"JEK"lərdə pul erası bitdi
Bu gündən başlayaraq Azərbaycanda yaşayış yeri barədə arayışları da ASAN xidmət verəcək.
Prezident İlham Əliyevin dünən imzaladığı
sərəncamla yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın
verilməsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinə, yəni ASAN xidmətə həvalə edilib.
İndiyə qədərsə bu arayışlar mənzil-istismar sahələri (MİS) tərəfindən
verilirdi. Fərman həmçinin mənzillərdə, fərdi yaşayış evlərində və digər
yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunun elektron
bazasının yaradılmasını nəzərdə tutur. İndiki vəziyyətə görə isə
mənzil-istismar sahələrində qeydiyyat uçotu barədə informasiyanın
toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız
daşıyıcılar üzərində aparılır.
Qeydiyyat sektoru Azərbaycanda ənənəvi olaraq problemli sahə olub.
Müstəqilliyin ilk illərində Bakıda qeydiyyata düşmək üçün 400 dollara
qədər qeyri-rəsmi pul istəyirdilər. O dövrlər üçün bu, çox böyük vəsait
idi - mikrorayonlarda bir otaqlı evin qiyməti təxminən 4 min dollar
ətrafında dəyişirdi. Yəni indiki hesabla təxminən 5 min manat demək idi.
O vaxt adamlar Bakıda işə girmək üçün mütləq paytaxtda qeydiyyata
düşməli idilər. Sonradan əmək bazarı liberallaşdı və işləmək üçün Bakı
qeydiyyatına heç bir ehtiyac qalmadı. Uyğun olaraq, bu qeyri-rəsmi
ödəniş növü də ortadan qalxdı.
Amma MİS-lərdən yaşayış yeri barədə arayışların alınması məsələsi yenə
də problem olaraq qalmaqdadır. Azərbaycanın müxtəlif yerlərində bu
arayışların alınması ilə bağlı müxtəlif məbləğdə qeyri-rəsmi ödənişlər
tələb olunur. Bakıda qeyri-rəsmi ödəniş 20 manatdan 50 manata qədər
dəyişir. Camaatın dediyinə görə, adətən 50 manat istəyirlər, sonradan
danışıqlar yolu ilə qiyməti aşağı salmaq mümkün olur.

Hafiz Babalı - iqtisadçı ekspert
İqtisadçı ekspert Hafiz Babalı ANS PRESS-ə müsahibəsində məsələnin digər
problemli tərəfinin arayışı almaq istəyən adamın üzərinə qoyulan yan
tələblər olduğunu bildirir: "Arayış istəyən adamdan mənzil pulunun və
digər ödənişlərin tam ödənilməsi tələb olunur. Bu olmayanda isə adamı
əsassız get-gələ salaraq "şirnilik” gözləyirlər”.
Hafiz Babalı bu sahədə həmişə özbaşınalıq olduğunu söyləyir: "Bir ara
Sumqayıtda İcra Hakimiyyəti özbaşına davranaraq bu xidməti pullu
eləmişdi. Bu məsələ ilə bağlı şəxsən mübarizə apardım və Nazirlər
Kabinetinə bu qanunsuzluqla bağlı şikayət etdim. Nəticədə, şəhər icra
hakimiyyəti geri addım atmalı oldu. İndi hər şey qayda-qanunla və
sürətli olacaq. MİS-lər camaatın əsəbləri ilə oynaya bilməyəcək”.
İqtisadçı ekspert Azər Mehdiyev isə, ümumiyyətlə, yaşayış yeri barədə
arayışın lazımsız bir şey olduğunu vurğulayır. "Əgər vətəndaşın
şəxsiyyət vəsiqəsi varsa, yaşayış yerindən arayışa nə ehtiyac var?
Adamın qeydiyyatda olduğu yer, foto və s. məlumatlar orada göstərilir.
Kimə lazımdırsa, şəxsiyyət vəsiqəsinin surətini çıxararaq işə tikə
bilər”,- deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.
Əslində, müasir dövrün yaratdığı imkanlar inkişaf etmiş dövlətlərdə
yaşayış yeri arayışlarını çoxdan tarixə dəfn edib . Məsələn, Türkiyədə
hələ 10 il qabaq vətəndaşların elektron qeydiyyat sistemi mövcud idi.
Yəni istənilən qurumda təqdim edilən şəxsiyyət vəsiqəsinin həqiqiliyini
yoxlamaq mümkün idi. Bunun üçün, sadəcə, vətəndaşların qeydiyyatı üzrə
elektron sistemə daxil olmaq lazım gəlirdi. Böyük ehtimalla, MİS-lərdəki
qeydiyyat göstəriciləri elektron sistemə daxil edildikdən sonra bu,
Azərbaycanda da mümkün olacaq.

Azər Mehdiyev - iqtisadçı ekspert
Buna görə Azər Mehdiyev həmin məsələnin başa çatmasından sonra
Azərbaycanda MİS-ləri bir dəfəlik ləğv etməyin mümkün olacağını düşünür:
"Qanunvericilikdə MİS-lər nəzərdə tutulmur. MİS-lər sovet dövründə
qəbul edilmiş Mənzil Məcəlləsinin əsasında yaradılıb və sovet dövründə
ictimai mülkiyyət sayılan mənzillərin idarə edilməsi ilə məşğul idi.
İndi mənzillər özəlləşdirilib və MİS-lərin həyata keçirdiyi funksiyaları
mənzil mülkiyyətçiləri birlikləri, yəni
kondominimumlar görməlidirlər. Binaların həyətləri, məhəllə daxili yollar və s.
kondominimumlara tabe edilməlidir. Onda MİS-lərin vəziyyətdən
sui-istifadə edərək, bina həyətlərinə özbaşına restoran və ya digər
xidmət obyektləri soxmasının da qarşısı alınar”.
ANS