İNSANlıq SERENADASI:

İNSANlıq SERENADASI:

Aydın Canıyev


Mənim... "var-yoxsuz qalan”... zirvələrə ucaldığım "Yaxşı adam”ım

Paaahooo! Sabah adamın, özü də bu ölkənin YAXŞI ADAMININ 65 yaşı olur! Mən onu tanıyanda, daha doğrusu, mənə yaxınlaşıb görüşəndə... çox cavan idim!
1994-cü ilin payız ərəfəsiydi: dəqiqdir ki, "Millət” qəzetində çıxan "Xan Lənkəran, xanım Lənkəran” yazımdan bir az əvvəl idi! Çünki o yazıdan sonra daha o binaya ayaq basmadım. Bölgə müxbiri kimi (rəhmətlik Hüseynqulu bəy "Azadlıq”ın bölgə müxbiri olaraq, o otaqda mənə yer vermişdi, baxmayaraq ki, Qənimət Zahid mənə "toyuna gələcəm” deyib, Bahəddin Həziyev maaşımın artırılması xəbərini çatdırsalar da, toyum olan gündə "planirovka”da... işdən çıxarmışdılar, hakimiyyət dəyişmişdi, LDU-da elmi katib işləyəndən məni tanıyan Dilrüba Camalova eləcənə... müxbir kimi mənim gəlib-getməyimə etiraz etmirdi, açarın məndən alınmasını tapşırmırdı kiməsə, heç tapşırmadı da - əleyhinə o boyda yazı yazmağıma baxmayaraq, özüm ayağımı üzdüm o binaya girib çıxmaq üçün sinov gedənlərdən fərqli olaraq!) mənim və Ağacəfər Həsənlinin ("Azərbaycan” qəzetinin bölgə müxbiri) Lənkəran şəhər icra hakimiyyətinin ikinci mərtəbəsində olan otağın qabağında - dəhlizin başında, pəncərənin önündə durub siqaret çəkirdim. Hündürboy, ərdəmli-sümüklü, zəhmli, kişiyana və ağayana səsi olan bu adam yaxınlaşdı.. ən doğmam kimi! Elə bil... yüz il idi məni tanıyırdı! Elə bil... mənə yaxınlaşıb təşəkkür etmək borcu vardı! Elə bil... dəqiq bilmişdi mənim YAXŞI ADAMA ehtiyacım var həmin o dəqiqələrdə!

Həmin o dəqiqələrdə mən... o binaya ona görə gəlmişdim ki, Moskvada yaşayan əmimoğlundan borc istəməyimin nəticəsini bilim... telefonla (icra hakimiyyətindən pulsuz yığırdım)! İnflyasiyanın ilk dalğası öncəsi borc götürmüşdüm dollarla – manata çevirib drandulet bir maşın almışdım özümlə yaşıd! Sentyabrda olan inflyasiya qənim kəsilmişdi! Evdən xanımın qır-qızıllarını, mebeli, hətta soyuducunu, Atamın ehtiyat buğda payını, artırma üçün aldığı qapı-pəncərəni dəyər-dəyməzinə satmışdım! 5 min dollardan artıq dəyəri olan əşyaların satışı belə dollar borcumun yarısı eləməmişdi! Bizdə adətən, borc yiyələri kəmfürsət olur: imkan olmadıqca, adamın üstünə daha pis gəlirlər! Az qala adama yemək yeməyi, harda niyə toya, restorana, çayçıya getdiyini qaxınc edirlər, adamı el içində rüsvayi-cahan etməkdən belə çəkinmirlər (arada dostlar məni qınayır ki, bayağı mahnılara niyə qulaq asırsan, məsələn, "ət yemə, yağ da yemə, yavaş-yavaş borcumu ver!” tipində, axı hardan bilsinlər? )!
Həə, həmin o dəqiqələrim idi – günüm gün deyildi ki, borc əlindən: qaytardığım bir borca görə eyni vaxtda üç nəfərə borc qaytarmalıydım! Bir yandan da əmimoğlu məni dolayırdı – başqası, konkret olaraq, borclu olduğum neyləyəsiydi, neyləməliydi ki? Hələ üstəlik də məlum olanda ki, əmioğlu məni Moskvadan əliboş kəndə "get, rayonda verərlər sənə pulu” ümidiylə qaytarmışdısa! Onun da üstündən bəlli olmuşdu ki... mənə 1000 dollar qıymayan əmioğlu məndən sonra 18 min dollar borc verdiyi adam pulu atıb ona gedib, onda borc sahibinin bütün kaprizlərini həzm etməyə məcbur idim!

