İqtisadçı deputatdan varlılara inginc çağırış
Azərbaycanda maliyyə amnistiyasına böyük ehtiyac var.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Yeni Müsavat-a Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sahibkarlara ünvanladığı son müraciətini dəyərləndirərkən bildirib.
V.Əhmədov deyib ki, Nursultan Nazarbayevin vaxtilə Qazaxıstandakı özəlləşdirmə prosesində qanuni, qeyri-qanuni iştirak etmiş, əldə etdikləri vəsaitləri xaricdə yatıranlara müraciətini təqdir edir:
"Nazarbayev dedi ki, mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, xoş halalınız, amma indi həmin vəsaitləri gətirib Qazaxıstana investisiya şəklində qoyub ölkənin iqtisadi inkişafına kömək etmək lazımdır. Azərbaycanda da özəlləşdirmə prosesindən istifadə edən, xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşı, bir deputat kimi mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana. Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz. Qazandığınız halalınız olsun".
V.Əhmədov xatırladıb ki, Azərbaycanın dövlət başçısı da son iclaslarda ölkəmizə investisiya qoyuluşu ilə bağlı müraciətlər edib:
"Bu gün Azərbaycanın investisiyalara ehtiyacı var. Ona görə də bu prosesdə bizim xaricdə vəsaitləri olan insanlarımız iştirak etsə, çox yaxşı olar”.
Miq.az