AFFA Premyer Liqa oyunlarının yayım hüququnu bu telekanala verdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol
Liqası Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı üçün elan
etdiyi tenderin qalibi CBC TV kanalı elan olunub.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu haqda AFFA-dan məlumat verilib.
CBC TV Premyer liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il
ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım
haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa
klubları arasında bərabər şəkildə bölünəcək.
İlkin
razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə
yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq.
Azərbaycan dilində isə AFFA-nın Youtube (AFFA Official ) kanalında
yayımlanacaq. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan
dilində olacaq. CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan
asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində
idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də
üzərinə götürüb.