Deputat: “Pulla ələ alınmış söyüş müxalifətinin, onların əlaltılarının təxribat cəhdinin qarşısının alınması gücümüzü göstərdi”
"Xaricdə yaşayan bir neçə azərbaycanlı ünsürün aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyi, ölkə rəhbərliyinin kortejinə hücum cəhdi Amerikada məqsədli şəkildə təşkil edilmiş bir təxribat idi. Bu, Azərbaycanın və onun Prezidenti cənab İlham Əliyevin artan nüfuzuna kölgə salmaq üçün anti-Azərbaycan mərkəzlər tərəfindən edilən bir cəhd idi. Onsuz da bilirdilər ki, təxribat alınmayacaq, sadəcə, onlara hay-küylü video lazım idi. Çalışırlar ki, Azərbaycan xalqında öz liderinə qarşı bir inamsızlıq yaratsınlar. Bu mümkün olan deyildi. Sadə, ziyalı, zəhmətkeş, müdrik azərbaycanlı bilir ki, bugünkü stabilliyə, inkişafa, qürurumuza, müstəqilliyimizin qorunmasına görə Ulu Öndər yoluna, cənab Prezidentimizin apardığı siyasətə borcluyuq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə qeyd edib ki, hər bir azərbaycanlı Prezident İlham Əliyevin yanındadır, onu dəstəkləyir: "Belə təxribatların sonu yoxdur, heç vaxt inamımızı sındıra bilməz. Təxribatın qarşısının dəqiqliyi ilə alınması isə bir daha bizim gücümüzü göstərdi. Azərbaycan buna görə müstəqil olub ki, müstəqil siyasət yürütsün. Həmin o təxribatçıların məqsədi bizi köləliyə, keçmişə, kiminsə əlinin altında olmağa yönəltmək idi. Bunların sonu yoxdur. Pulla ələ alınmış söyüşcül, çığırqan müxalifətin, onların əlaltılarının siması dünənki təxribat cəhdində bir daha üzə çıxdı”.