Həmin gün axırıncı 10 "şirvan”ı qaytarmaq lazım idi! Onda mobil telefon yox idi təbii ki! Adam da məni nəzarətdə saxlayırdı – haçan zəng eləsə, cavab verməliydim! Verməyən kimi də "Lənkəran” qəzetinin redaksiyasına, evə, bütün dost-tanışa zəng edib ağzına və ağlına gələni deyirdi - əlqərəz "kəbinli arvad” 
zülmü Özüm cəhənnəmə, Tosif müəllim (indi Patris Lümumba adına Xalqlar Dostluğu Universitetinin dosentidir – qısaca: "RUDN”-də!) də girinc qalmışdı – zamin o durmuşdu!
Mənə bəzən dostların "axmaq” deməyindən incimirəm: çünki Adil əminin – "yapon Adil”in, "balaca Adil”in, Lənkəranda ən yaxşı və ən yüksək vəzifələrdə işləmiş ən pullu kişilərindən birinin toyuma nəmər adıyla yardım üçün verdiyi 1 milyon 600 minlik istiqraz vərəqələrini bu gün götürsəm də, sabah gətirib qaytarmışdım Qəhrəman müəllimə ki, verərsən Adil müəllimə (sonra gülüşürdülər ki, Qəhrəman müəlim istiqraz qaytarandı, ya Adil əmi onları götürən, ad sənin oldu, istiqraz Qəhrəman müəllimin, ağıl var səndə?), "Azadlıq”dakı yazımın bir cümləsinin təkzibi üçün 2,5 milyon rus rublundan gözlərinin qabağında imtina etmişdim...
Axşama 10 "şirvan” çatmalıydı! Və... bu ADAM dediyim doğmalıqla yaxınlaşır! Mənimlə görüşür, təşəkkür edir, yazılarımı oxuduğunu bildirir, üstündən də o qədər ehmalca, o qədər ərklə, o qədər ağayana əlini cibimə salır və deyir ki:
- Can, üzrlü say, biz çəkilişdəyik, yeyib-içməyə vaxt olmayacaq, özün dostlarla gedərsən!
Mən Az.TV-də Elman Gədiklinin yanına gələndə ötəri bir-iki dəfə gördüyüm bu ADAMIN məni ömürlük nəzarətə götürdüyünə inanmaq istəməsəm də... 25 ildən artıqdır ki, missiyasını uğurla, qənirsiz sərgiləyir! YAXŞI ADAM missiyasını!
Düzdür, mən Ona təklif etmədim evə gedək, axşam qonağım olun: demirəm nə gündəydim onda? Ata-ana, qardaş, evdəki xanım ürəkkeçmədə idi: biri qapıya gələn kimi elə bilirdilər borcluyam, ürək-göbəkləri düşürdü! Evə adam, üstəlik də belə YAXŞI ADAMI aparası halda deyildim (düzdür, sonra qonaq gətirdim): gələn olanda da Atamla Anam ağız-ağıza verib mənim əleyhimə o ki var döşəyirdilər! Gələn qonaq nə qədər desə də ki, Aydın yaxşı oğlandır (inanın, kimsə xoş söz deyəndə belə "ay onu yaxşı ilan çalsın” idi qarşılığı!), düzələr-filan, olmurdu ki, olmur!
 

