Teatrdan cəbhəyə gedən yol: 40 qızın anası, DONMUŞ AYAQLARA toxunan corablar...

Teatrdan cəbhəyə gedən yol: 40 qızın anası, DONMUŞ AYAQLARA toxunan corablar...

Gənc Tamaşaçılar Teatrında işləyəndə ağlına da gəlməzdi ki, həyat yolu onu bu müəssisənin geyim şöbəsindən qanlı-qadalı cəbhə bölgəsinə, neçə-neçə insanın ölümlə çarpışdığı hərbi hospitala qədər aparacaq... Hərçənd, hərbi təyyarəçi olan həyat yoldaşını 1990-cı ilin yanvar hadisələrində itirmişdi... Artıq, ölümün, itirməyin, faciənin nə demək olduğunu öz taleyinin acılarından bilirdi... Hələ teatrda işlədiyi vaxtlar Bakıda müharibənin qara xəbərləri daha tez-tez eşidilirdi... Fikri güllə-mərmi altında yaşayanların yanında qalırdı, ürəyi isə səngərdə olanların. Əlindən gələ bilərdi? Döyüşməyə halı yox idi... Yaş da o yaş deyildi. Amma... bir gün işə gəlmir. Bakıda yerləşən hərbi hospitala üz tutur. Hərbi tibb müəssisəinin rəhbərliyinə yaxınlaşıb deyir ki, yaralılara, döyüşdə sağlamlığını itirmiş soydaşlarına qulluq göstərmək istəyir... Onu hospitalda işə götürürlər.

Hər gün qarşılaşdığı mənzərələrə ürəyi tap gətirməsə də, əlindən gələni edir, yaralıların paltarlarını yuyur, yeri gələndə onları yedirdir, palataların səliqə-sahmanına göz yetirirdi.

Əlini hansısa işə atanda özünü qınayırdı: Axı niyə o vaxt yaxşı oxuyub həkim olmamışdı?!.

Cəbhəyə meyit aparan helikopter, geri qayıtmağa yol saxlamayan istək...

Elmira Rəsulova 1942-ci ilsə anadan olub. Gənc Tamaşaçılar Teatrında geyim şöbəsində işləyib. Sonradan könüllü olaraq Bakıda yerləşən hərbi-klinik hospitalda işə başlayıb. Deyir ki, oraya gedəndə qarşılaşdığı hər yaralını, hər əsgəri öz balası kimi qəbul edib, onlara gücü çatdığı qədər ana nəvazişi göstərib.

Bakı hərbi hospitalında hər gün yaralıların sayı artırdı. Döyüşdən yarımcan gələnlərin eləsi olurdu ki, cərrahiyə masasına, palataya çatar-çatmaz gözlərini həmişəlik yumurdu. Hər gün neçə qəhrəman nicat gözlədiyi adamların gözünün içinə baxa-baxa gedirdi dünyadan... Nicat gözlədikləri adamlar isə... onları xilas edə bilmədiklərinə görə... özlərini ömürlük müqəssir sayacaqdılar.

Elmira xanım isə həkim deyildi... Gördüyü ölümlərin ağırlığını ruhuna, düşüncələrinə yükləyib iztirab çəkirdi: Axı gözlərini əbədi yumanların hərəsi bir qəhrəmandır! Hərəsi bir qəhrəman!


Donmuş əsgər ayaqları, onlar üçün toxunan corablar

Bir dəfə hospitala bir nəfər yaralı gətirirlər. Ayaqları donmuşdu. Paltarı da cırıq-cırıq idi. Həkimlər ona ilk yardım göstərənə qədər su gətirdi, onun ayaqlarını yudu, paltarının cırılmış qolunu, yaxasını tikdi.

...Gedib-gəlib həmin əsgərə baş çəkirdi. Bir də ayaqları soyuqdan donmasın deyə, ona yun corab toxuyurdu boş vaxtı olanda. Beləcə günlər bir-birini əvəzləyir, gündən-günə ağrılı mənzərələrlə daha tez-tez rastlaşırdı.

Həmin ərəfələrdə hospitala daha bir nəfər ağır yaralı gətirilir. Həkimlər nə qədər çalışsa da onun həyatını xilas edə bilmirlər. Şəhidi doğulub boya-başa çatdığı ünvana helikopterlə aparırlar.

