Bir kərə yüksələn bayraq bir daha enmədi

Bir kərə yüksələn bayraq bir daha enmədi
                                                                                    
Göylər çıxa bildin, uça bildinsə dərindir,
Tarixi kəndin yazıyorsan, əsərindir.  (Mithat Cemal Kuntay)                                                                                                                                                          
                                                                                     
1918-ci ilin yazında Cənubi Qafqazda ictimai-siyasi vəziyyət gərgin idi. Zaqafqaziya hökumətinin Osmanlı imperiyasına  müharibə elan etməsi, azərbaycanlıların soyqırımına məruz qalması milləti xilas etmək üçün müstəqil dövlətin yaradılmasını zəruri  edirdi. Zaqafqaziya Seyminin və hökumətinin daxilində ziddiyyətlər artırdı.Seymin Azərbaycan fraksiyası Osmanlı dövlətinin yardımına ümid edirdi. Osmanlı dövləti də Azərbaycanın müstəqilliyində maraqlı idi.May ayının 26-da Xəlil bəy Xasməmmədovun Zaqafqaziya hökumətinə ultimatumunda göstərilirdi ki, Cənubi Qafqazın türk əhalisini hər yerdə soyub qırırlar,türklər onları  quldur inqilabçıların əlində qoya bilməz və onlara hər cür yardım göstərməyə hazırdırlar.

May ayının 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcüstanın federasiyadan çıxmaq haqqında bəyanatından sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi. Mayın 27-də Seymin Azərbaycan fraksiyasının keçirdiyi iclasda Müvəqqəti Milli Şuranın yaradılması haqda qərar qəbul edildi.M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi.Milli Şura Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında qərar qəbul etdi.Beləliklə,1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası-Azərbaycan  Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni mərhələ, tarixi hadisə oldu.Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdi.Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi” qəbul edildi. Bu "Bəyannamə” çox mühüm tarixi - hüquqi sənəd idi. O,Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bəyan etməklə yanaşı, onun bütün fəaliyyətinə hüquqi təminat verən əsas qanun rolunu oynamışdır.

Həmin gün Milli Şura F.Xoyskinin başçılığı ilə Müvəqqəti hökumətin tərkibini təsdiq etdi.May ayının 30-da Müvəqqəti hökumətin başçısı F.Xoyski müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumatı radioteleqrafla xarici dövlətlərin başçılarına bildirdi. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı, dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik edən şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin böyük xidmətləri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətdə ilk uğurlu addımı iyunun 4-də Batumda Osmanlı dövləti ilə "Sülh və dostluq” müqaviləsinin imzalanması oldu.Bu müqavilə ilə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Osmanlı dövləti oldu.Müqavilənin 4-cü bəndinə görə ehtiyac olarsa,Osmanlı dövləti Azərbaycana  hərbi yardım göstərməyi öz üzərinə götürürdü.10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
 
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 701 günlük şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq,milli dövlətçilik tarixində silinməz izlər qoyub,xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Məhz həmin dövrdə demokratik təsisatlar yaradılıb,ordu quruculuğu sahəsində böyük işlər görülüb,müsəlman Şərqində, ilk dəfə olaraq, qadınlara səsvermə  hüququ verilib. AXC özünün siyasi quruluşuna,həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə görə Avropanın ənənəvi  demokratik respublikalarından geri qalmırdı. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi...

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından:
 
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir... Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün  möhkəm zəmin yaratmışdır.

Respublika günü-1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olundu.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyev  Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları həmişə böyük hörmətlə anılır və onların əziz xatirəsi uca tutulur...
                           
Bayraqları bayraq yapan üstündəki qandır,
Toprak, əgər uğrunda ölən varsa, Vatandır.

Hazırladı:
Gülanə SƏDA,
Tarixçi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az