O arada deyirlər e, Aydına sübut etmək olmur dediyinin əksini, bax o "məntiq elmi”nə onda yiyələnmişəm: 1994-cü ilin höküməti məni bihörmət elədi: inflyasiya ilə! Xalqın zülmə düşən milyonlarla vətəndaşından biri də mən oldum! Bu hakimiyyətin çəkdiyi dağın qarşılığıdır... heç cür barışmıram! Mən borcdan çıxdım 1 ilə, amma insanlar tanıdım ki, o bir il ərzində zorladılar, ailələrini dağıtdılar, evlərini əllərindən aldılar, arvadı-qızı-gəlini girov götürülən oldu, işindən məhrum edilənlər, eldən didərgin düşənlər nə qədər desən, hətta eləsi oldu ki, öldürdülər, psixoloji təzyiqlərdən nə qədər adam xəstə düşdü! Onda mənim düşüncəmdə zədələndi LƏNKƏRANLININ BREND, TREND, MARKA olmağı, gözümdən düşdü ölkənin pullu adamları, onda içimdə qırıldı öz xalqını miskin və aciz günə qoyan hakimiyyətə etimad, onda... mən YAXŞI ADAMLARIN VARLIĞINI qəbul etdim və özümə münasibətə görə heç kimə dəyər vermədim, başqalarına münasibətə görə dəyərləndirdim adamları – mənim bu yer üzünün bu ölkəsində heç kimə qarşı şəxsi qərəzim yoxdur! Saxlamadım – həmişə günahı özümdə gördüm! AMMA VƏ LAKİN... başqalarına qarşı əclaflıq, nadürüstlük, şərəfsizlik edənlərə qarşı qərəzli oldum... öz adımdan! Qoy desinlər ki, Aydın qərəzli yazır, ona da cavab tapdım bu illər ərzində: bəli, qərəzliyəm, amma mənim qərəzli olmağım doğru yazdığımın, haqqı dediyimin təkzibi deyil! Bilirsən qərəzliyəm, yanlış etmə: sən bu ölkədə səlahiyyət sahibisən, mən bu ölkədə jurnalistəm! İxtisasıma, doğal-konstitusion haqqıma görə də ixtiyarım var... soruşum, tələb və ittiham edim!
Həə, axşama 10 "şirvan”ı çatdırmalıydım!
Adam sağollaşıb getdi! Borclu olduğumu bilənə qədər böyür-başımda "dahi” deyib gəzənlər indi... yan gəzirdilər və maraqlı idi ki, məndən qaçan onlardan biri də gəlib məni qucaqlayan, rəğbətini ifadə edən, bir yerdə çörək kəsə bilmədiyinə görə üzrxahlıq edən YAXŞI ADAMIN xidmətinə qulluqçu qoyulmuşdu Başçı tərəfindən!
O ifadəm də ordandır: məni dahi deyib çağıranların hüzurunda qulluqçuluq edənlər mənimlə özlərini elə aparırlar elə bil dədələrinin əvəzinə analarının ərləri mənəm!
İKİMİZƏ DƏ AİD SÖZƏ SÖYKƏK:
İkinci Cahan Savaşı bitəndən bir neçə il sonra... Almaniyada sovet qoşunlarının hərbi hissələrinin birində gecə növbəsində qarovul çəkən əsgərlər öldürülür: bıçaqla, düz ürəyinin başından!
Komandir heyətinə məruzə olunur! Ölümlər isə ədədi silsilə ilə artır, həm də eyni postda! Sovet tərəfi müzakirə edincə, sorğu-sual aparınca, yol fikirləşincə, alternativ variantları düşündükcə, hər gecə biri öldürülür! Komanda heyəti qərara alır: "Ovçarka” itləri və ətraf ərazi tamam projektorla təmin olunsun, postlara növbəyə iki əsgər təyin olunsun! Meşənin içində yerləşən postda bunları tam qənirsiz etmək bir neçə gün çəkir! Və... növbəti dəfə əsgər ürəyindən bıçaqlanıb öldürülən kimi, növbə yoldaşı həyəcan siqnalını verir, ərazi projektorla işıqlandırılır!
Nə görsələr yaxşıdır? Belibükük bir qarı qoyub üstünə qaçır! Təbii ki, yaxalayırlar! Sorğu-sual uzun çəkmir! Qarı özü etiraf edir:
- Sovet əsgərləri müharibənin bitdiyi günlərdə 9 yaşında bircə oğlumu gözümün qabağında güllələdilər! Halbuki o heç bir halda döyüşdə iştirak etməmişdi, o da sovet uşaqları kimi müharibənin zülmünü yaşamışdı! Məni yox, onu güllələdilər! Mən də qisasımı aldım.
- Başa düşdük, bəs sən necə dəqiqliklə ürəklərindən o boyda məsafədən nişan ala bilirdin? Necə təyin edirdin ürəklərinin yerini o qaranlıqda?
- Onlar siqaret çəkəndə nişan alırdım...
- Necə?
- Müharibədən neçə il keçib? Mən bu illər ərzində çox düşündüm! Ən doğru variant buydu: ürəklərindən nişan almaq! Ağızla ürək arasındakı məsafəni öyrəndim, illərlə məşq etdim, gecəli-gündüzlü!
Ondan sonra sovet ordusunda... postda olarkən siqaret çəkmək qarovul nizamnaməsində qadağan olunub! Deməyim o ki... hər qadağa qanla yazılıb! Elə belə söz deyilməyib! Mən YAXŞI ADAM haqqında danışanda həm də onu nəzərə çatdırmaq istəyirəm: özümdən başqa məhz onda gördüm - həqiqiliyi qanla təsdiqlənmiş sözü deyir, boş sözü yoxdur YAXŞI ADAMIN!
Və bu adama niyə YAXŞI ADAM deyirəm?