Ağdamda yerləşən 1 saylı səhra hospitalının rəisi Alı Qurbanlı da həmin helikopterdə olur. Elmira xanımın halının pis olduğunu görən həkim ondan "Oğlundur?” deyə soruşur... Cavab isə "Elə oğlum kimidir” olur. Şəhidi Ağdamda öz ailəsinə çatdırırlar. Həmin gün Alı həkim Elmira xanıma deyir ki, qal burada işlə.

Razılaşır. Ağdamda yerləşən hospitalda işləməyə başlayır: "Qaldım hospitalda, ora gətirilən yaralılara kömək üçün əlimdən gələni əsirgəmədim. 1998-ci ilə qədər orada yaralıların keşiyini çəkdim, onlara analıq elədim. Sonra səhhətim imkan vermədi balalarıma kömək eləməyə. Xəstələndiyimə görə Bakıya qayıtdım. "


40 qızı olan ana, şəhid məzarını ziyarət edib gəlin köçən tibb bacısı

Ağdam hospitalı Elmira xanımın evi-eşiyi olur. Tibbi personalın özündən yaşca kiçik olan qadın işçilərinə həmişə diqqət göstərir, qayğılarına qalır, ana nəvazişi göstərir. Kollektivdə 40 nəfər qadın tibb işçisi vardı. Həmin qadınların şücəəti dillərdə əzbər idi. Onların çoxu qanlı döyüş meydanlarına gedir, yaralıları, həlak olanları çıxarır, hospitala daşıyırdı. Bir dəfə hospitalın fəaliyyətindən reportaj hazırlayan bir jurnalist gördüyü mənzərələri qəzetdə " 40 qızı olan ana” başlığı ilə dərc edir.

Həmin vaxtlar başqa qəzetlərin də manşetlərində "40 qızın anası Elmira”dan yazılırdı. Televiziya işçiləri onun haqqında xəbər, reportaj, sənədli film çəkməyə gələrdilər.

40 qızdan biri olan Natavanın toyunu da Elmira xanım edir. Yeni ailə quran cütlük əvvəlcə şəhidlər xiyabanını ziyarət edir. Bundan sonra bu hadisə ənənəyə çevirilir.

Daha sonra kollektivin daha iki üzvü- Reyhan həkimlə Saleh həkim də orada ailə qururlar...


Xocalıdan gətirilən yaralılar, sayı-hesabı bilinməyən şəhid tabutları...

Nəfəsi ağır-ağır gedib-gəldiyindən gücünü toparlayıb Xocalı soyqırımı zamanı gördüklərini danışır: "Xocalıdan donmuş yaralılar gətirilmişdi Bakı hospitalına. Onların xilas edilməsi üçün həkimlərimizin çəkdiyi əziyyəti hələ də unuda bilmirəm. Mən onda həmin yaralıların don vurmuş əl-ayaqlarını isti suya qoyurdum, başlarına dolanırdım ki, ölməsinlər, sağalsınlar. Adamlarımız hansı dəhşətləri yaşamadı ki? Elə ki, boş vaxtlarda macal tapıb toxuduğum corabları həmin yaralılara bağışlayanda elə bilirdim, dünya mənimdir.”

Danışdıqca yorulur, özünü toparlayıb yenə aramla fikrinə davam edir: "Ağdam hospitalında tibbi ləvazimat çatışmazlığı olurdu bəzən. Ona görə gəlib Bakıdan alırdıq. 1992-1994-cü illər arası çox ağır oldu hamı üçün. O arada hospitala ardı-arası kəsilmədən şəhid meyiti gətirirdilər. Aralarında mülki şəxs də olurdu, yaşlı adam da, uşaq da... Dərman qıtlığına görə az əziyyət çəkməmişik... Amma bizim həkimlərimiz çox cəsurdurlar”.


30 ildən sonrakı görüş...

Biz Elmira Rəsulova haqda eşidəndə onun yaşadığı ünvanı tapmaq üçün o vaxt bir yerdə çalışdığı xanımlardan bir neçəsi ilə əlaqə saxlamışdıq. Razılığa görə, onlar da Elmira xanımın evinə getdi bizimlə.

