Ərəstun Oruclu: “Lukaşenko Özbəkistana xəbərdarlıq etməklə Putinin tapşırığını yerinə yetirdi”

Ərəstun Oruclu: “Lukaşenko Özbəkistana xəbərdarlıq etməklə Putinin tapşırığını yerinə yetirdi”

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayevin təşəbbüsü ilə yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyası keçirilib. Onlayn formatda keçirilən sessiyada Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan liderləri iştirak ediblər. Qırğızıstan Prezidenti Sadir Japarovun qatıla bilmədiyi sessiyada ölkəni Baş nazir əvəz edib. KTMT ölkələrinin rəhbərləri Qazaxıstanda baş verən son hadisələr, ixtişaşların qarşısının alınması, Qazaxıstanda sabitliyin bərqərar edilməsi ilə bağlı görülən və görüləcək işləri müzakirə ediblər.

Sessiyada Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın xaricdən terror hücumuna məruz qaldığını, bunun qarşısını almaq üçün KTMT qoşunlarının Qazaxıstana sülhməramlı missiya həyata keçirilmək üçün yeridildiyini bildirib. Rusiya lideri deyib ki, Qazaxıstanda tam sabitlik bərqərar olduqdan sonra qoşunlar ölkə ərazisindən çıxarılacaq. Belarus Prezidenti Aleksandr Lukaşenko xarici terrorçu-ekstremistlərin növbəti hədəfinin Özbəkistan olduğunu söyləyib. KTMT-nin dönəm üzrə sədrliyində olan Ermənistanın Baş naziri Nikol Paşinyan isə Qazaxıstanda baş verən hadisələrlə 2020-ci ildəki İkinci Qarabağ müharibəsini eyniləşdirməyə səy göstərib və bildirib ki, guya İkinci Qarabağ müharibəsində Ermənistan da "terrorçu-ekstremistlərin hücumuna məruz qalıb”.

Qazaxıstanla bağlı KTMT ölkələri liderlərinin toplantısı, orada verilən bəyanatlarla bağlı AYNA-nın suallarını "Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Alanilit vurğulayıb ki, sözügedən ssesiyada Rusiya Prezidenti Vladimir Putinin bütün açıqlamaları, bəyanatları başdan-ayağa saxtadır:

– Hətta Tokayev həmin toplantıda danışanda Putinin üzünün ifadəsindən görmək olurdu ki, Qazaxıstanda baş verən bütün hadisələrin, xaosun, keçirilən əməliyyatların müəllifi məhz Rusiyadır. Baş verən bütün proseslər detallı şəkildə Kreml tərəfindən hazırlanıb, həyata keçirilib. Qazaxıstanda heç bir antiterror əməliyyatı olmayıb, deyilənlərin hamısı yalandır. Ortada bir nəfər də olsun tutulmuş, yaxud öldürülmüş terrorçu yoxdur. Bu necə antiterror əməliyyatıdır. Terrorçu adı ilə tutulanların kimliklərini görürük – biabırçılıqdır, gülüncdür. Qırğız cazmeni terrorçu adı ilə tutublar. Təsəvvür edirsiniz?! Yaxud da, Tokayev terrorçuların meyitlərinin morqlardan oğurlandığını deyir. Absurd açıqlamalardır. Terrorçularla bağlı əsaslı, dəqiq sübutlar mövcud deyil. Belə olan halda, hansı antiterror əməliyyatından danışıla bilər?

– Tokayev bildirdi ki, KTMT, dolayısı ilə Rusiya qoşunları asayiş bərpa olunandan sonra ölkədən çıxarılacaq. Putin isə bildirdi ki, nə qədər lazımdırsa, ordu o qədər Qazaxıstanda qalacaq. Sizcə, zidiyyətli ifadələr deyilmi?