25 ildən artıqdır dostuq! Həmişə bu adama rəhbərlik problem yaradıb! Həmişə də xəbərdar edib ki, mənə görə yazma! Eybi yox, mən birtəhər dözərəm, qoy deməsinlər ki, Aydın dostuna görə yazdı! Amma mənim elə "dostlarım” da oldu ki, bu gün işində qalmaq üçün "əleyhinə yaz” dediyinə görə sabah gəlib "lehinə yaz” deməkdən utanmadı! Bütün Azərbaycan xalqının varlığından iyrəndiyi bir kanalda 30 iləcən işləyib də bu qədər saf qalmaq özü YAXŞI ADAMlıq deyilmi xalq üçün? Xeyir-şərində olduğu, xeyir-şərində olanlar illərlə maaş almaqdan məhrum elədi, qonorar ümidinə saxladı, onu da aylarla yubadıb verdilər, bir dəfə də olsa qoymadı ki, yazım: iş yerinə evi, iş yoldaşlarına evinin adamı kimi baxan adam YAXŞI ADAM deyilmi?
Ona pis olanlardan belə, yaxşılığa yazdım – Onun təhrikiylə: mənə pisdir, o biri dostlarımıza ki, yaxşıdır! Qoy onlar balalarını saxlasın! Hər kəs öz balası qarşısında cavabdehdir, xalqı və allahı unudursa belə!
Yaxşı dedikləri haqqında pis yazdım... mənim haqsız yazmadığımı bildi, üzə vurmadı! Yaxşı dediklərinə məni nəzərə almaqlarını eşitdirdi!
Mənim YAXŞI ADAM dediyim sizin də YAXŞI ADAMINIZ deyilmi?
Həə, axşama 10 "şirvan”ı çatdırmalıydım! O pulu alası da, verəsi də adam yox idi o günü! İş vaxtı bitənəcən zənglərə cavab verəcəkdim, gecə lap gec evə gedəcəkdim, amma day orasını deməyə ehtiyac yoxdur... borc yiyəsi neyləyəcəkdi!
Ucuz siqaretimi çəkə-çəkə, burnu sıyrılmış-sürtülmüş ayaqqabılarıma baxa-baxa... otağa girdim: zəng gəlirdi! Cibimdəki pula baxdım: iki "50 min”lik! Mən 2 "şirvan” zənn eləmişdim! "Dostlarla yemək-içmək üçün” çox idi!
Tez çölə çıxdım. Ki... onu tapım birini qaytarım! Ondan "dostlarla yemək-içmək üçün” bəs edən puldan artığı haram olardı. "Qulluqçu”nun nömrəsini yığdım ki, öyrənim hardadır: "Elə səninlə sağollaşıb getdilər!”
Mənim YAXŞI ADAMIM həm də istənilən hərəkətiylə adamın vicdan refleksinə siqnal misalı! Onunla görüşəndə, danışanda ilk növbədə reaksiya adamın vicdanından gəlir: onunla danışığın sərhədini biləcəksən, onunla söhbətin mövzusundan kənara çıxmayacaqsan, onunla düz olacaqsan, ilan kimi "belə-belə oynamayacaqsan”!
Telefon aramsız zəng çalırdı!
Dəstəyi qaldırdım. Verdiyim cavabı da sonra çox işlətdim, çoxları üçün işlətdim:
- Pulu hara gətirim?
Əlbəttə ki, eniylə uzununda bir asqırağa zəlzələ yaranan rayonda nə var ki, deyilən yerdə 10 dəqiqəyə olmaq? Amma ürəyimi boşaltmalıydım:
- Sən daha heç kimə borc vermə! Sən borc verməyi bacarmırsan! İndi başlayacaqsan ki, "beləsiniz də, pulu alırsınız, qaytaranda narazılıq da edirsiniz! Deyirlər e, pulum səni verməyim düşmən olum, verim düşmən olum? Sən də pul veriləsi adam deyilsən!" Qardaşım, mən pulu bir addım da qabağa getmək üçün dost bilib almışdım, sən məni düşmən kimi rüsvay etmək üçün yox! Sən həm rüsvay elədin, həm də pulunu aldın. İndi pulu qaytardım, qaldı rüsvay eləməyini və söyüşlərini qaytarmaq!
YAXŞI ADAM o gün gəlməsəydi, mən daha neçə gün qalan şeyləri demirəm... söyüləcəkdim, onu allah bilir, rüsvayçılıq isə əndazəni aşırdı!
O ağır günlərin YAXŞI ADAMından danışdım: yaşantılarımı və ömrümün yeni mərhələsinə adladıb yaşamağımdan!
Həmin 1994-cü ildən cəmi iki nəfər salamat çıxdı: Tosif Babayev və... Qorxmaz Şıxalıoğlu!
Tanıdınız da? Məmməd Aslanın, Musa Yaqubun ən yaxın dostunu, İsmayıllının hapıtlar yaşayan iki kəndindən biri – Mollaisaqlıda məktəb direktoru olan Şıxalı Şıxalıyevin oğlunu: məndən 12 il böyük olsa da, məndən 12 il kiçik kimi bütün kaprizlərimə, dəliliklərimə, lap belə axmaqlıqlarıma səbr edən (mənə görə polisə də çağırıblar, mənimlə dostluğuna görə dodaq da büzüblər, mənə görə küsüblər də ondan, məndən şikayət də ediblər, mənə görə qanını da qaraldıblar, mənə görə yemək-içmək məclisi də zəhərə dönüb), küssə də küsməyini üzümə vurmayan, amma "turşuya qoyulmuş acı bibəri yeyib üstündən də bankasından suyunu içən”, sözü qıpqırmızı üzə deyən, var-dövlət adına heç nəyi, heç nəyi olmasa da, "Borc” və "Yaxşı adam” şeirlərinin müəllifi, əli bu ölkənin ən bərkgedənlərinin ətəyində olanın doğması olsa da, heç vaxt nəinki ona, heç heç kimə ağız açmayan, özünü tapşırtdırmayan, özünə görə və öz adıyla yaşayan YAXŞI ADAMIM mənim! Tanıdınızmı?
Ona - YAXŞI ADAMIMA görə deyirəm, həyatınızda yaxşı adamınız yoxdursa, batdınız... Aşqabad batan kimi! Yox, bilirsinizsə ki, özünüz elə YAXŞI ADAMlardan birisiniz, onda nə xoş halınıza! Demək ki, hardasa daha bir AYDIN CAN yaşayır!
 