Yataqda uzanılı idi. Qapının astanasından içəri girdiyimizdə az qala, 20-25 ilə yaxındır görmədiyi 40 qızdan bir neçəsini görən Elmira Rəsulova qırmızı qanla dolmuş gözlərinin yaşını saxlaya bilmir... Ziyarətə gələn köhnə həmkarlar da eyni həssaslıqla reaksiya verirlər bu görüşə…

Müsahibimizin ünvanını tapmaqda bizə köməklik gösətərən və oracan bizi müşayiət edən Rada Abbasova Elmira xanımın əlindən, üzündən öpərək xatirələrindən söz açır: "Ağdam hospitalı başqa aləm idi. Bunu hər kəs təsdiqləyə bilər. Oradakı günləri heç nəyə dəyişmək olmur”.

Elmira xanım deyir ki, qadınlar da döyüş meydanında kişi kimidir. Kişi qeyrətli, bəzən ondan da artıq olurlar: "Hospitalda mənim 40 qızım olub. Nəsibə, Natavan, Rada, Nilüfər, İlhamə... Hamısı döyüşçü kimi, tibb bacısı kimi əllərindən gələni edib. Hamı onları "40 qız” deyə çağırırdı. Şuşada da Qırxqız yaylağı var. Bax, o qızların hamısı o dağlar kimi əzəmətliydilər, vüqarlıydılar… "


Döyüşçüyə yad olan mülki həyat, adamdan gözləri ilə nicat istəyən yaralılar

Rada Abbasova deyir ki, müharibədən qayıdandan sonra mülki həyata alışmaq çox çətindir: "Əsgərlərlə işləyəndən sonra bu mühitə alışmaq adamı əldən salır. Bizimlə işləyən Şükufə ana, Solmaz ana, Ağca xanım vardı. O həm də şəhid anasıdır. O vaxt hər kəsi tək amal birləşdirirdi; yaralılara kömək etmək, müharibənin arxa cəbhəsində onlara dəstək olmaq. Nəzakət Teymurovanın da anası bizimlə müharibədə olub.. Bacısı da orada işləyirdi…”.

- Müharibədən sonrakı həyat niyə çətindir, sizi mülki həyatda qəbul eləmirlər?

"Yox, bizi hamı qəbul edir, biz bu mülki həyatı qəbul edə bilmirik. İşlədiyin hospital, çiyin-çiyinə çalışdığın adamlar hamısı sənin üçün müqəddəsdir, əsas da tibb sahəsi. Kiminsə həyatını xilas etməyə çalışırsan… Sənə neçə-neçə insanın ümidi bağlanır, kimsə səndən nicat gözləyir. Kimsə ölümün pəncəsində danışmağa halı olmayanda gözləri ilə, baxışları ilə onu ölməyə qoymamağı deyir…”.

Həkim işini öyrənən tibb bacıları, xəstəsini qoyub getməyən həkim


Bir anlıq hamının gözləri məchul bir nöqtəyə zillənir. Qəribə bir sükut yaranır otaqda. Amma adama elə gəlir ki, bu sükutun dərin qatlarında bu köhnə döyüşçülər bir-birilərinə nəyisə pıçıldayırlar. Sükutu Rada Abbasova poxub yenə xatirələrə qayıdır: "Ağdam bölgəsində hamı ana deyirdi Elmira xanıma. Həqiqətən də ana idi. Bir də görürdün ki, kiməsə konfet verir. Ayağı yaşıydı ona corab toxuyub verirdi. Azacıq vaxt olan kimi qızlara toxuculuq işi öyrədirdi. Boş olanda hamımız bir yerə toplaşıb corab toxuyurduq. Bəzən olurdu ki, biz cəbhədə olanlara neçə dəst corab göndərirdik. Kollektivin bir ailə kimi formalaşması hospitalın rəisi Alı həkimin zəhməti idi. Təsəvvür edin, kiçik tibb bacılarının hamısına venadan iynə vurmağı öyrətmişdi. Tibb bacılarımız artıq püxtələşmişdi. Döyüş bölgələrinə təlimlərə gedib maşın sürməyə kimi öyrənirdik. Bizim hospital başqa idi. Alı həkim nəinki komandir kimi, ata kimi, qardaş kimi hamının yanında olmağı bacarırdı. Öz oğlu 4 yaşında əməliyyat oldu, ancaq o getmədi. Dedi ki, orada onun əmisi, dayısı var, ancaq burada xəstələri, yaralıları mən belə qoyub gedə bilmərəm.

