İlhamla Fərizənin ailəsi İTV rəhbərinə məktub ünvanladı
20 yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü - İlham
Allahverdiyevin böyük qardaşı Elxan Allahverdiyev ailə adından İctimai
Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Cəmil Quliyevə
məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli Cəmil müəllim!
Əvvəlcə icazə verin, xalqımızın mədəniyyətinin, mənəviyyatının
keşiyində ləyaqətlə dayandığına, tariximizin, mədəniyyətimizin
təbliğində tutduğu önəmli yerə görə İctimai Televiziya və Radio
Yayımları Şirkətinin rəhbəri kimi Sizə Azərbaycanın sadə tamaşaçıları
olaraq minnətdarlığımızı bildirək. Rəhbərlik etdiyiniz televiziya bu
baxımdan həqiqətən örnəkdir.
Hörmətli Cəmil müəllim!
Bu il iyul ayının 23-də rəhbərlik etdiyiniz televiziyanın istehsalı
olan 20 yanvar şəhidləri İlhamla Fərizədən bəhs eləyən sənədli film hər
birimizi riqqətə gətirdi. Filmdə İlhamın Vətən uğrunda canından keçdiyi,
Fərizənin isə həmişə bağlı olduğu İlhamı üçün canını fəda etdiyi, bu
iki gəncin ölməz məhəbbəti o qədər gözəl əks olunmuşdu ki, hər birimiz
sanki İlhamı, Fərizəni yenidən gördük, onların xatirəsinin və
sevgilərinin həqiqətən xalqımızın qəlbində əbədi yaşayacağına bir daha
əmin olduq. Buna görə, ailəmiz adından başda Siz olmaqla İctimai
Televiziyanın kollektivinə minnətdarlığmızı bildiririk.
Hörmətli Cəmil müəllim!
Sizə Azərbaycanımız üçün gördüyünüz bu kimi bütün xeyirxah işlərdə uğurlar arzulayırıq.
Hörmətlə,
20 yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlər ailəsi adından Elxan Allahverdiyev.
Bakı şəhəri,
24 iyul 2015-ci il”
Qeyd edək ki, "Yazılmamış sevgi dastanı” filminin ssenari müəllifi Lütfi Nəzəroğludur.