Ermənilər Tovuzla sərhədə ağır artilleriya yeridir

Ermənilər Tovuzla sərhədə ağır artilleriya yeridir

Tovuzdakı hərbi avantüra ilə Ermənistan çalışır ki, Ermənistan-Azərbaycan konfliktinə özünün üzv olduğu hərbi-siyasi təşkilatı cəlb etsin və Azərbaycana qarşı aqressiya və işğal məsuliyyətindən qaçsın.

Axar.az xəbər verir ki, bunu "Lenta.ru”ya müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. O, İrəvanın fəaliyyətinin onun üzv olduğu beynəlxalq təşkilatların sənədlərinə zidd olduğunu bildirib.

H.Hacızadə 12 iyulda Ermənistan tərəfindən Tovuzla sərhədə ağır hərbi texnika gətirildiyinin müşahidə etdiyini söyləyib:

"Biz bunu artilleriya qurğularından istifadə etməklə hücumun əvvəldən hazırlanmasına dair sübut kimi dəyərləndiririk. Bununla belə erməni tərəfi heç nə işğal edə bilmədi. Bakı həmişə provokasiyanın qarşısını almağa və bu tip insidentləri neytrallaşdırmağa hazırdır”.

Prezidentin köməkçisi tərəflər arasında savaşın hər zaman gözlənilən olduğunu bildirib:

"Azərbaycan və Ermənistan arasında ciddi konflikt Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsindən bu yana - 30 ildir davam edir. Bizim ordularımız orada üz-üzə dayanırlar. Bütün bunlar I və II Dünya savaşlarının ssenarilərini xatırladır. İstənilən an toqquşma gözləniləndir. Provokasiyaları gözləyib gözləməməyi erməni tərəfindən soruşmaq lazımdır, axı onlar Azərbaycan torpaqlarını işğal ediblər”.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb:

"Beynəlxalq ictamaiyyət, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkə sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır və bu, artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına qayıda bilmir”.

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVİD-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb, habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az