İslahatlarla bağlı xərclərə niyə bir milyard ayrılır? – Millət vəkili

İslahatlarla bağlı xərclərə niyə bir milyard ayrılır? – Millət vəkili

Sosial Müdafiə Fondu ilə bağlı bəzi məsələlərə diqqəti cəlb etmək istəyirəm. Məni ciddi narahat edən məsələ ondan ibarətdir ki, yaşayış minimumu 157 manat, pensiyanın aşağı həddi 200, orta hədd 293, əlilliyə görə orta aylıq pensiya 197, birinci qrup əlillər üçün isə 238,2 manat nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu fikirləri bu gün millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, bu məbləğlər əslində Azərbaycan reallığında çox kiçik rəqəmlərdir:

"Biz hamımız bilirik ki, 157 manatla bir nəfərin yaşaması qeyri-mümkündür. Biz kommunal xərcləri, işıq, qaz, su pulunu, yaşlı insanların da bir çoxunun tibbi müayinəyə və dərmanlara böyük ehtiyacının olduğunu nəzərə alsaq görərik ki, həqiqətən də pensiyaçıların vəziyyəti ağırdır. Əlbəttə, müəyyən artım var. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd elədi ki, ötən illə müqayisədə sosial xərclər 30 faiz artırılıb. Amma hesab edirəm ki, bu rəqəmlər yetərli deyil. Ona görə yetərli deyil ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan sonra Azərbaycan manatı xarici valyutaya nisbətən 2 dəfədən artıq dəyər itirib. Bizim isə bir çox ərzaq və sənaye, xüsusilə də yüngül sənaye məhsulları, geyimlər xaricdən idxal olunur. Təsadüfi deyil ki, məsələn, keçən ilin 9 ayı ilə müqayisədə bu il idxal 31,3 faiz artıb. Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan toplanan vəsait 5 milyard olduğu halda, Gömrük Komitəsinin xətti ilə toplanan vəsait 4 milyarddır. Bu rəqəmlər də bir-biri ilə xeyli dərəcədə yaxınlaşır və bu da hesab edirəm ki, bu hökuməti ciddi şəkildə narahat etməlidir”.

Millət vəkili vurğulayıb ki, ən çox narahatlıq doğuran məsələlərdən biri də əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlıdır:

"Əgər Sahil Babayevdə o statistika varsa, çox istəyərdim ki, bizi də məlumatlandırsın. Sahil Babayev qeyd etdi ki, əlil və şəhid ailələri üçün 934 mənzil tikilib təhvil veriləcək. Gələn il də onlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb. Məsələn, mənim tanıdığım 20 Yanvar əlilləri var ki, bu günə qədər mənzil ala bilməyiblər. Nə qədər adam növbəyə dayanıb və biz hər il 110 milyon manat ayırsaq, bizə neçə il lazımdır ki, əlilləri, xüsusilə də şəhid ailələrini mənzillə təmin edə bilək? Biz komitənin iclasında bu məsələləri qaldıranda Maliyyə naziri Samir Şərifov qeyd elədi ki, büdcə qaydalarına görə, xərclərin yuxarı həddi var, biz bunu artıra bilmərik. Söhbət gedir ki, cari illə müqayisədə büdcənin həcmi 103 faiz həddində artırıla bilər. Amma mən düşünürəm, tutaq ki, bəndlər üzrə elə sahələr var ki, o sahələrdən həmin vəsaiti götürüb, bu istiqamətdə xərcləri artırmaq olar”.

Q.Həsənquliyev həmçinin deyib ki, beynəlxalq və ölkə səviyəli tədbilərin keçirilməsinə 226 milyon manat vəsait ayrılıb:

"Bura idman tədbirlərinin keçirilməsi daxil deyil. Ona görə ki, əlavə olaraq idman obyektlərinin tikintisi və idman tədbirlərinin keçirilməsinə büdcədən 200 milyon manat vəsait ayrılıb. Yəni bu xərcləri kəsmək lazımdır. Bizə də məlumat verilmir ki, hansı beynəlxalq və ölkə səviyyəli tədbirlərdən söhbət gedir”.

Millət vəkili əlavə edib ki, Prezidentin 300 milyonluq ehtiyat fondu var, lazım olarsa, oradan vəsait ayrılar:
"Bundan başqa, tutaq ki, Milli Məclisin tədbirləri olur. Tədbirlərin keçirilməsi, qonaqların qəbulu və yola salınması xərcləri Milli Məclisin büdcəsindən qarşılanır. Yaxud, Prezident Administrasiyasının qonağı varsa, onların öz xərcləri var və tələb olunan vəsaitlər o xərclərə daxildir. Yəni buna bir aydınlıq gətirilməlidir. Milli Məclisin müvafiq komitəsi bu məsələdə hökumətlə işləyir. Yəni, bunlar bizə məlumat verməlidirlər. Yoxsa, ümumi formada tərifləməklə düzəlməyəcək. Yaxud islahatlarla bağlı xərclər 878,52 milyon manat göstərilir. Bu bir milyarda yaxın vəsaitin hara xərclənəcəyi barədə bizə heç bir məlumat verilmir. Adını sadəcə qoyublar ki, "islahatlarla bağlı xərclər”. Yəni hesab edirəm ki, bu məsələnin üzərində də biz düşünməliyik. Qaçqınlar üçün mənzil tikintisinə cəmi 200 milyon manat vəsait ayrılıb. Bu insanlar ev-eşiklərini, torpaqlarını itiriblər. Bunlar nə qədər növbə gözləyəcəklər? Hər il mən bu məsələni qaldırıram. Əlbəttə Birinci Vitse-prezident Mehriban xanım çox sağ olsun ki, onun təşəbbüsü ilə "Paşa Holdinq" qaçqınlar üçün əlavə olaraq böyük bir kompleks tikdi. Özəl sektor da bu işə kömək etdi. Amma bu yetərli deyil. Bu, birbaşa Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin işi olduğu kimi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin də işi olmalıdır. Bu, onu da, ümumiyyətlə hökuməti, hər birimizi düşündürməlidir. Mən hesab edirəm ki, islahatlarla bağlı xərclər üçün tələb olunan 878,52 milyon manatı qaçqınlar, əlil və şəhid ailələri üçün mənzillərin tikintisinə ayırmaq lazımdır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az