– Əlbəttə, zidiyyətli bəyanatlardır. Mən düşünmürəm ki, Rusiya qoşunları Qazaxıstandan çıxacaq. Bu, uzunmüddətli işğal prosesinin başlanğıcıdır. Rusiya qoşunları yalnız o vaxt Qazaxıstanı tərk edəcək ki, qazax xalqı ayağa qalxıb onları qova biləcək. Unutmayaq ki, Rusiya qoşunları təkcə Qazaxıstan ərazisinə daxil olmayıb, paralel olaraq Qazaxıstan Ordusunu faktiki olaraq sıradan çıxarır, ordunun strukturunu dağıdır. Ona görə də, Putinin "KTMT sülhməramlıları Qazaxıstanda sabitlik bərqərar olandan sonra ölkədən çıxacaq” ifadəsi siyasi riyakarlıqdan, Rusiyanın ekspansiya siyasətini gizlətmək cəhdlərindən başqa bir şey deyil. Baxın, Rusiya qoşunları girdiyi hansı ölkədən, hansı ərazidən çıxıb?! Əlbəttə, cavab birmənalıdır – heç bir yerdən.

– Lukaşenko dedikləri ilə növbəti xaos ünvanı olaraq Özbəkistanı göstərmədi ki?

– Özbəkistanla bağlı əvəllər də, Qazaxıstandakı proseslər başlayanda da bildirmişəm ki, bu, qlobal geosiyasi əməliyyatdır. Təbii ki, belə böyük geosiyasi əməliyyat təkcə Qazaxıstanla məhdudlaşmır. Güman ki, Qazaxıstan bu əməliyyatda tranzit ölkə kimi, eyni zamanda, Rusiyanın təsir dairəsinə qaytarılan postsovet ölkəsi kimi nəzərdən keçirilib. Hesab edirəm ki, əsas hədəf Özbəkistandır. Çünki Rusiya Özbəkistan vasitəsilə Əfqanıstana çıxış əldə etməlidir. Təbii ki, Lukaşenko Kremlin dili ilə Özbəkistanı hədələdi. Bu, təsadüfi deyil. Mərkəzi Asiya bölgəsinin açar dövləti məhz Özbəkistandır. Həm coğrafi mövqeyinə, həm əhali sayına görə, həm də iqtisadi potensialına görə Özbəkistan əhəmiyyətli dövlətdir. Eyni zamanda, bu ölkə türk dünyasının mədəniyyət və svilizasiya mərkəzidir. Bütün müharibələrin, geosiyasi əməliyyatların, dəyişimlərin kökündə svilizasiya faktoru dayanır. Lukaşenko Özbəkistana xəbərdarlıq etməklə Putinin tapşırığını yerinə yetirdi. Düşünürəm ki, bəli, Özbəkistan Kremlin növbəti hədəfidir. Amma bunun qarşısını almaq olar.

– Hansı formada?

– Düşünürəm ki, bunun üçün Özbəkistan Türkiyə və Pakistana müraciət etməlidir ki, 10 min civarında ordu qüvvələri oraya yerləşdirilsin. Bu halda Rusiya özünü bir qədər "yaxşı” aparmağa məcbur olacaq. Əks təqdirdə, Qazaxıstanla bağlı atılan addımlar analoji olaraq Özbəkistanla bağlı da atılacaq. Ola bilsin ki, Rusiya Özbəkistanla bağlı fərqli sxemdən istifadə edəcək, amma terrorçu dediyi uydurma faktoru əsas gətirəcək. Özbəkistan Kremlin təxribatlarına hazır olmalıdır. Bilirsiniz, Rusiyaya qarşı yeganə vasitə gücdür ki, bu gücü göstərmək lazımdır. Kremllə gücdən başqa vasitələrlə mübarizə aparmaq çətindir. Rəsmi Daşkənd önləyici tədbirlər həyata keçirməsə, Qazaxıstanda yaşananlar Özbəkistanda təkrarlanacaq və Özbəkistan da işğal olunacaq.

Kreml Lukaşenkonun dili ilə Daşkəndə mesaj verdi ki, Özbəkistan Rusiya qoşunlarını rahat şəkildə ərazisinə buraxsın və qoşunların dislokasiyası, yerləşməsi, mühüm obyektlərə kommunikasiyalara nəzarəti təmin olunsun. Belə deyək ki, Rusiya Özbəkistana bunu Qazaxıstanda olduğu kimi güc yolu ilə etməməsi üçün şəraitin yaradılmasını istəyir. Lukaşenko əslində bunu demək istəyirdi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az