Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə
hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın
qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət
və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, Onun rizasını
qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün
ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq,
Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy İslam
dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc
ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət
və bərəkətlərindən nəsib olsun.
Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət,
xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə
qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim,
kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş
yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir. Allah Təbarəkə
və Təalanın lütfü və mərhəməti sayəsində Ramazan bayramını qarşılayan
xalqımızın ülvi arzuları vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri
ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal
altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı
olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun
daha da möhkəmlənməsini bizlərə nəsib etsin.
Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi
dəyərlərinin dirçəldilməsi və inkişafında əvəzsiz xidmətləri olmuş
ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur və onun layiqli
davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları və gələcək tərəqqisi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər”.