SON SÖZ ƏVƏZİ: Mənə 35 ildə ən müxtəlif formada müraciətləri hərəsi bir formada simsar olanlarım özəlləşdirib, lisenziyasını alıblar, patent haqları var! Məsələn, "Canıyev” çağırmaq haqqı 28 ildir Kəmalə Mikayılzadədədir! Amma "Can qardaş” müraciəti YAXŞI ADAMındır: 25 ildir e, "Can qardaş” deyib, "can, qardaş!” eşidirik!
Atam, Anam, Qardaşım, hətta övladlarım bu qədər səbr etməyib e, mənə! Dostlardan da istisna elə 1994-cü ildən salamat çıxan bu ikisidir: Tosif Babayev və Qorxmaz Şıxalıoğlu!
Həə, onu da deyim ki, elə bilərsiniz adı Qorxmazdır, qorxacağı bir şey yoxdur, əsla elə deyil!
Mənim YAXŞI ADAMım qorxağın (doğrudan deyirəm və dırnağa almıram!) lap yekəsidir: dostun əxlaqının pozulmasından, xəyanətindən, vətənin əldən getməsindən, insanların alçaldılmasından, haqqın tapdalanmasından, tanıdı-tanımadı, kimsənin həyatının puç olmasından, milli dəyərlərin aşağılanmasından, şər-böhtan atmaqdan, yalan danışmaqdan, əlqərəz, əməlli-başlı "qorxaqlıq buketi” var – bütün YAXŞI ADAMlar kimi!