Getmədi də...

Xala ümidinə qalan yaralı oğul, unudulmayan "Müharibəyə getməyəydin” kəlməsi

Elmira Rəsulovanın da oğlu müharibədə yaralanmışdı. Adı Dadaşdır. Elmira xanım da azca özünə gələn oğlunu bacısının ümidinə qoyub gəlmişdi işinin başına.
Xəstə, yorğun baxışlarını ziyarətinə gələnlərin simasında gəzdirib sanki güc alırdı müsahibimiz… Elə bil ağrıları azalırdı.

O vaxt bir yerdə işlədiyi, 40 qızdan biri - Nilüfər xanım üzünü heç kimə tutmadan soruşur: "Görəsən, bizi nə məcbur edirdi? Necə oldu ki, biz o vaxt belə ürəklə, qorxmadan, çəkinmədən o şəraitdə işləyə bildik. Hələ də başa düşə bilmirəm”.


- "İstək! Bu torpağa sevgi, Vətənə bağlılıq… Çünki biz özümüz o yolu tutub getmişdik” - bu cavabı Rada Abbasova verir.

Qalan həmsöhbətlərimiz isə bu suala hələ də cavab tapa bilmədiklərini deyirlər.

Elmira xanım zəif səslə müdaxilə edir: "Pensiya sənədlərimi düzəltdirəndə bir nəfərin "Səni kim vadar edib ki, getmisən?” sualına "Müharibə, balalarımın dinc yaşamaq istəyi” deyə cavab verdim. Eşitdiklərimi isə hələ də unuda bilmirəm: "Getməyəydin”…

O qadının bu sözü heç vaxt yadımdan çıxmayacaq.

O vaxt heç nə yadımıza düşmürdü… Sovet qoşunları 1990-cı ilin yanvarında Bakıya tank yeridən vaxt həyat yoldaşım rəhmətə getdi. Rəhmətlik hərbi pilot idi. Mənsə yanvar gecəsi yaralı daşıyırdım hospitala.

Ehh… Müharibə məndən kimləri, nələri almadı ki… Sağlamlığımı da aldı əlimdən. Ancaq çox sağ olsunlar, heç vaxt məni yaddan çıxarmayıb 40 qız".


"Heç olmaya, onların ruhunu sevindirək…”

Ərini itirdikdən sonra ondan yadigar qalan bir oğlunu, iki qızını çox çətinliklə böyüdüb boya-başa çatdıra bilib. Oğlu təyyarəçidir. Qızının biri isə ingilis dili müəllimidir. 5 nəvəsi var. Oğul nəvəsi Şahin də pilotdur. Tez-tez Elmira xanımın ətrafında toplaşır doğmaları. Onu tək buraxmırlar. Nəvələrinə müharibənin dəhşətlərindən, bir yerdə çalışdığı insanların, Vətən uğrunda mübarizə aparan döyüşçülərin şücaətindən danışır xəstəliyi imkan verdikcə….

- Torpaqlarımızın işğaldan azad olunması üçün hansı yola üstünlük verirsiniz?

Sualı gözləmirdi… Bir anlıq duruxdu… Sonra nəzərlərini ətrafındakıların üz-gözündə gəzdirib ağır-ağır cavab verdi:

- Müharibə istəmirəm, sülh olsun. Nəyə lazımdır axı müharibə. Övladlarımız qırılsın?.. Amma… Amma torpağımız alınmayacaqsa, müharibəsiz keçinmək olmaz… Bir belə oğlumuz-qızımız canını qurban verib bu torpaq üçün. Heç olmaya, onların ruhunu şad eləmək üçün, necə olur-olsun, toprpaqlarımızı işğaldan azad görmək istəyirəm...

Teymur Zahidoğlu
Azadə Bayramova
Xüsusi olaraq Ordu.az üçün


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az