AFFA üçün təhdid - “İnter”dəki “üsyan”ın arxasında nə dayanır?

AFFA üçün təhdid - “İnter”dəki “üsyan”ın arxasında nə dayanır?

Bu gedişlə, "İnter" mövsümün sonuna "sağ çıxmayacaq". "Bankirlər"in keçən mövsümün gedişində baş qaldıran maliyyə problemləri yayda daha da kəskinləşmişdi. Vəziyyət o həddə çatmışdı ki, hətta klubun Avropa Liqasındakı səfər xərclərini AFFA öz üzərinə götürdü. Bir müddət öncə isə AFFA-nın saytında "İnter" üçün xərclənən vəsaitin UEFA-nın "bankirlər"in avrokuboklarda iştirakına görə köçürdüyü məbləğdən (630 min avro) çıxılacağıyla bağlı xəbər yer aldı. Bu isə deyəsən, "bankirlər"in ürəyincə olmayıb...

VİZUAL.az xəbər verir ki, bu gün "apasport.az" saytında yayılan xəbərdə "İnter"in futbolçularının axşam məşqinə çıxmaqdan imtina edəcəyi və 12-ci turda keçiriləcək "Qəbələ"ylə səfər oyununa yollanmayacağı barədə xəbər verilib. Xəbərdə deyilir ki, futbolçular UEFA tərəfindən kluba çatması üçün AFFA-ya göndərilən pulla borclarının ödənilməsini tələb edirlər.

Amma Komanda.az məsələylə bağlı başqa bir məlumat əldə edib. Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, bu, "İnter"in prezidenti Georgi Nikolovun bir gedişidi. Komandada heç də deyildiyi kimi, futbolçuların "üsyan"ı baş vermir. Sadəcə, bolqar futbol funksioneri UEFA-nın onların avrokuboklarda iştirakına görə AFFA-nın hesabına köçürdüyü pulları almağa çalışır.

Nikolov futbolçuları öz planlarına alət etməklə, AFFA-nı UEFA-nın onlar üçün ayırdığı məbləği klubun hesabına köçürməyəcəyi halda, çempionatdan çıxmaqla hədələyir. Bu isə o deməkdi ki, "İnter"lə AFFA arasında "müharibə" başlayıb.

Federasiya "Neftçi"ni, "Sumqayıt"ı, "Kəpəz"i öz nəzarətinə keçirdiyi kimi, "İnter"i də ələ keçirməyə çalışır. Amma "bankirlər"in sahibi Cahangir Hacıyev və Nikolov AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədovun bu planına qarşı çıxır. Görünən odu ki, bu xamır çox su aparacaq. Böyük ehtimalla, "İnter" qış fasiləsindən sonra dağılacaq...

Məsələylə bağlı klubun mətbuat xidmətiylə əlaqə yaratmağa çalışsaq da, Səbuhi Məmmədovun nömrəsinə zəng çatmadı.

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az