Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında paralimpiyaçı çempion İlham Zəkiyevlə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Qarabağ əlilləri, müharibə veteranları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon sakinləri yaralanaraq gözünün nurunu vətən yolunda itirən çempionu əsl qəhrəman kimi qarşılayıblar.
Tədbirdə
icra başçısı Alı Alıyev qeyd edib ki, 18 yaşında hərbi xidmətə yollanan
və kəşfiyyatçı kimi qulluq edən İlham Zəkiyev Füzuli rayonunun Aşağı
Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən ağır
yaralanıb və görmə qabiliyyətini itirib. Ancaq o, qələbə əzmini,
həyatsevərliyini və iradəsini qoruyub saxlaya bilib. İki dəfə
paralimpiya çempionu, 2 dəfə dünya, beş dəfə Avropa çempionu olub. Ən
nəhayət Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının 26 iyun
Silahlı Qüvvələr Günündə keçirilən cüdo yarışında bütün rəqiblərinə
qalib gələrək qızıl medal qazanıb.
"Prezident İlham Əliyevin də
dediyi kimi, İlham Zəkiyev doğrudan da cəsarət və ləyaqət simvoludur.
Füzulililər də İlham Zəkiyevi sevir, onunla qürur duyurlar.
Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bu gündən İlham Zəkiyev Füzulinin fəxri vətəndaşı elan olunur”.
Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani çıxış edərək, İlham Zəkiyevin həyat yolu barədə məlumat verib.
İlham
Zəkiyevin özü ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını
bildirib. 16 il sonra yaralanaraq gözünün nurunu itirdiyi Füzuli
rayonunda olmasından, ona rayonun fəxri vətəndaşı adının veriməsindən
təsirləndiyini, qürurlandığını söyləyib.
"Mənim gözlərim
işığı görmür, lakin qəlbim qələbə sevincini hiss edir. İnanıram ki,
yaxın günlərdə biz Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi
altında işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəyik,
bayrağımızı Şuşada, Ağdamda Füzulidə dalğalandırıcağıq”.
Qarabağ müharibəsi veteran, "Azərbaycan bayrağı” ordenli Sevindik
İsmayılov keçmiş döyüşçülərin bu gün də döyüşə hazır olduğunu, Ali Baş
Komandanın əmrini gözlədiklərini bildirib.