SÖZÜN MƏCAZİ VƏ MÜSTƏQİM HALINDA:
Qorxmaz Şıxalıoğlu bu ölkədə yüksəldiyim ən yüksək zirvə dostumdur həm də! Həzrət-Baba pirinə onunla qalxmışam. Çox az müddət əlverişli hava şəraiti olur o dağa qalxmağa. Və mənə Moskvada 2002-ci ildə qəzet buraxanda dizaynerimiz Cəlil məsləhət görmüşdü ki, imkan elə, get o dağa - ən azından havasına və peyzajına görə! Taleyim elə gətirdi ki, 2005-ci ildə ard-arda həm sağ üz nahiyəsinin parezi, həm də mikroinsult keçirtdim. Həyata qayıtmağa, normal fəaliyyətə üç il dirəniş göstərdim. Yenicə özümə gəldyim ərəfələrdə, qəfil təklif gəldi: bugünlərdə ad günü olan rəhmətlik Zakir Sadatlı səfərdən imtina eləmişdi, maşında yer boşalmışdı!
1994-cü ildə həyatın dibindəykən Lənkəran ovalığında yanımda olan Qorxmazla həyata yenidən və bir daha yaşam dirənişi göstərərkən mənəvi zirvəni coğrafi ucalıqla rövnəqləndirmək üçün əla şans yaranmışdı! Və... Qubanın Cimi kəndindən yox, məhz İsmayıllı yoluyla – Lahıcı ziyarət edərək qalxdıq: bütün gecəni qaranlıqda və soyuqda (şəkli əlavə edəcəm)! Onsuz da pozulmuş yuxu sistemim yenicə bərpa olunmuşdu, hətta yenidən deprəmə düşməkdən çəkinməyərək addım atmışdım! Çünki... əmin idim: Qorxmaz Şıxalıoğlu adamı ovalıqdan-dərədən dağ başına qaldırmağacan möhtəşəm və həm də YAXŞI ADAMdır! Bə niyə deyirəm "hər sözümüz qan üstə təsdiqlənib”?
Sağ ol, ey YAXŞI ADAM: həyat Sənin kimi vətəndaşlarla, həmkarlarla, oğullarla, dostlarla, atalarla, qohumlarla yaşanır, özü də nəyi var gözəl yaşanır ha!
Dadını çıxar, 65-in!
İrəlidə 75, 85, 95 var!
Sən bu ömrü 1... 5-lə, 2... 5-lə, 3... 5-lə, 5... 5-lə, 6... 5-lə o qədər YAXŞI ADAM kimi yaşamısan ki, Yaradan özü zövq alır varlığından!

