Abutalıb Səmədov: “Azərbaycana qarşı müxtəlif xarakterli təxribatlar yüksələn xətlə davam edəcək”
Son günlər sosial şəbəkərlərdə Rusiyanın Azərbaycana qarşı informasiya kampaniyasını gücləndirdiyi, yaxın günlərdə daha aqressiv bir mərhələyə qədəm qoyacağı iddiaları səsləndirilir. Ölkəyə qarşı yeni hədəflənmiş informasiya hücum dalğasının gözlənildiyi qeyd edilir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalıb Səmədovun sözlərinə görə, Rusiyanın Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətdən narazılığı heç kimə sirr deyil.
O qeyd edib ki, Azərbaycana qarşı müxtəlif xarakterli təxribatların bundan sonra da yüksələn xətlə davam edəcəyi çoxlarına aydındır: "Rusiya KİV-də müxtəlif ranqlı ekspertlərin, deputatların və digər şəxslərin anti-azərbaycan xarakterli çıxışları bundan sonra da artacaq. Eyni zamanda, Ukrayna müharibəsinin başa çatmaq ehtimalını nəzərə alsaq, Rusiyanın bu sahəyə daha böyük güc yönəldə biləcəyini əvvəldən deməliyik. Hələlik Ukraynaya başı qarışıb, digər bölgələrlə o qədər də məşğul ola bilmir. Ancaq ehtimal var ki, bu il sülh sazişi imzalansın”.
A.Səmədov bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri də diqqətdən yayınmamalıdır: "Rusiyanın Ermənistanı yenidən öz for-postuna çevirmək ehtimalı var. Ermənistanda rusyönümlü qüvvələrin qalib gəlməsi Rusiyanın Cənubi Qafqazda imkanlarını xeyli artıracaq. Bu təhlükələri biz mütləq nəzərə almalıyıq və Rusiyanın nəyin bahasına olursa-olsun Cənubi Qafqazda qalmağa çalışacağını da nəzərdən qaçırmamalıyıq. Bunun üçün ilk növbədə Azərbaycanı Rusiya öz təsir dairəsində saxlanmağa çalışır və aydındır ki, təkcə informasiya hücumlarından istifadə etməyəcək. Rusiyanın 1990-cı illərdə atdığı addımlar, yürütdüyü siyasət yaxşı yadımızdadır. Bu addımların daha böyük miqyasda yaxın aylarda davam edəcəyi indidən nəzərə alınmalıdır”.