Pensiya ilə bağlı daha bir açıqlama: “Yeni qərarların qəbul edilməsi gözləniləndir”
"Hazırda pensiya yaşının artırılması müzakirə olunmur. Bununla bağlı hər hansı layihə də təqdim olunmayıb. Ümumiyyətlə, pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlərdən hesab olunur. Bu baxımdan islahatların dərinləşməsi, bu istiqamətdə yeni qərarların qəbul edilməsi gözləniləndir”.
Bu sözləri Pravda.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, strategiyada qeyd edilən məsələ daha uzunmüddətli dövr üçün nəzərdə tutulan məsələlərdir: "Bu dövrdə, xüsusən, əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Amma hazırda daha çox özəl pensiya fondlarının yaradılması, sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə növbəti illərdə addımların atılacağı gözlənilir. Konkret pensiya yaşının artırılması ilə bağlı hər hansı layihə təqdim olunmasa da, sözsüz ki, Əmək və əhalinin sosial müdafiə naziri və maliyyə naziri mövcud fiskal imkanlar, eləcə də demoqrafik vəziyyəti nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa və sistemləşdirməyə çalışır", - deputat bildirib.