"A dağlar, qoca dağlar!..”

Şuşanın daşı ağlar,
A dağlar, qoca dağlar!
Gözümün yaşı ağlar,
A dağlar, qoca dağlar!

Xarı bülbül xar oldu,
İşi ahu-zar oldu.
Bayquşlara yar oldu,
A dağlar, qoca dağlar!

Dağda dağsız qalmışam,
Bağda bağsız qalmışam,
Mən var-yoxsuz qalmışam,
A dağlar, qoca dağlar!

Mən bir ömür sürmürəm,
Heyf, ölə bilmirəm,
Hanı Allah, görmürəm,
A dağlar, qoca dağlar?

Sarı bülbülüm susub,
Neynəsin, nə oxusun? -
Oxuyanda qan qusur,
A dağlar, qoca dağlar!

İtib dünyanın rəngi,
Səsimizin ahəngi.
Niyə çalınmır "Cəngi”
A dağlar, qoca dağlar?

Dərddən şişib ürəyim,
Zəhər olub çörəyim,
Söz qurtarıb, nə deyim?
A dağlar, qoca dağlar!

YAXŞI ADAM

Salam, yaxşı adam, salam, hardasan?
Bəlkə də, elə bu yaxınlarda,
bəlkə də, bir uzaq diyardasan,
bilmirəm.
Bilirəm-sən düz adamsan,
Namərdlərlə vuruşursan,
Haram tikə yemirsən.
Tanımasam da səni,
sağ ol, yaxşı adam!
İstiliyini duyuram,
varlığın kömək eləyir bizə
yaşamağa
Bilirəm, bilirəm sənə görədir
bu yaz səhəri
uşaqlarımla oturub süfrə arxasında
şirin-şirin çörək yeyirik.
Hamımız-uşaqlarla birlikdə
bu işıqlı süfrə üçün
sənə "sağ ol” deyirik.
Sağ ol, yaxşı adam!

02.04.2003

BORC

Beş aydır qonşudan borc pul almışam,
Qalmışam naəlac, verə bilmirəm.
Həyatım zəhərə dönübdür tamam,
Yaşaya bilmirəm, ölə bilmirəm.

Beş aydır sızlayır "borc” adlı yaram,
Nə gecəm gecədir, nə gündüzüm var.
Nə işə gedəndə yazı yazıram,
Nə evə getməyə daha üzüm var.

Ürəyim fikirdən dönübdür qana,
İçim parça-parça, tikə-tikədir.
Elə bilirəm ki, bu borc adıma
Yüz ildir vurulan qara ləkədir.

Qonşumun hər mənə salam verməyi
Silləyə çevrilib dəyir üzümə.
Küçədə gördüyüm dilənçilər də,
Elə bilirəm ki, söyür üzümə.

Ağaclar bəxtiyar-baxıram çölə,
Mənimsə gözümdə bitib qəm-kədər.
Bu əzab uzansa bir az da belə,
Ürəyim çürüyər, içim vərəmlər.

Boynumda dünyanın suçu, elə bil,
Ən ağır günaha, qana batmışam.
Sanki balalarım yeyən çörəyə
Götürüb gizlicə zəhər qatmışam.

Beş aydır ki, isti evim, eşiyim
Dönüb bir qaranlıq, soyuq zindana-
Borcun xəcaləti gözətçi kimi,
Sanki gizlin-gizlin baxır adama.

