"Tikinti materiallarının qiyməti düşəcək"
İqtisadçı alim Vüqar Bayramov bildirib ki, Rusiya rublu yenidən
dollara nisbətən ciddi dəyər itirməkdədir. Bu barədə Vüqar Bayramov özünün facebook profilində yazıb:
"Bu ilin əvvələrində "özünə gəlməyə” çalışan Şimal qonşumuzun milli
valyutası cəmi 6 ay duruş gətirə bildi. İranın Qərblə münasibətlərini
istiləşməsi sadəcə dünya bazar silkələmədi, həmçinin Moskvada havanın
dərəcəsini qaldırdı. Yay mövsumundən əvvəl 1 dollar almaq üçün 48 rubl
təklif edildiyi halda indi ruslar 63 rubllarından keçməlidirlər. Son bir
ayda 14 faiz dəyər itirən rubl dollar qarşısında son həftə 7 faiz
geriləyib. Bütövlükdə, son bir ildə rubl məzənnəsi 55 faizdən çox
ucuzlaşıb.
Rusiya ölkəmizin qeyri-neft ixracatında əsas ticarət və iqtisadi
tərəfdaşımız olduğunu nəzərə alsaq rublun dəyərsizləşməsi bu ölkəyə
ixrac potensialımıza təsir göstərməkdədir. Rublun məzənnəsindəki
azalmalar artıq 2014-cü ildə Rusiya Azərbaycan ticarət dövriyyəsində
özünü göstərdi. Belə ki, ötən ilin yekunlarında iki ölkə arasındakı
ticarət dövriyyəsi rəsmi statistikada əvvəlki ildəki 2 milyard 583
milyon dollardan 1 milyard 954 milyon dollaradək azaldı. Bu özünu
Rusiyaya ixracatımızda da göstərdi. Şimal qonşumuza 2013- cü ildə 1
milyard 77 milyon dollarlıq mal göndərdiyimiz halda bu göstərici ötən il
640 milyon dollar olub”.
İqtisadçı alim qeyd edib ki, digər tərəfdən Rusiyada rublun
dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən kursunu da
azalmasına gətirib çıxarır: "Yəni manat da rubla nisbətən
möhkəmlənir. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş
adamlarının ixrac qabiliyyətini məhdudlaşdırır. Faktiki olaraq
Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır. Bununla
yanaşı, Azərbaycan fermerlərinin istehsal etdiyi tərəvəz məhsullarının
Rusiya bazarında müqayisəli üstünlüyə malik olmasını nəzərə alsaq rublun
qara günləri hələlik Azərbaycan iqtisadiyyatına hiss edilən təsir
göstərməyəcək. Bununla yanaşı, rublun dəyərsizləşməsi Azərbaycanın
Rusiyaya ixracatına orta müddətli dövrdə təsir göstərə bilər”.
V. Bayramov məzənnənin aşağı düşməsinin Azərbaycana göndərilən
Rusiya mallarının qiymətlərinə təsir göstərdiyini xüsusi vurğulayıb: "Növbəti aylarda biz bunu daha aydın şəkildə görəcəyik. Xüsusən də
Rusiya istehsalı olan bəzi tikinti materiallarının qiymətində
endirimlərin olacağı istisna edilmir. Rublun məzənnəsi aşağı düşdükdən
sonra isə bu ölkədə yaşayan həmyerlilərimizin də biznesində durğunluq
müşahidə ediləcək. Bu baxımdan onların Azərbaycanda göndərdikləri
vəsaitlərin məbləğində azalma müşahidə ediləcək. Bütövlükdə 2015-cü ildə
azərbaycanlıların Rusiyadan göndərdikləri vəsaitin məbləğinin 30 faiz
azalacağı proqnozlaşdırılır”.
musavat.com