Şeyx jurnalistləri təbrik etdi
Şeyxülislam Hacı Allahşükür Paşazadə Mətbuat Şurasının sədri Əflatun
Amaşov və jurnalistləri Mətbuatın 140 illiyi münasibətilə təbrik
edib.
Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, bununla bağlı Şeyx təbrik məktubu ünvanlayıb.
"Hörmətli Əflatun Amaşov sizi və sizin şəxsinizdə bütün Azərbaycan
jurnalistlərini, mətbuat işçilərini peşə bayramınız və Azərbaycan Milli
mətbuatının yaranmasının 140-cı ildönümü münasibətilə səmimi qəlbdən
təbrik edir, Uca Allahdan hamınıza nəcib və şərəfli işinizdə
xeyir-dualar diləyirəm.
Azərbaycanın milli mətbuatı, həqiqətən, çox şərəfli və mürəkkəb inkişaf
yolu keçmişdir. Bu yolda qazanılmış uğurlar, əldə olunmuş nailiyyətlər
hər zaman Vətənimizin tərəqqi və inkişafına xidmət etmişdir. Milli
mətbuatımız yarandığı andan etibarən özünün maarifçi ruhu ilə
milyonların mənəvi intibahına, mədəni dirçəlişinə yardımçı olmuşdur. 140
illik inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı görkəmli
şəxsiyyətlərin, vətənpərvər ruhlu maarifpərvər qələm əhlinin böyük
xidmətləri sayəsində bu gün öz layiqli yerini ala bilmişdir. Müstəqil
dövlətimizin ümdə maraq və mənafelərinin ardıcıl müdafiəçisi olan
Azərbaycan milli mətbuatının uğurları fəxarət doğurur. Ulu öndər Heydər
Əliyev Azərbaycan milli mətbuatının inkişafına böyuk önəm verirdi.
Əminəm ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənablarının ali diqqət
və qayğısı sayəsində milli mətbuatımızın tərəqqisi yönündə atılan
əhəmiyyətli addımlar, göstərilən səylər, inşallah, bu sahədə daha böyük
uğurlara rəvac verəcəkdir.
Xalqımız və Vətənimiz üçün olduqca böyük dəyər kəsb edən milli
mətbuatın inkişafı istiqamətində Azərbaycan Mətbuat Şurasının gördüyü
işlər təqdirəlayiq və dəyərlidir. Belə ki, mətbuatın öz ilkin amal və
məqsədlərinə uyğun şəkildə fəaliyyət göstərməsi, uca niyyət və
məramlarına ehtiramla yanaşması, qələm əhlinin peşəkarlıq, səriştə və
qərəzsizliyinin təmin olunması, jurnalist adının şərəf və ləyaqətinin
qorunması kimi mühüm məsələlərdə ardıcıllıq və obyektivlik nümayiş
etdirən Mətbuat Şurası Azərbaycan jurnalistikasının daha yüksək
səviyyələrə qalxması işinə öz qiymətli töhfəsini verir.
Hörmətli Əflatun müəllim! Bu möhtəşəm yubiley ərəfəsində Sizi və Sizin
simanızda ölkəmizin bütün mətbuat işçilərini bir daha ürəkdən təbrik
edir, sizlərə çətin, eyni zamanda olduqca şərəfli işinizdə yeni-yeni
uğurlar, daha uca zirvələr arzulayıram. Hamınıza Azərbaycanın şanlı
jurnalistika məktəbinin ləyaqətli davamçıları olmağı, əlinizdəki qələmin
müqəddəs olduğunu heç zaman unutmamağı və xalqımızın milli-mədəni,
dini-əxlaqi dəyərlərinə, mənəvi irsinə daima sadiq qalmağı Allahdan
diləyirəm. Qoy Uca Yaradan öz Lütfünü hər zaman sizlərin üzərində
bərqərar etsin!”