Beş aydır talanıb könlümün mülkü,
İçim bir həsirdir, bir Məmmədnəsir.
"Borc” adlı bu qılınc beş ayda bəlkə,
Ən azı bir on il ömrümdən kəsib.

İmkanlı dostlardan soruşmur biri:
"Nədir üzündəki bu qəm, bu kədər?”
Qorxuram deyərəm, cavab almaram,
Bu da bir dərd olub məni öldürər.

P.S. Dözün pulsuzluğun əzablarına,
Heç vaxt borc əlində girov qalmayın.
Cəllad kötüyünə baş qoyun, ancaq
Siz Allah, heç kimdən borc pul almayın!

Mart 2002-ci il

Salam, Tula şəhəri, salam!

İstəyirəm sənə bir sirr açam.
Balacalıqda ilk dəfə
adını qəzetdə oxuyanda,
məəttəl qalmışdım:
"Şəhər hara, tula hara?”
Sonra böyüdüm,
Permdə əsgərlik çəkdim,
Moskvada oldum neçə dəfə,
ancaq səni görmək arzusu
gözümdə qaldı.
Səni görməsəm də, son vaxtlar
tez-tez yadıma düşürsən.
Üzü yağlı, sözü yağlı
bir vücudla rastlaşanda
qəmli-qəmli öz-özümə pıçıldayıram:
"Salam, Tula şəhəri, salam!”

Qorxmaz Şıxalıoğlu
11.11.2013

Mənə bir vəzifə versəydin, vətən …
Bir vəzifə hərisinin dilindən


Mənə bir vəzifə versəydin, vətən,
Səni gecə-gündüz tərifləyərdim.
Aşkarda dəm vurub dövlətçilikdən,
Gizlində mən səni söküb yeyərdim.
Mənə bir vəzifə versəydin, vətən,
Ağzımın küləyi adam yıxardı.
Tez bir bayraq asıb kabinetimdən,
Sonra yavaş-yavaş... puldan yığardım.
Mənə bir vəzifə versəydin, vətən,
Bilgəhdə, Nabrаnda ev tikdirərdim.
Qara "CİP” alardım oğluma həmən,
Qızıma təzə bir "şestsot” verərdim.
Mənə bir vəzifə versəydin, vətən,
Mən də ürəyimcə bir kam alardım.
Vallah, xoşum gəlmir heç İsveçrədən,
Gedib Antalyada bir dam alardım.
Mənə bir vəzifə versəydin, vətən,
Özümü yolunda fəda edərdim -
Heç vaxt söz açmazdım məzuniyyətdən,
Düz səksən yaşında işdən gedərdim.
Mənə bir vəzifə versəydin, vətən,
Bilərdim mən kimi hara qoyardım.
Manat da almazdım işçilərimdən,
Ancaq soğan kimi səni soyardım.
Mənə bir vəzifə versəydin, vətən,
Sənə qulluq etmək olardı dərdim.
Bütün idarənin dəhlizlərində,
Qohumum, qardaşım, dostum bitərdi.
Mənə bir vəzifə versəydin, vətən,
O ulduz-müğənni mənim olardı.
Arvadımdan gizli ona şəhərdə,
Təzə binalardan bir ev alardım.
Mənə bir vəzifə versəydin, vətən,
Üç-dörd şadlıq evi tikdirərdim tez.
Orda dörd-beş qaçqın işə götürüb,
Özümdən bir film çəkdirərdim tez.
Mənə bir vəzifə versəydin, vətən,
Tufan qoparardım toyda hər dəfə -
Şabaş səpələyib xəzəltək göydən,
Sonra da pul cırıb, baxardım kefə.
Mənə bir vəzifə versəydin, vətən,
Evə tez-tez qalın kitab alardım.
Muzeyə, sərgiyə baş çəkib hərdən,
Çalışıb bir kübar adam olardım.
Mənə bir vəzifə...vətən, ay vətən,
Mən adam deyiləm, yoxsa bəs nədir?
Mənə bir vəzifə, stol verməsən,
Çıxıb gedəcəyəm burdan əbədi


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az