İşğal altındakı rayonlar qaytarılır
Elman Nəsirov: "Vaşinqton, Moskva və Paris də Dağılq Qarabağ Qarabağ
ətrafndakı 7 rayonun Azərbaycana qaytarılması məsələsində əvvəlkindən
daha israrlı görünürlər”
Bu günlərdə
bölgədə səfərdə olan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik
Dağlıq Qarabağ münaqişəsindən danışarkən belə bir ifadə işlədib ki, həll
prosesi nəticəsində yaranacaq sülh Azərbaycanın xeyrinə əldə olunacaq.
İrəvanda olarkən isə o, ilk növbədə Dağlıq Qarabağ əirafındakı 7 rayonun
Azərbaycanın nəzarətinə geri verilməsinin vaciblyini önə çəkdi.
Ümumiyyətlə, son zamanlar Minsk qrupunun üzvləri olan ABŞ və Rusiya
tərəfdən münaqişənin həlli vaxtının çatdığı barədə fikirlər səslənməyə
başlayıb. Belə bir fikirlə bu yaxınlarda Rusiya xarici işlər naziri
Sergey Lavrov çıxış etdi. Ardınca anoloji sözləri Ceyms Uorlik də
səsləndirdi.
Politoloq Elman
Nəsirovun fikrincə, Azərbaycanın hər bir sahədə artan qüdrəti nəhayət
həmsədrləri də bu qənaətə gəlməyə vadar edib ki, sülh ölkəmizin xeyrinə
əldə olunacaq: "Azərbaycan dövləti olaraq hər zaman maraqlıyıq ki,
münaqişənin həlli ilə bağlı prosesdə dönüş yaransın. Proseslər «ölü
nöqtə»dən tərpənərək, hərəkətə keçməlidir. Hesab edirəm ki, amerikalı
həmsədr Ceyms Uorlikin münaqişənin həlli istiqamətində proseslərin
Azərbaycanın xeyrinə gedəcəyilə bağlı dedikləri fikirlər diqqəti kifayət
qədər cəlb edəndir. Son dövrlər münaqişənin həlli istiqamətində
həmsədrlərin diqqəti cəlb edəcək səviyyədə bir aktivliyi müşahidə
olunmaqdadır. Vaşinqtonda keçirilən görüşlər, Ceyms Uorlikin Rusiyaya
səfəri, burada mətbuata verdiyi müsahibə, ardınca regiona səfərləri,
Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri, bunlar hamısı onu
göstərir ki, konfliktin həlli prosesində əvvəlki illərə xas olmayan bir
aktivlik gözə dəyir. Uorlik özünün bu nikbin mövqeyini şərtləndirən
amillərə aydınlıq gətirməyib. Amma bir məsələ aydındır ki, həmin mövqeyi
o Ermənistanda da səsləndirdi və bu, Vaşinqtonun mövqeyi kimi öz
ifadəsini tapdı. Uorlikin belə bir yanaşması da var ki, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi məsələsində ABŞ-la Rusiya arasında fikir
ayrılığı yoxdur. Yəni, hansı mövqeyi Vaşinqton müdafiə edirsə, həmin
mövqeyi müdafiə edənlərdən biri də Rusiyadır. ABŞ-ın mövqeyi bu şəkildə
İrəvanda da Uorlik tərəfindən səsləndi. Bu fikirlər Dağlıq Qarabağ
ətrafındakı ərazilərin işğaldan azad olunmasından ibarətdir ki, bununla
da əslində, Ermənistanın işğalçı olması faktı birbaşa Uorlikin dilindən
səslənir. Söhbət təbii ki, ilk növbədə 7 rayonun Azərbaycana
qaytarılmasından gedir. Bunun ardınca məcburi köçkünlərin öz
yurd-yuvalarına qayıtması, həmçinin, beynəlxalq sülhməramlı qüvvələrin
regionda yerləşməsi və təhlükəsizlik təminatı məsələsi də öz əksini
tapıb. Nəhayət dördüncü məqam Dağlıq Qarabağın statusu məsələsindən
ibarətdir. Burada birinci məqam, yəni, Dağlıq Qarabağ ətrafındakı 7
rayonun işğaldan azad edilməsi fikri hesab edirəm ki, həlledici
fikirdir. Digər amillər isə birbaşa bu məsələdən asılı olan məsələdir.
Bu nöqteyi-nəzərdən Ceyms Uorlik həmin mövqeyi Bakıda səsləndirib,
İrəvanda səsləndirməsəydi, həmin fikrə şübhə ilə yanaşmaq olardı. Amma
ilk növbədə bu mövqe İrəvanda səsləndi, orada mətbuat qarşısında da
Uorlik həmin fikrini müdafiə etdi. Hesab edirəm ki, Uorlikin bu nikbin
ovqatı ciddi əsaslara söykənir. Xüsusilə bu vacibdir ki, rəsmi Moskva
ilə rəsmi Vaşinqton arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələsində fikir ayrılığı yoxdur. Deməli, Vaşinqton, elə Moskva ilə
Paris də Qarabağ ətrafndakı 7 rayonun Azərbaycana qaytarılması
məsələsində əvvəkindən daha israrlı görünürlər. Zənnimcə, bu da səbəbsiz
deyil. Çünki, Azərbaycan Ordusu heç zaman olmadığı bir səviyyədə
olduqca güclənib. Döyüş bölgələri üzrə keçirilən hərbi təlimlər də
Azərbaycanın güclü olduğunu göstərir. Ordumuz ən müasir silahlarla
silahlanıb. Belə olan vəziyyətdə düşünürəm ki, həmsədrlər də konfliktin
həllilə bağlı həlledici addımlar atılmadığı təqdirdə onun müharibəyə
çevrilməyəcəyinə heç bir təminatın olmadığının fərqindədirlər. Həm də bu
qədər gücün qarşısında Azərbaycanın işğal altındakı torpaqlarını geri
qaytarması labüd görünür. Bu məntiqdən çıxış edərək Ermənistanın müdafiə
nazirinin müavini bu günlərdə bildirdi ki, ölkəsi azərbaycanlı
girovların geri qaytarılması məsələsinə baxmağa prinsipcə hazırdır. Bu
da Azərbaycan Ordusunun güc potensialının təsiri altında baş verən
proseslərdir. Hesab edirəm ki, bu məntiqdən çıxış edərək, amerikalı
həmsədr belə bir mövqe irəli sürüb”.