ADP İdarə Heyətinin bəyanatı
Bu gün ADP İdarə Heyətinin növbəti
toplantısı keçirilib.
Vətəninfo.az xəbər verir ki, toplantı İştirakçıları jurnalist R.Əliyevin ölümü ilə
bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: "ADP İdarə Heyəti Rasim Əliyevin
futbolçu C.Hüseynovun qohumları tərəfindən vəhşicəsinə döyülərək öldürülməsi
faktından sarsıldığını bildirir və insanlıqla bir araya sığımayan bu cinayət
hadisəsini qətiyyətlə pisləyir. Bu hadisənin sıradan bir cinayət hadisəsi
olmadığına diqqət çəkən partiya yetkililəri törədilən bu vəhşiliyin arxasında
ölkədə hökm sürən hüquqi özbaşınalığın, cəzasızlıq mühitinin, yerli və beynəlxalq
qınaqlara rəğmən insan hüquq və azadlıqlarının gözardı edilməsinin, demokratik
təsisatların fəaliyyyətinin əngəllənməsinin, şəxsi iradənin qanunun aliliyi
prinsipini üstələməsinin durduğunu diqqətə çatdırıb və ölkənin daxili
sabitliyinin pozulmasına xidmət edən bu cür faktlara Respublika Prezidenti səviyyəsində
münasibət bildirilməsinin vacibliyini qeyd edib. İdarə Heyəti bu cür hadisələrin gələcəkdə baş verməməsi
üçün hakimiyyətin öz daxili siyasətində korrektələr etməsinin, siyasi
plüralizmin, söz, mətbuat və digər fundamental azadlıqlarının təmin edilməsinin
vacibliyi haqda dəfələrlə xəbərdarlıq
etməsinə baxmayaraq bu yöndə ciddi dəyişiklər aparılmamasını, demokratiya,
insan haqları, qanunun aliliyi prinsipinin qorunması istiqamətində ciddi
addımlar atmamasını daxili siyasətdəki yanlışlıq kimi dəyərləndirib və hakimiyyəti bir daha ölkədə
demokratik islahatlar keçirməyə, vətəndaşların təhlükəsizliyini, təbii və
konstitusion haqlarını qorumağa çağırıb. Hər bir ölkədə idmanın inkişaf etdirlməsinin,
cəmiyyətin fiziki sağlamlığının təmin edilməsində kütləvi idmanın rolunun
artırılmasının vacibliyini önə çəkən İdarə Heyəti hakimiyyətin bu sahəni elm və
təhsilin, səhiyyənin, mədəniyyətin, siyasi institutlaşmanın fövqünə qaldırmasını,
idman nailiyyətləri olanların az qala toxunulmaz şəxs elan edilməsi siyasətinin
kökündən səhv olduğunu, bu siyasətin dəyişdirilməyəcəyi təqdirdə bu cür kədərli
hadisələrlə gələcəkdə də rastlaşma ehtimalının yüksək olaraq qaldığını bir daha
qeyd edib. İdarə Heyəti hüquq-mühafizə orqanlarını bu cinayəti obyektiv və qərəzsiz
araşdırmağa, cinayəti sifariş verən və icra edənləri ən sərt qanuni cəzalara məhkum
etməyə çağırıb.”
İdarə Heyəti hüquq müdafiəçisi Leyla Yunus və
həyat yoldaşı Arif Yunusa qarşı aparılan məhkəmə prosesini, prokurorun həddindən artıq
ağır cəza tələb etməsini hakimiyyətin onlara qarşı sərgilədiyi qisasçılıq siyasəti
olmasına diqqət çəkib və qeyd edilib ki, ölkə büdcəsini dağıdan, banklardan
milyonlarla vəsaiti kredit adıyla götürüb məniməsyən şəxslərin əməllərinə göz
yumulduğu halda, hüquq müdafiəçisi və QHT rəhbərinə qarşı aparılan bu cür proses
işin siyasi motivli olmasını bir daha təsdiq edir ki, bu da qanun qarşısında vətəndaşların bərabərliyi
prinsipinə zidd olmaqla ölkədə müstəqil məhkəmə sisteminin iflasa uğrmasından xəbər
verir. ADP İH hakimiyyəti bir daha bütün siyasi məhbusları qeyd şərtsiz
azadlığa buraxmağa çağırıb.
İdarə Heyəti ölkədə yeridilən yanlış
iqtisadi siyasətin nəticəsi olaraq bankların çökməsi, banklardan milyardlarla vəsaitin
oğurlanması, manatın devalvasiyaya uğraması fonunda ölkənin iqtisadi tənəzzülə,
sosial fəlakətə sürüklənməsi faktından, daxil olduğumuz geosiyasi məkanda baş
verən hadisələrin iqtisadi vəziyyətimizi daha da gərginləşdirməsi ehtimalından
narahat olduğunu bildirib və hakimiyyəti iqtisadi sobatajçılara, bazar
iqtisadiyyatını monopolist siyasət qarşısında diz çökdürənlərə qarşı ciddi tədbirlər
almağa çağırıb və milli təhlükəsizliyi təhdid etdiyi üçün məlum "beynəlxalq bank
və problemli kredit” işinin MTN-nin araşdırmasını daha düzgün olacağını qeyd
edib.
İdarə
Heyətində parlament seçkiləri ilə əlaqədar müzakirələr davam etdirilib, namizədlərin
dəqiqləşdirilməsi və seçkiyə qatılımın forması ilə əlaqədar müvafiq qərarlar qəbul
edilib. Qərara alınıb ki, seçki blokunun yaradılması ilə bağlı danışıqlar davam
etdirilsin və partiyaların deputatlığa namizədlərinin qarşılıqlı müəyyənləşdirilməsi prosesi yaxın on gün ərzində
yekunlaşdırılsın.