GENERALIN XATİRƏSİ ANILDI – FOTO

GENERALIN XATİRƏSİ ANILDI – FOTO
Ötən həftə bir qrup ehtiyatda və istefada olan yüksək rütbəli hərbi tibb xidməti zabitləri tibb xidməti general-mayoru Dağlar Abdullayevin məzarını mərhumun doğum günü münasibətilə ziyarət etmişlər. Anım mərasimində Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ilk rəisi istefada olan tibb xidməti polkovniki Vaqif İbrahimov, Silahlı Qüvvələrin sabiq Baş Tibb İdarəsi rəisi əvəzi, istefada olan tibb xidməti polkovniki Eldar Əliyev, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının sabiq rəisi, ehtiyatda olan tibb xidməti polkovniki Asif Qurbanov, hospitalın sabiq şöbə rəisləri ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İbrahim İbrahimov, Şöyüb Fərəcov, tibbi təchizat şəbəsinin sabiq rəisi Aydın müəllim və mərhumun yaxın qohumları iştirak etmişlər. 
Mərasimdə çıxış edən Vaqif İbrahimov, Eldar Əliyev və Asif Qurbanov mərhum tibb xidməti general-mayoru Dağlar Abdullayevin uzunmüddətli səmərəli fəaliyyətindən danışmış, müasir hərb təbabətimizin inkişafındakı müstəsna xidmətlərindən söz açmışlar. Həmçinin Dağlar müəllimin 1992-ci ildən hərbi səhiyyə sistemində həyata keçirdiyi islahatlar xüsusi vurğulanmış, kadr sistemindəki prinsipial mövqeyi qeyd olunmuşdur. Bildirilmişdir ki, Dağlar müəllim həm peşəkar tibb xidməti zabiti, həm də bir insan kimi özündən sonra sözün həqiqi mənasında böyük bir məktəb qoyub getmişdir. Silahlı Qüvvələrin tibb sahəsindəki uğurlarında məhz bu böyük şəxsiyyətin danılmaz xidmətləri var.
Qeyd edək ki, Dağlar Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin  səhiyyə sistemində ilk tibb xidməti genaral-mayorudur. O, 1956-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1960-cı ildə həmin institutu «həkim-stomotoloq» ixtisası üzrə bitirmişdir. 1961-ci ildə kadr kimi Silahlı Qüvvələrə çağırılaraq, Cənub Qrupu Qoşunları komandanının sərəncamına göndərilmiş, 1965-ci ilədək Cənub Qoşun Qrupu qvardiya tank dviziyasında «həkim-stomotoloq» kimi xidmət etmiş, 1968-ci ildən isə Zaqafqaziya Hərbi Dairəsi motoatıcı dviziyasında alayın tibb məntəqəsinin rəisi, baş həkimi, tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir.
1978-1983-cü illərdə Cənub Qoşun Qrupu əlahiddə tibb-sanitar taborunun komandiri və hərbi hospitalın rəisi vəzifələrində xidmət edən Dağlar müəllim 1983-cü ildə Zaqafqaziya Hərbi Dairəsi hospitalının rəisi təyin olunmuşdur.
1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırıldıqdan sonra isə Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsi hərbi-tibb şöbəsinin rəisi, 1993-cü ildən idarə rəisi, Silahlı Qüvvələrin Tibb xidməti rəisi vəzifələrində xidmət etmişdir. 2009-cu ildən Müdafiə nazirinin məsləhətçisi, müşavirlər qrupunun müşaviri, inspektorlar qrupunun müşaviri vəzifələrində xidmətini davam etdirmişdi.
2014-cü il 7 martda Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.
Dağlar Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 8 oktyabr 1994-cü ildə «tibb xidməti general-mayoru» ali hərbi rütbəsi, 2006-cı ildə isə «Azərbaycan Respublikasının Əməkdar həkimi» fəxri adı verilmişdir.
Mərhum Dağlar Abdullayevin üzünmüddətli səmərəli fəaliyyəti və əziz xatirəsi onu tanıyanların yaddaşından heç vaxt silinməyəcək.

İ.Rüstəmov





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az