"Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynov jurnalist Rasim Əliyevin işinə görə Səbayıl Rayon Məhkəməsinin qərarı ilə dünən həbs edildi.
"Qəbələ" futbol klubu Cavid Hüseynovun həbsi və futbolçunun gələcəyi ilə bağlı heç bir açıqlama verməyəcəyini bildirib.
Vətəninfo.az xəbər verir ki, baş verən hadisələrə əməkdar məşqçi Böyükağa Hacıyev Ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib.
Böyükağa Hacıyev: "Cavid yaxşı oğlandır. Ancaq insan harada olur olsun, nəyin sahibi olursa olsun hərdən dönüb geriyə də baxmalıdır. Haradan gəlmişəm, hara gedirəm və vurulsam hara gedərəm, vursam hara gedərəm, bütün bunları yaxşı düşünməlidir. Jurnalistin ölümü hamımızı sarsıtdı. Cavid Hüseynov nə Messidir, nə də Ronaldo, o, Azərbaycan futbolçularının yüzündən biridir. Cavid Hüseynov əvəzolunmaz futbolçu deyil. Baxmayaraq ki, "Qəbələ"də əsas heyət oyunçusu və kapitan idi, ancaq əvəzolunmaz deyildi.
Adam əsəbləşə də bilər, özündən çıxa da bilər, ancaq bu o demək deyil ki, emosiyalara qapılıb nə isə etməlidir. Bir kəlmə ilə məsələni yoluna qoymaq olardı. Cavid Hüseynov o hərəkəti edibsə, deməli çox böyük səhv edib".
- "Qəbələ" futbol klubu Cavid Hüseynov haqqında hansı tədbiri görməlidir?
- Futbolçular belə səhvləri edirlər. Bu o demək deyil ki, klub onu müdafiə etməlidir. Klub onu müdafiə etsə idi, Cavid Hüseynov həbs olunmazdı. Klub çox düzgün addım atıb. Cavid Hüseynovun müqaviləsi mexaniki ləğv olunur. Cavid Hüseynov nə Məşhədə, nə də Məkkə ziyarətinə gedib, o, içəri gedib. Baş verən bu olay Azərbaycan futbolunda nadir hadisələrdən biridir. Qoy ədalət zəfər çalsın. Həyatda insanın fətvasını Allahdan başqa kimsə verə bilməz. Əgər hansısa futbolçu özünü Allahın yerinə qoyub fətva verir və insan taleyini həll etməyə çalışırsa, cəzası nədir, onu da çəkməlidir.