının qaytarılması iddiası ilə məhkəməyə müraciət edib.
Birinci dəfə 29.12.2012-ci ildə Yasamal rayon Məhkəməsində
S.Seyfullayevanın cehizlərinin qaytarılmasına, Yasamal rayonu,
Ş.Mehdiyev 142 ünvanındakı qeyri-yaşayış sahəsinin satışından əldə
edilmiş 100 min manatın 50 min manatının alınaraq qadına verilməsinə,
eyni zamanda S.Seyfullayevanın Yasamal rayonu Zərdabi prospekti 86
ünvanındakı 83 saylı mənzilin ½ hissəsinə pay hüququnun tanınmasına
qərar verilib: "Onu da qeyd edim ki, mənzil birgə nikah dövründə "Lotos”
MTK-dan alınsa da, F.Seyfullayev şəxsi əlaqələri hesabına guya həmin
mənzilin rəsmi nikahımızdan (22.04.2005-ci il) 26 gün əvvəl alındığı
haqda MTK-dan arayış alıb. Arayışda evin 22 min 800 dollara alındığı
əksini tapıb”.
Maraqlıdır ki, məhkəmə "Lotos” MTK-dan F.Seyfullayevin evin dəyərinin
hansı tarixdə ödənmiş olması ilə bağlı maliyyə sənədləri tələb etsə də,
MTK sənədləri təqdim etməyib və guya arxivi su basdığı üçün sənədlərin
məhv olduğunu bildirib: "Keçmiş həyat yoldaşım "Lotos” MTK-nın saxta
arayışı ilə evi nikahımızdan 26 gün əvvəl aldığını bildirsə də, evin
təmirinə birgə yaşayışımız dövründə 100 min manat xərcləndiyini deyib.
Bununla da o, mənim AR Ailə Məcəlləsinin 35-ci maddəsinə (Ər-arvadın hər
birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən hüququmun
tanınmasına kömək etmiş oldu”.
Qeyd edilən maddədə göstərilir ki, nikahda olduqları dövrdə ər-arvadın
ümumi əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın
hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı
təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilsə,
həmin əmlak birgə mülkiyyət sayıla bilər: "İkinci dəfə 20 noyabr 2014-cü
ildə Yasamal rayon Məhkəməsi tərəfindən həmin maddəni rəhbər tutaraq
çıxarılan qətnamədə (hakim F.Babayev) keçmiş həyat yoldaşım Faiq
Seyfullayevin iddiaları rədd edilib, həmin mənzilin bizim birgə
mülkiyyətimiz hesab edilməsi, iki övladımla evin ½ hissəsinə mülkiyyət
hüququm tanınıb.
Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə ekspertizasının
29.09.2014-cü il tarixli rəyi ilə ümumi sahəsi 116 kvadratmetr olan
mübahisəli sahəyə çəkilən təmir xərci 34 min 348 manat olub. "Lotos”
MTK-dan alınan arayışa əsasən 22 min 800 dollara alınmış həmin 3 otaqlı
təmirsiz mənzilin təmirinə sonradan 34 346 manat xərclənib. Bu vəsait
birgə nikah dövründə qoyulub. Bundan başqa, iş materiallarından da
görünür ki, "MBA” LTD şirkətinin vermiş olduğu MB 07/674 saylı
12.05.2014-cü il tarixli arayışda həmin mənzilin hazırkı qiyməti 155-165
min manat məbləğində müəyyən edilib.
Sözügedən qətnamədən razı qalmayan qarşı tərəf-F.Seyfullayev xanımına və
onun hüquqlarını müdafiə edən şəxslərə hədə-qorxu gəlir, hüquq
müdafiəçilərinə müxtəlif yollarla təzyiqlər etməyə çalışır. O, hətta işə
baxan hakimlərə belə qeyri-qanuni yollarla təzyiq etməkdən çəkinmir.
S.Seyfullayevanın sözlərinə görə, keçmiş həyat yoldaşı tez-tez evə
gələrək onları təhdid edir: "Məhkəməni uduzacağı təqdirdə evi
yandıracağı, bizi öldürəcəyi ilə hədələyir. Son günlər isə o, Ali
Məhkəməyə tapşırıldığını, qərarın nə bahasına olur-olsun
dəyişdiriləcəyini deyir. Onun maddi imkanları həddən artıq genişdir, bir
neçə yerdə mağazası, evi, maşınları var”.
Qeyd edək ki, məhkəmədən əvvəl İnsan Hüquqları Məsələləri üzrə Birgə
İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafəçisinin – Novella
Cəfəroğlu, Səadət Bənəniyarlı, Səidə Qocamanlı, Sahib Məmmədov, Eldar
Zeynalov, Əliməmməd Nuriyev, Zəlihə Tahirova, Arzu Abdullayeva və
Mirvari Qəhrəmanlı – Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova və
Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə ünvanladığı müraciətdə
də o da qeyd edilir ki, Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqi ilə
bağlı artıq Azərbaycan məhkəmə praktikasında presedent hüququ mövcuddur
və buna əsaslanaraq prosesdə S.Seyfullayevanın hüquqlarının təmin
olunması istiqamətində qərarın çıxarılması mümkündür. Bakı Apelyasiya
Məhkəməsində belə bir presedentin mövcudluğunu və qanunu rəhbər tutaraq
S.Seyfullayevanın haqlı tərəf olduğu nəzərə alınaraq onun xeyrinə qərar
çıxarılıb. Hazırda iş Ali Məhkəmədədir. S.Seyfullayeva bu günə qədər işə
baxan hakimlərin ədalətli mövqeyinə görə onlara dərin minnətdarlığını
da bildirdi.
Faiq Seyfullayev Apellyasiya Məhkəməsini uduzduqdan sonra başlayıb
Yasamal Rayon Məhkəməsinin rəhbərliyindən, bu günə qədər işə baxan bütün
hakimlərdən, o cümlədən Sevda Seyfullayevaya köməklik göstərən hüquq
müdafiəçilərindən müxtəlif instansiyalara böhtan xarakterli şikayətlər
ünvanlayır.
Qeyd edək ki, F.Seyfullayevin atası sabiq bələdiyyə sədridir. O,
əvvəllər məhkum olunub. Gəlinini, gəlininin qardaşı arvadını dəfələrlə
oğlu və həyat yoldaşı ilə birgə fiziki təzyiqə məruz qoyub. Bütün
bunları mətbuat konfransında nəql edən S.Seyfullayeva onu da bildirdi
ki, öhdəsində xəstə uşaq olmasa idi bu qədər təhqirlərə və əziyyətlərə
məruz qalaraq mücadilə etməzdi: "Amma Aysu kor, kar, lal və yeriyə
bilməyən uşaqdır, onunla heç kimin evinə sığına bilmərəm. Başqa yerdə də
qalmağa imkanım yoxdur. Əlacsızlıqdan onlarla çəkişmələrdəyəm”.
Sonda hüquq müdafiəçiləri bildirdilər ki, Faiq Seyfullayev bu cür
çirkin, böhtan xarakterli əməllərini davam etdirsə, onlar Baş
Prokurorluğa rəsmi müraciət edəcəklər. Onlar həmçinin qeyd etdilər ki,
bu köməksiz ailəyə hüquqlarının təmin olunması üçün sona qədər hüquqi
yardım göstərəcəklər.