Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi paytaxtın Sabunçu rayonundakı 74 nömrəli orta məktəbdə “Fövqəladə hallar zamanı nə etməli?” mövzusunda nəzəri-praktik tədbir keçirib. FHN-dən “Vətəninfo.az”a bildiriblər ki, tədbirdə Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə, Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediiblər. Tədbirin nəzəri hissəsində “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın, partlayış və nəqliyyat qəzası zamanı nə etməli?”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Su hövzələrində təhlükəsizlik qaydaları”, “Qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydaları” mövzularında çıxışlar olub. Sonra FHN-in fəaliyyəti, struktur qurumları barədə sənədli film və Yaponiyada 2011-ci ilin mart ayında baş vermiş təbii fəlakət barədə videoçarx nümayiş etdirilib. Daha sonra zəlzələ mövzusunda səhnəcik göstərilib. Bu səhnəcikdə dərs vaxtı baş vermiş zəlzələ zamanı şagirdlər tərəfindən zəruri və ilkin davranış qaydaları əksini tapıb. Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə başa çatıb.