“Belə çıxışlar hər gün edilir və ediləcək də. Hər gün ayrı-ayrı, əsası olmayan hesabatlar yayırlar. İndi də bu hesabat məsələsini ortaya salıblar”. Bu sözləri Vətəninfo.az saytına açıqlmasında ekspert Nadir İsrafilov Təhsil Nazirliyinin orta və ali təhsil üzrə şöbəsinin müdiri İlham Mustafayevin “bəzi ali məktəblərimizdə buraxılış işi və yekun dövlət imtahanı ləğv oluna bilər” fikrinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə , hesabatla tələbənin biliyini qiymətləndirmək olmaz. Bunun üçün təhsil sahəsində pedaqogika və psixologiya elminin nəzəriyyəsinə əsaslanmaq lazımdır. “İstənilən vaxt, istənilən qərarlarla təhsilin inkişafına nail olmaq olmaz. Tələbənin vəzifəsi dərsini oxumaq, sonda da biliyini imtahan formasında üzə çıxarmaqdır “ deyə vurğulayan N.İsrafilov bildirdi ki, sadəcə imtahanın keçirilmə formalarını dəyişmək olar. “Bir imtahanı testlə, digərini şifahi və ya bilet formasında qəbul etmək olar. Hesabatı rəhbər mövqe tutan işçilər verməlidir. Bütün bunlar absurd fikirlərdir”. Ekspert hesab edir ki, belə bir ifadənin səsləndirilməsi orta təhsil şöbə müdirinin səviyyəsində deyilən fikir olmamalıdır. “Biz dünyanın inkişaf etmiş ölkələrində nə varsa onu təhsil sistemimizə tətbiq etməyə çalışırıq. Hər ölkənin öz inkişaf səviyyəsi, mentaliteti var. Belədirsə, dünya ölkələrində müəllim 2000-3000 avro maaş alır. O zaman bunu tətbiq etsinlər ölkəmizdə” deyən ekspert qeyd etdi ki, İ.Mustafayevin bu fikri söz xətrinə deyilib.
Ramilə