Var millətimin imzası imzalar içində

Var millətimin  imzası imzalar içində
 
                                                          ...Bayraq mənliyimdir, bayraq kimliyim,
                                                             Bayraq-öz yurduma öz hakimliyim.
                                                                              Bəxtiyar Vahabzadə
 
Bayraq-azadlığın nişanəsi, and yerimiz! Bayraq-Torpaq, Su, Hava, Ocaq kimi müqəddəs! Bayraq-var olmağımız, imzalar içində İMZAMIZ!
 
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan:"​Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. "Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı.
1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi: "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:

Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin."​​

VACİB QEYD: Azərbaycan Respublikasının bayrağı-Azərbaycan Respublikasının rəsmi simvollarından biridir və Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.​ 
 
7 dekabr 1918-ci ildə Şərqdə və Türk-islam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində dalğalanmışdır. Bu, dövlətimizin müstəqilliyi və varlığını ifadə edən bir simvol idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı bu üç rəng "türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur".
 
Üzeyir Hacıbəyov milli bayrağın rənglərin ifadə etdiyi məna və funksiyadan danışaraq yazırdı:"Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zehniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağımızın üç rəngi bu ümdənin timsalıdır."​
 
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. İllərlə Azərbaycan xalqına qarşı işğalçılıq siyasəti yeridilmiş, yeraltı-yerüstü sərvətləri çapılıb-talanmış, əhalisi isə işgəncələrə düçar edilmişdir. Xalqın mübarizə əzmi qırılmadı və müstəqilliyə doğru  böyük ümidlə addımladı. Belə tarixi şərait XX əsrin əvvələrində SSRİ-nin süqutu nəticəsində yarandı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdi və müstəqillik bayrağımızı yenidən qaldırdı.
 
1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasnın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi.​​​​​​​ Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

​Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Azərbaycanın dövlətçilik tarixinin bütün dövrlərində özünəməxsus yer tutan bayraq məhfumu xalqa və dövlətə ehtiram rəmzi kimi çıxış etmişdir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.​​​​ Azərbaycan Respublikasının Dövlət bayrağı Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. ABŞ veksilloloqu Uitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.

QEYD: Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, "Azərbaycan Respublikasnın  Dövlət bayrağı  haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının  Dövlət bayrağı  haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və  Əsasnamə ilə təsdiq edilmişdir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət göstərilməkdədir. Məlum olduğu kimi, 2004-cü ildə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu, həmçinin "Dövlət bayrağı haqqında Əsasnamə" qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis esilməsi haqqında" Sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu tarixdən etibarən Bayraq günü Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan azərbaycanlılar arasında daha da təmtəraqla qeyd olunur.

ZƏRURİ QEYD: Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzaladı, həmin il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində-Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyuldu. 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı oldu. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
 
Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq. (Mehmet Akif Ərsoy)

P.S.Vətənin müstəqilliyinin keşiyində bir bayraq kimi dayanmalı... əbədiyyət üçün! İnanırıq ki, tezliklə bayrağımız-imzamız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaq, BÖYÜK BAYRAQ gününü qeyd edəcəyik!
 
Hazırladı:
Gülanə SƏDA,
Tarixçi


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az