Azərbaycan əsgəriyik, bu ada qurban!

Azərbaycan əsgəriyik, bu ada qurban!
                                                                  Millet için etti mi ordum sefer,
                                                                  Kükremiş arslan kesilir her nefer,
                                                                  Döktüğü kandan göğe vursun zafer, 
                                                                  Toprağa bir damlası boş akmasın...
                                                                                              Mehmet Akif Ersoy

XIX əsr və XX əsrin əvvəllərində- Azərbaycan Çar Rusiyasının tərkibində olduğu dövrdə sıravi müsəlmanlar orduya cəlb edilmirdilər. Yalnız zadəgan nəslinin nümayəndələri orduda xidmət etmək və hərbi təhsil almaq hüququna malik idilər. Çar Rusiyası dövründə Azərbaycan xalqının bir çox görkəmli hərbi xadimləri yetişib. General Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski məhz belələrindəndir.

Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin  atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal Bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya  malik olmalı, özünün Silahlı Qüvvələrini yaratmalıdır.

İyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu- Əlahiddə Azərbaycan Korpusu təşkil edilib. Qısa müddətdə Milli Ordu hissələrinin Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda Nazirlər Şurasının 1918-ci il noyabrın 1 -də verdiyi qərarla ordu quruculuğuna rəhbərlik Azərbaycan hökumətinin əlində cəmləşib. Həmin il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib. Onlar az vaxtda ordu quruculuğunda böyük işlər görüblər. 1919-cu il martında Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təntənəli hərbi paradı təşkil edilib...

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan 15 general bolşeviklər tərəfindən güllələnib.

Azərbaycanlılar hətta müstəqil olmadığı dövrlərdə də hərbi peşəyə yiyələnməyə çalışıblar, İkinci Dünya müharibəsi zamanı Azərbaycanın növbəti böyük hərbçilər, zabitlər, generallar korpusu formalaşıb. İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanları faşizmə qarşı mübarizədə böyük igidliklər göstəriblər. General Həzi Aslanov, general Akim Abbasov, general Mahmud Əbilov, general Tərlan Əliyarbəyov və bir çox başqa generallar məhz bu dövrdə adlarını tarixə yazıblar.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, Silahlı Qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başladı, hələ 1971-ci ildə Ümummilli Liderin tarixi xidməti nəticəsində yaranmış C.Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edildi, ordunun əsasını təşkil etməyə başladı, ali hərbi məktəblər yenidən formalaşdırıldı. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. 

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verib, bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub və tarixi varislik ənənəsinə uyğun olaraq məhz onun 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla iyunun 26-sı- Əlahiddə Azərbaycan Korpusunun yaranma günü - Azərbaycan Silahlı Qüvvələrinin Günü elan edilib. Hər il xalqımız bu günü böyük təntənə ilə qeyd edir. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

Qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. 2008-ci, 2011-ci, 2013-cü və 2018-ci illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini əyani nümayiş etdirib.

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələri qoşunlarının təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib. Bu, aprel döyüşləri kimi tarixləşdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri mifi alt-üst edildi.

2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunub.

2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. 

Son illərdə həyata keçirilən genişmiqyaslı təlimlər, ən yüksək texnikalarla, qurğularla təchizat, ümumən hərtərəfli qayğı şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəldib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır". Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, dünyada ən güclü ordular sırasındadır. 

       
Bu gün Azərbaycanın müdafiə qabiliyyəti ölkənin milli maraqlarının təmin edilməsində əsas rol oynayır. Azərbaycanda ordu dövlət üçün prioritetdir, ordu quruculuğuna fasiləsiz, dönməz diqqət vardır. Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək, onların məişət şəraitini yaxşılaşdırmaq məqsədilə də mühüm layihələr icra olunur. Azərbaycan Ordusunun şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir.  

Ulu  öndər Heydər Əliyevin  Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı böyük işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri istər ən müasir silah növləri, texniki vasitələrlə təchizat, istərsə də nizam-intizam və döyüş qabiliyyəti səviyyəsinə görə yüksək peşəkarlıq meyarlarına tam cavab verir. 
Əminik  ki, ordumuzun şəxsi heyəti xalqımızı qələbələrlə sevindirəcək. Bu da Azərbaycan Ordusunun dövlət qayğısına, xalq sevgisinə cavabı olacaq.
                                         
... Şimdiden çekilecek acısı bunun, 
                                             
duyulacak mahzunluğu şimdiden. 
                                             
Böylesine sevilecek bu dünya 
                                             
"Yaşadım" diyebilmen için...
                                                (Nazim Hikmət)

Hazırladı:
Gülanə SƏDA,
tarixçi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az