"Deyəsən ötən ilin avqustunda olan və cəbhə xətti ilə bağlı vəziyyət təkrarlanır axı. Ötən gecədən başlayaraq kimlərsə sosial şəbəkələrdə, bəzi sayt və qəzetlərdə yazır ki, Gədəbəy istiqamətində "aktiv müharibə”yə başlayıb və "uğurlar”ımız da var artıq. Haranısa yenə "almışıq””.

Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov yayılan dezinformasiyalara yönəlik kinayə ilə bildirib.
O, bu haqda mətbuatda məlumat yayanlara sərt iradlarını bildirib:
"Şəxsən mənə çox maraqlıdır ki, iyulun 26-da "Gülüstan” sarayında Milli
Mətbuat günü ilə əlaqədar sinələrinə "Əməkdar jurnalist”, "Tərəqqi”
medalı taxılan "mediakapitanları”, nə bilim daha kimlər nə tez
unutdular ki, belə tipli vacib məlumatları axı onlar Müdafiə Nazirliyinə
istinadən verməyə razılaşmışdılar? Ötən il Prezident Adminstrasiyasının
rəhbəri cənab Ramiz Mehtiyevin yanında dil-dil ötən, əslində
dezinformasiyaları yayan sayt rəhbərlərinin "barıtı” elə bura qədərmiş?
Hələ
aktiv döyüş əməliyyatları başlamayıb, bu qədər naşılıq və xaotiklik
yenə baş alıb gedir. Ay "tanklar cəbhədə ora aparıldı, toplar belə
getdi” tipli məlumatlar yenə aləmi başına götürüb. Harda qaldı Müdafiə
Nazirliyinin Mətbuat Xidmətinin operativliyi? Yenə ötən ildəki naşılıq
və kobud səvlər təkrarlanacaq?
Suallar çox, cavablar isə təəssüflər
olsun ki, hələ ki, yoxdur. Bu vəziyyətdə mənə ən çox təsir edən isə
məxfiliyi qorumağa borclu olan müvafiq qurumların, xüsusən də
mətbuatımızın yenə özünü çaşqın vəziyyətdə aparmasıdır.
Ölkə başçısı MN-nə, Mətbuat Şurasına, MTRŞ-ə və digər qurumlara müvafiq tapşırıqlar vermişdi. Bəs nə oldu? Gecə saatlarında baxıram Ermənistan saytları bizim "əməkdar jurnalistlərin” "məhsullarını” - dezinformasiyaları geninə-boluna "Azərbaycan mətbuatının yazdığına görə” kimi istinadla yayırdılar. Yəqin ki, səsi yaxın saatlarda çıxacaq.
İncimək lazım deyil, cənab media kapitanları. Siz müharibə şəraitində işləməyi nə özünüz bacarırsınız, nə də bu işi öyrənməyə heç cür həvəsli görünməyən bəzi əməkdaşlarınız. Sizin ötən il MN-nin rəsmiləri ilə - nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyevlə keçirtdiyiniz görüşlər də heç bir real nəticəsi olmadı”.
Ü.Cəfərov
Azərbaycan mətbuatının yaydığı dezinformasiyanın maneə ola biləcəyini
iddia edib: "Necə deyərlər, utanmaqdan keçib. Mən bir peşəkar
hərbi-siyası jurnalist olaraq demək istəyirəm ki, belə getsə, bizim
mətbuat özümüz-özümüzə böyük maneə olacaq. Biz səhvlərimizdən nəticə
çıxartmaq deyil, səhvlərimizi daha da əcaib formada təkrarlamaqda davam
edirik. Zərbəsi isə hamımıza bir yerdə dəyir.
Ən sonda. Torpaqları
işğal altında qalan dövlətin düşmənlə üzbəüz dayanan əsgəri, zabiti
namərd gülləsinə hər an tuş gələ bilər. Necə ki, gəlir. Ona görə də, bir
az diqqətli və hazırlıqlı olmağımız gərəkdir.
Tanrı Azərbaycanımızı, onun yeganə güvən yeri olan Silahlı Qüvvələrimizi qorusun!!!”.