Azər Həsrət: “Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir”
"Azərbaycanda dindən sui-istifadə halları az deyil. Din adı altında insanlara xurafat, cəhalət "sırıyan”, dini ayrı, fərqli bir şəkildə insanlara təqdim etməyə çalışan, ümumiyyətlə, dinə aidiyyatı olmayan uydurmalarla insanların beynini pozan bir zümrə var və bu zümrələrin arxasından da bir qayda olaraq xarici qüvvələr çıxır. Bir tərəfdə İranın məlum mərkəzləri, digər tərəfdə Ərəb ölkələrindən gələn müəyyən qüvvələr, o biri tərəfdən də Qərb ölkələrindən gələn və ümumiyyətlə, cəmiyyətimizi İslamdan uzaqlaşdırmağı hədəfləyən qüvvələrdir. Yəni bütün bunlar səmimi dindarların beynini pozmaq, qarışdırmaq üçün edilir”.
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, din Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir və xüsusilə də İslam dininin üstün yeri var: "Çünki Azərbaycan müsəlman ölkəsidir. Baxmayaraq ki, din dövlətdən ayrıdır, ancaq dövlətimiz dinə də qayğısını əsirgəmir. Xüsusilə də İslam dininə üstün qayğı göstərilir. Dövlət digər dinlərə də qayğısını əsirgəmir. Niyə dünyəvi dövlət olan Azərbaycan bunu edir? Ona görə edir ki, insanların mənəvi ruhani ehtiyaclarının ödənilməsi həm də dövlətin vəzifəsidir. Yəni insanlar istədikləri dini seçib, o dinə uyğun da yaşaya, həyat tərzi sürə bilərlər. Bizim Konstitusiya ilə də təsbit edilib. Amma bəhs etdiyim, bundan sui-istifadə edən bəzilərinin məqsədi də budur ki, müsəlmanlar arasında nifaq salsınlar, insanları bir-birinə qarşı qoysunlar”.
A.Həsrət qeyd edib ki, belə halların qarşısını almağın yolları mövcuddur: "Biz həmişə demişik ki, din bir seçimdir. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə dininə qarışsın, o cümlədən də müsəlmanların dininə. Belə bir şəraitdə insanlara düzgün yolu göstərməyə yardımçı olmalıyıq. Doğru yol nədir? Kimsə dini seçirsə, o adamı küncə sıxışdırmaq olmaz. Ona irad tutmaq olmaz ki, ona sən niyə bu dini seçmisən? Çünki bu fərdi bir seçimdir. Şəxsi seçimlərə də kimsənin qarışmağa ixtiyarı yoxdur. Amma dini seçmiş insan xurafata yuvarlanıb, cahilliyə sürüklənirsə, yanlış yollara aparılırsa, əlbəttə, cəmiyyət və dövlət olaraq onun qarşısını almağa yardımçı olmalıyıq. Seçim doğrudursa, bu seçimə hörmətlə yanaşılmalıdır. Cəmiyyətdə maarifləndirmə işlərini güclədirmək lazımdır. Ayrı-ayrı fərdlərin üzərində deyil, İslam gerçəkləri üzərində təbliğat aparılmalıdır. Əlbəttə, 1400 il öncə meydana çıxmış İslam dini bu günümüzlə müəyyən məsələlərdə ayaqlaşmaya bilər. Bunlar da cəmiyyətə izah edilməlidir. Məsələn, "əl-Əhzab” surəsinin 50-ci ayəsində qohum evliliklərinə icazə verilir. Amma hazırda 2025-ci ildə bu cür evliliklərə qadağa qoyulub. İndi bu o deməkdir ki, Azərbaycan dövləti İslam dininə qarşıdır? Xeyr, təbii ki! Sadəcə olaraq, elmi əsasları var bunun. O dövr üçün keçərli olan bir məsələ bu gün keçərli olmaya bilər. Bax bunu bu cür izah edəcəyimiz təqdirdə əminəm ki, dinə könül vermiş adamlar xurafat, cəhalətdən, aldadılmaqdan uzaq olacaqlar. Yəni din mənəvi, ruhani aləmdir. Orada insanları cəhalətə sürükləmək istəyənlərin məqsədi sadəcə olaraq cəmiyyətdə nifaq yaratmaq, insanları bir-birinə qarşı qoymaqdır. Bu cür adamların qarşısı mütləq alınmalıdır. Təəssüf ki, bəzi adamlar özlərinə din xadimi deyərək ortalıqda dolaşır, cəfəngiyyatlarla dini eyni göstərib ağlı başında olan, düşünməyi bacaran insanları dindən uzaqlaşdırırlar. Düşünürəm ki, dini hər kəs öz seçimi olaraq qəbul etdiyinə görə sorğulamağa, düşünməyə yer olmalıdır. İnsan düşünməlidir ki, tam anlasın. Cəhalət, xurafat tərəfdarı olanlar nə düşünməyə, nə də sorğulamağa imkan verir. Belə olan vəziyyətdə maarifləndirmə işini genişləndirmək lazımdır”.