Kirovun nitqindən: "Azərbaycanın “bəy”, Rusiyanın “gəlin” olması"

Kirovun nitqindən:

Zülfüqar Rüfətoğlu

Rəsulzadə və onun silahdaşları olmasaydı, onlar qısaömürlü respublikanı qura bilməsəydilər, bugünkü Azərbaycan olmayacaqdı. Azərbaycanın müstəqilliyini de jure hətta bolşevik Rusiyası da tanımışdı.

Bu səbəbdən də Qırmızı ordu Azərbaycana, daxildəki beşinci kolona arxayın olaraq, tülküvari bir şəkildə gecəyarı, oğru kimi soxulmuşdu. Soxulmuşdu, amma hələ bu işğalın beynəlxalq aləmdə doğura biləcəyi reaksiyadan qorxurdu. Əgər o vaxt Qərb həqiqətən də Rusiyaya təpinsəydi, hər şey başqa cür ola bilərdi. Amma Qərb bolşevizm virusuna yoluxmamaq üçün Qafqazı tələm-tələs tərk etmişdi. Buna baxmayaraq sovet Rusiyası etdiyi işğaldan qorxurdu. Çünki beynəlxalq qanunları pozduğunun fərqində idi.

Bunu heykəli uzun illər başımızın üstündən asılı qalan Sergey Kirov da başa düşürdü.

Bu mənada onun 1920-ci il, mayın 5-də, işğaldan bir həftə sonra Birinci Ümum-Bakı Partiya konfransında etdiyi çıxış, daha doğrusu manyak sərsəmləməsi də sübut edirdi:

"Yoldaşlar! Aprelin 27-si, düz gecəyarısı gündoğar ölkələrinə gedən qapının önündə (Bakıda-Z.R) elə bir hadisə baş vermişdir ki, bundan dünyanın çürümüş burjua-kapitalist sistemi yeni zərbə və yeni məğlubiyyət almışdır...”

Çıxışının elə ikinci cümləsindən "yüksək əxlaqı” ilə tanınan Sergey Mironoviç hadisənin inqilabi-seksual izahına keçir:
"Bu hadisə ondan ibarətdir ki, bəy-xan zülmü altında inləyən Azərbaycan böyük Sovet ölkəsi – fəhlə-kəndli Rusiyası ilə nişanlanmışdır. Doğrudur, biz yəqin ki, bir neçə gündən sonra, burjua Avropasının bizim ünvanımıza ildırımlar yağdırmasını, bu yeni nikahı qeyri-qanuni adlandırmasını, Qərbi Avropanın keşişləri – Loyd Corc, Klemanso, Milyeran və başqalarından icazə almadığımıza görə ittihamları eşidəcəyik...”

Burdan o yana Kirovun nitqindən Azərbaycanın "bəy”, Rusiyanın "gəlin” olması aydınlaşır:

"Doğrudur, etiraf etməliyik ki, xüsusən də keçmiş sosialist partiyalarından olanların bədxah dilləri Azərbaycanın zəhmətkeş kütlələri qarşısında onun nişanlısının o qədər də münasib olmadığını deyəndə, müəyyən mənada haqlı olacaqlar. Bu gəlin o qədər də alyanaq, totux-motux deyil, elə bir cehizi də yoxdur”.

Daha sonra Seryoja Kirov gəlin tərifinə keçir:

"Bizim ölkəmiz – Sovet Rusiyası – iqtisadi mənada tam bir yetimdir. Amma Azərbaycan kütlələri eyni zamanda bilməlidirlər ki, onların adaxlısı yeganə namuslu, toxunulmamış və bakirə qalan nişanlıdır. Ümid edək ki, bu izdivacdan xanların və bəylərin yetişdirə bilmədiyi bir nəsil yetişəcək. Bu ittifaqdan elə pöhrələr törəyəcək ki, başqa kapitalist ölkələrini də mayalandıracaq...”

Deməli, bu bakirə və toxunulmamış gəlin Bakıda mayalanandan sonra, hələ zirehli qatara minib o biri nişanlılarından da (Gürcüstan və Ermənistan) mayalanmağa gedəcək :)
Bu hadisədən 16 il sonra Kirov Leninqradda qətlə yetiriləcək. Bəzi versiyalara görə, başqasının arvadına sataşdığına görə...
Bəziləri ilk Respublikanın qurucularını zəiflikdə günahlandıra bilərlər. Amma gənc və təcrübəsiz Azərbaycan Respublikası belə əxlaqda olan qüvvənin qarşısında nə edə bilərdi?

Şəkildə: Qız evinin adamları. Kirov ortadadır.

 
Redaksiyadan qeyd: Yazı Zülfüqar Rüfətoğlunun feysbuk səhifəsindən götürülmüşdür. 

Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az